Baş nazir sülh sazişini və ATƏT-in Minsk Qrupunun buraxılmasına dair sənədi eyni gündə imzalamağa hazır olduğunu bildirib
Baş nazir Nikol Paşinyan rəsmi Bakının Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması barədə bəyanatına münasibət bildirib.
Baş nazir deyib ki, Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik etmək tələbi başa düşüləndir.
“Hesab edirəm ki, bu məsələdə düzgün mövqe tutmaq üçün ilk növbədə Azərbaycanın bu məsələni bir sıra ekspertlərin düşündüyü kimi, sülh sazişini imzalamamaq üçün bəhanə kimi deyil, səmimi narahatlıq olaraq qaldırması ehtimalından çıxış etməyə çalışmaq lazımdır. Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Bununla belə, bildirməliyik ki, ölkə Konstitusiyasının mətninin rəsmi şərhini yalnız Ermənistan Konstitusiya Məhkəməsi verə bilər”.
“Azərbaycanın Konstitusiyamızla bağlı mövqeyinin bəhanə deyil, həqiqi narahatlıq olduğunu qəbul etsək, bu narahatlığı aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamaqdır. Çünki bizim qanunvericiliyimizə görə, hökumət sülh sazişinin mətnini Konstitusiyamıza uyğunluğunu yoxlamaq üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndərməyə borcludur. Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin ölkə Konstitusiyasına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman Ermənistanda müəyyən vəziyyət, sülh və münaqişə arasında seçim etmək zərurəti yaranacaq”, – Paşinyan deyib.
Ermənistanın Baş naziri sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasına dair sənədləri eyni gündə imzalamağa hazır olduqlarını da bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşür.
“Doğrudan da, əgər biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa onun həlli ilə bağlı format nəyə lazımdır? Lakin ATƏT-in Minsk qrupunun, ən azı, de-fakto daha geniş konteksti var və biz əmin olmaq istəyirik ki, Azərbaycan Minsk qrupunun buraxılmasını Azərbaycan ərazisində Azərbaycan-Ermənistan münaqişəsinin bitməsi və onun Ermənistanın suveren ərazisinə keçməsinə yönəlmiş addım kimi görmür”, – Paşinyan deyib.
Rəsmi Bakı sülh sazişini imzalamaq üçün ilkin şərtlərindən biri kimi ATƏT-in Minsk qrupunun buraxılmasını irəli sürüb.
Paşinyan daha əvvəl də bu vasitəçi strukturun ləğvinə hazır olduğunu deyib.
2025-ci il martın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Bakı və Yerevan uzun illərdir işdə olan sülh sazişinin mətnini razılaşdıra biliblər.
Ermənistan hakimiyyəti də bildirib ki, müqavilənin imzalanma vaxtı və yeri ilə bağlı Bakı ilə məsləhətləşmələrə başlamağa hazırdır.
Azərbaycan tərəfi Ermənistandan ölkə Konstitusiyasına dəyişiklik də daxil olmaqla müəyyən şərtləri yerinə yetirməyə başlamağı tələb edir.
Prezident İlham Əliyev 2025-ci il aprelin 2-də bildirib ki, Bakı sülh müqaviləsinin imzalanması ilə bağlı Yerevana heç bir əlavə tələb irəli sürməyib. Eyni zamanda, Azərbaycan hakimiyyəti hələ də sənəd razılaşdırılmamışdan əvvəl elan edilmiş şərtlərin yerinə yetirilməsini gözləyir.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər. Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını deyib.