Paşinyan hökumətinin barıt çəlləyi

Amma əgər Qarabağ xarici opponentlə qarşıdurmadırsa və bütün ölkə əhalisi hakimiyyətlə həmrəydirsə, Amulsar əksinə, getdikcə Nikol Paşinyan hökumətinin “qanayan yarasına” çevrilir.

Source: авфыавфы



Niyə Ermənistan hökuməti “Amulsar məsələsini” həll edə bilmir?

Məqalə

JAMnews

saytında dərc olunub.

Amulsar qızıl mədəninin istismarı məsələsi Qarabağ münaqişəsi ilə müqayisə oluna bilər. Hər iki halda pozulduğu zaman daha betər olan ümidsiz “status-kvo” formalaşıb. Ermənistan hakimiyyəti də vəziyyəti çox da “silkələməməyə” çalışırlar, yəqin ki, bununla hər şeyin öz-özünə həll olacağına ümid edirlər.

Amma əgər Qarabağ xarici opponentlə qarşıdurmadırsa və bütün ölkə əhalisi hakimiyyətlə həmrəydirsə, Amulsar əksinə, getdikcə Nikol Paşinyan hökumətinin “qanayan yarasına” çevrilir.

Fəallar və ekoloqlar Baş naziri məsələni həll etmək istəyinin olmamasında günahlandırırlar. Qızıl hasilatına haqq qazanan “Lydian Armenia” şirkəti hələlik açıq şəkildə hakimiyyəti günahlandırmır. Amma burada da narazılığın getdikcə artdığı aşkardır.


Qarşıdurmanın növbəti təzahürü

“Yuxarılar” susduqları müddətdə “Lydian Armenia” öz problemlərini müstəqil şəkildə həll etməyə çalışdı və həmin bu “status-kvo”nu pozdu.

Dağın perimetrinin böyük hissəsində vaqon-evlər düzülüb və artıq aylardır ki, fəallar burada yaşayırlar. Onlar dağa keçidi elə bağlayıblar ki, ağır texnika mədənə yaxınlaşa bilməsin.

Şirkətin mühafizə xidmətinin əməkdaşları bu evləri sıxışdıraraq özlərinkini qurublar. Bütün bunlar tərəflər arasında qarşıdurmaya və polis müdaxiləsinə gətirib çıxarıb. Onlarla vətəndaş saxlanılıb. “Lydian Armenia” şirkətinin evləri ərazidən götürüldükdən sonra vəziyyət sakitləşib.


Növbəti eskalasiya təzahürü də tərəflərin heç birinə heç nə verməyib, amma çox mühüm məqamı vurğulayıb – amulsar uğrunda mübarizə davam edir.


Fəalların mövqeyi

Amulsar ətrafında münaqişədə bir neçə tərəf var. Mədənin istismarının əleyhinə olanların düşərgəsində ekoloqlar və dağa yaxın yerləşən yaşayış məntəqələri sakinlərinin bir hissəsi kompromissiz mübarizə aparırlar. İlk növbədə bunlar Cermuk kurort şəhərinin sakinləridir. Bu ərazi mineral suları, müalicəvi geyzerləri və şəlalələri ilə məşhurdur.

Cermuk Ermənistanın ən populyar kurortların biri olaraq qalır. Fəallar bildirirlər ki, şəhərin bir neçə kilometrliyində qızıl hasilatı onun turistik potensialına və ətraf mühitə dönüşü olmayan ziyan vuracaq.

Cermuk sakini Şirak Bunyatyan artıq bir neçə ildir ki, mədənin istismarına qarşı etiraz aksiyalarında iştirak edir. Onun dediyi kimi evlərlə bağlı son “təxribatdan” sonra o və həmfikirləri müxtəlif etiraz aksiyaları, o cümlədən də Cermukdan Ətraf Mühit Nazirliyinə qədər avto-yürüş təşkil ediblər. Şirak bildirir ki, hakimiyyətin onları dinləməyəcəyi təqdirdə onlar mübarizənin başqa metodlarına keçəcəklər:



Biz Amulsarın məhvinə imkan verməyəcəyik. Bizi dinləməyə çağırırıq. Ya da avto-yürüş dinc itaətsizlik aksiyalarının başlanğıcı olacaq.


Məhz hakimiyyətə bu məsələnin həlli üçün siyasi iradə arzu edirəm. Biz qarşıdurmaya hazırıq. Amma artıq mədənin istismarı ilə bağlı boş söhbətlərə ciddi yanaşmırıq, çünki bunun perspektivi yoxdur”.


Mədənin istismarı təhlükəlidirmi?

