Paşinyan Qarabağ danışıqlarının nəticəsiz qalmasında Əliyevi günahlandırıb

“Azərbaycan Prezidenti eyni cümləni dilə gətirməkdən imtina edir”

Mənbə: Reuters

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onilliklərdir davam edən danışıqlarda "konkret nəticələr" əldə etmədiklər üçün Azərbaycan Prezidenti İlham Əliyevi günahlandırıb.

"Ermənistan Respublikasına Baş nazir seçildiyim zaman mən podiumdan elan etdim ki, Qarabağ məsələsinin hər hansı mümkün həlli Ermənistan xalqı, Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır", – Azadlıq Radiosunun Erməni xidmətinə xüsusi müsahibəsində Paşinyan deyib.

"Bu, birmənalı şəkildə, görünməmiş açıqlama idi. Çünki heç bir erməni lideri mübahisənin həllinin Azərbaycan xalqı üçün də məqbul olmalı olduğunu deməyib,"- Paşinyan deyib və qeyd edib ki, onun sözləri "danışıqlar prosesinin irəliləməsi üçün ciddi əsasdır".

"Və nə üçün irəliləyiş yoxdur? Səbəb aydındır, çünki Azərbaycan Prezidenti eyni cümləni dilə gətirməkdən imtina edir," – Paşinyan deyib.

"Bu cümlə dilləndirilmədiyi zaman danışıqlar nəticəsiz qalacaq," – Paşinyan bildirib.

"Bəziləri hesab edir ki, Qarabağ məsələsinin həlli Azərbaycan xalqı üçün qəbul edilə bilər, ancaq Qarabağ xalqı və Ermənistan xalqı üçün məqbul olmamalıdır,"- Paşinyan vurğulayıb: "Kimsə bunu düşünürsə, demək o, Qarabağ xalqını və ya Ermənistan xalqını tanımır".

Əsasən etnik ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ 1988-94-cü illərdə başladılmış müharibədən sonra hazırda Ermənistanın de-fakto nəzarətindədir. Ermənistan tərəfi yalnız Dağlıq Qarabağ Vilayəti deyil, 7 ətraf rayonun da işğal edib. Müharibə zamanı təxminən 30.000-ə yaxın insan həyatını itirib və yüz minlərlə insanı evindən didərgin düşüb.

1994-cü ildən etibarən Dağlıq Qarabağ müstəqilliyə iddia etsə də, heç bir beynəlxalq dövlət tərəfindən tanınmayıb.

Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu ilə bağlı beynəlxalq danışıqlar aparılır və regionda atəşkəsin təmin edilməsinə çalışılır. Lakin atəşkəs hər zaman qorunmur.

Ancaq indiyədək davam edən danışıqlar münaqişənin həllinə gətirib çıxarmayıb.

Bakı Paşinyanın Qarabağın gələcək statusu ilə bağlı əvvəlki bəyanatlarını tənqid edib.

Ötən ilin sentyabrında Azərbaycan Xarici İşlər Nazirliyi deyib ki, Moskvada etnik erməni iş adamları ilə görüşdə Paşinyanın sözləri regionda onilliklərdir davam edən Dağlıq Qarabağ danışıqlarına ciddi zərbə vurub.

Paşinyan görüş zamanı deyib ki, o, Dağlıq Qarabağı gələcəkdə "Ermənistanın bir hissəsi" kimi görür.

"Bu vəziyyətə gedən yol iki-üç addımdan ibarətdir, lakin bizim gələcəyə baxışımız müəyyəndir və bu barədə heç bir şübhə ola bilməz," – Paşinyan deyib.

"Ermənistanın və onun rəhbərliyinin vəziyyətin gərginləşməsi üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü təkrar etmək istərdik", Azərbaycanın Xarici İşlər Nazirliyinin öncəki mətbuat katibi Hikmət Hacıyev bildirmişdi.

Ana səhifəDünyaPaşinyan Qarabağ danışıqlarının nəticəsiz qalmasında Əliyevi günahlandırıb