2018-ci ildə Ermənistanın İstintaq Komitəsi ətraf mühidə ziyan vurulması şübhəsi ilə cinayət işi qaldırıb. Beynəlxalq ekspertiza bütün sualları cavablamalı idi.

Seçim Livanın “ELARD” (Earth link & Advanced Resources Development) şirkətinin üzərinə düşüb və bu şirkət təxminən bir il qızıl mədəninin istismarının ətraf mühitə təsirini öyrənib.

Nəticədə ekspert qrupunun rəyi dərc olunub və bu rəyə əsasən, Amulsar yatağının istismarı ətraf mühit üçün “idarə olunmayan risk” təşkil etmir.

Amma etirazlar dayanmayıb, Ermənistan hökumətinin tədqiqatçılarla müzakirələri də davam edib.

“ELARD” şirkətinin nümayəndələri gözlənilmədən yeni tədqiqatın aparılmasının vacibliyi haqda bildirdilər.



Lydian şirkətinin təklif etdiyi tədbirlərin mahiyyət etibarilə çatışmazlıqları var. Ətraf mühitə təsirin dəyərləndirməsinə yenidən baxmaq lazımdır”

, – layihə koordinatoru Rikardo Xuri deyib.


Aydın olub ki, konsaltinq şirkəti iş prosesində daha əvvəl yerli strukturların apardıqları tədqiqatlara istinad edib, özlərinə məxsus yeni tədqiqatlar aparmayıb. Rikardo Xurinin sözlərinə görə, şirkət strukturlardan birinin əldə etdiyi tədqiqat nəticələrində isə çox sayda qüsurların olduğunu diqqətə çatdırıb.

“ELARD” şirkətinin rəyi faktiki olaraq mədənin istismarının təhlükəli olub-olmadığı məsələsinə aydınlıq gətirməyib, baxmayaraq ki, bu tədqiqat ölkəyə 400 min dollara başa gəlib. Şirkət əlavə qonorar əsasında sənədi təkmilləşdirməyə hazır olduğunu bildirib, amma hökumət yeni tədqiqata vəsait ödəməyib.

“Yaşıllar” isə hesab edirlər ki, Amulsar yatağının istismarının ekoloji təklükələri ilə bağlı yeni ekspertizanın aparılması vacibdir.

““ELARD” şirkətinin rəyində açıq bildirilir ki, “Lidian Armenia” şirkətinin təqdim etdiyi mümkün risklər haqda informasiya əsasında Amulsar layihəsinin ətraf mühitə təsiri haqda dəyərləndirmə aparmaq mümkün deyil. Müvafiq oalraq, yeni ekspertizaya ehtiyac var , – ekoloq Levon Qalstyan bildirib.

Amulsar mədəni Arpa və Vorotan çayları vadisində yerləşir. Ekoloqlar qızıl hasilatının bu çayların sularının çirklənməsinə səbəb olacağından narahatdırlar. Bu isə öz növbəsində çayların töküldüyü Ermənistanın ən böyük şirinsulu gölün – Sevanın çirklənməsinə səbəb ola bilər. Cermukun mineral su mınnbələrinə də bərpası mümkün olmayan ziyan dəyə bilər.


Məsələ burasındadır ki, qiymətli metalın filizdən ayrılması üçün sianid maddəsindən istifadə olunur.


Bütün sakinlər istismarın əleyhinədirmi?

Ermənistanda hesab edirlər ki, Cermuk və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinin mütləq əksəriyyəti Amulsarda qızıl hasilatının əleyhinədir. Amma “Lydian Armenia” şirkəti elan edir ki, etiraz aksiyaları pulla təşkil edilir, fəalların və ekoloqların əməlləri isə qanunsuzdur.

Şirkət rəhbərliyi əmin edir ki, yüzlərlə insan mədənin açılmasında maraqlıdır, çünki işə ehtiyacları var.

Anna mədənin istismarı üzrə podratçı şirkətlərdən birində işləyib. Qadın mədənin düz yanında yerləşən Qndevaz kəndində yaşayır:

“Mədən işləməlidir. Mən heç bir problem görmürəm. Bu proqramı dayandırmaq üçün heç bir əsas yox idi. Ekspertiza keçirildi və sübut elədi ki, Amulsarın Cermukun yeraltı suları ilə heç bir əlaqəsi yoxdur”.

Anna bildirir ki, onların kəndində az adam açıq şəkildə öz mövqeyini bildirə bilir, çünki “qorxu atmosferi hökm sürür”:

“Mədənin istismarının lehinə fikir bildirənlər fəallar tərəfindən hücuma məruz qalır. Onlarla küçədə dalaşırlar. Onlar daima hansısa təzyiqə məruz qalırlar. Mədəndə işləyən insanlar yüksək əməkhaqqı alırdı. İndi isə onlar işsiz qalıblar”.


Mədən Ermənistan üçün niyə vacibdir?

“Lydian Armenia” mədəni 2005-ci ildə aşkarlayıb. Yataqda 40 ton təmiz qızıl var.

2012-ci ildə şirkət sərmayəçi axtarıb və mədənin istismarı proqramını hazırlayıb. Elə həmin 2012-ci ildə “Lydian Armenia” və Ermənistan hökuməti yatağın emalı haqda razılaşma imzalayıb və şirkət mədəni istismar haqqı əldə edib.

Amulsar yatağı müstəqil Ermənistan tarixində ən iri investisiya layihəsi hesab olunur. Bəzi dəyərləndirmələrə əsasən, “Lydian” şirkəti artıq 400 milyon dollar sərmayə sərf edib. Üstəlik hələ bilavasitə qızıl hasilatı hələ başlamadan. Layihə işə düşərsə, Ermənistan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

İqtisadiyyat Nazirliyində aparılan hesablamalara görə ilk illərdə hasilat həcmi 250 milyon dollar təşkil edəcək. Bu o deməkdir ki, mədən illik ehtiyatda ÜDM-un 1-1,4 faiz artımını təmin edə bilər.

Amulsara sərmayənin kənardan gəlməsi faktı vəziyyəti çətinləşdirir. “Lydian Armenia” ofşorda qeydiyyatdan keçmiş “Lydian International” şirkətinin törəmə şirkətidir. Və əgər mədən işə düşməsə, bu, Ermənistandan xarici investorlar üçün mənfi siqnal olacaq.

2018-ci ildən bəri birbaşa xarici sərmayələrin həcmi azaldığı bir şəraitdə bu, Ermənistan iqtisadiyyatına acınacaqlı təsir göstərə bilər – Ermənistan parlamentinin “Mənim addımım” iqtidar blokundan olan deputatı Babken Tunyan əmindir:

“Bu, potensial investorlar üçün çox mənfi siqnaldır. Əgər mədənin bağlanması haqda qərar qəbul edilsə, bu, bütün növbəti investisiyalarda da eyni qərarın mümkün olması deməkdir. Ola bilər ki, mən iqtisadi riskləri daha çox görürəm. Amma mənim üçün hazırkı məqamda ekoloji risklərdənsə iqtisadi risklər daha yüksək və daha proqnozlaşdırıla biləndir”.



Lydian Armenia” məsələni beynəlxalq arbitraj vasitəsilə məhkəmə qaydasında həll etmək haqqını özündə saxlayır. Amma indiyə qədər aydın deyil ki, bunun üçün hüquqi əsas varmı.

Hüquq müdafiəçisi Nazeli Vardanyan hesab edir ki, şirkətin belə bir imkanı yoxdur, çünki ofşor zonada qeydiyyatdan keçib:

“Britaniyanın Virginiya adaları ofşor zonasında qeydiyyatdan keçən “Lydian International” şirkəti investisiyaların qorunması haqda Ermənistan-Britaniya sazişinə əməl olunmasını tələb edə bilməz, çünki saziş ofşor zonalara şamil edilmir. Buna görə də Amulsara gedən yolların bağlanmasından sonra “Lydian” Britaniya və Kanadada iki şirkət qeydiyyatdan keçirib və onların vasitəsilə hökuməti niyyəti ilə bağlı məlumatlandırıb. Amma iddia qaldırmaq üçün qanunla nəzərdə tutulan müddət artıq bitib”.

2018-ci il inqilabından sonra baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan hökuməti Amulsar məsələsi ilə ciddi məşğul olmağa başlayıb. Uzun mübahisədə son nəticəyə gəlmək mümkün olacaq deyə güman etmək olardı. Ekspertlət qeyd edirdilər ki, bunun üçün hakimiyyətin misilsiz ictimai dəstəyi var.

Amma iki il keçəndən sonra hökumət əsasən susur. Əgər ilin əvvəlində Paşinyan dağa gedən yolun açılmasının vacibliyi haqda ehtiyatla bildirirdisə, indi o, Amulsar məsələsi ilə bağlı praktiki olaraq bəyanat səsləndirmir. Bu vəziyyətdə tərəflərin hər biri zaman-zaman tərəzinin ağır gözünü öz tərəfinə çəkməyə cəhd göstərir.

Ana səhifəDünyaPaşinyan hökumətinin barıt çəlləyi