Paşinyan: Bölgədə bütün kommunikasiyalar açılmalıdır

“Bu məsələnin həlli üçün Ermənistan, Rusiya və Azərbaycandan ibarət üçtərəfli komissiya kommunikasiyaların açılması məsələsini müzakirə edir”

Source: Иллюстрация Мейдан ТВ


“Bölgədə sülh və əmin-amanlıq Ermənistan tərəfinin uzunmüddətli strategiyasıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədə bütün regional kommunikasiyaların açılmalı olduğunu söyləyib. O, bunu Ermənistan hökumətinin sentyabrın 8-də keçirilmiş iclasında bəyan edib.

Baş nazirin dediyinə görə, Ermənistan üçün Rusiya və İranla dəmir yolunu qurmaq son dərəcə vacibdir. Bu məsələnin həlli üçün üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) kommunikasiyaların açılması məsələsi müzakirə olunur.

“Biz konkret nəticələrin əldə olunması üçün qətiyyətlə əlimizdən gələni etməyə köklənmişik və hazırıq. Üstəlik başa düşürük ki, Bakı həmçinin Naxçıvanla əlaqə qurmağa çalışır”, – o qeyd edib.

“Sərhəd ölkələrlə münasibətlərin dərinləşməsi və ya normallaşması Ermənistan hökumətinin xarici gündəliyində mühüm istiqamətdir. İran və Gürcüstanla müzakirədə regional kommunikasiyaların inkişafı mövzusu əhəmiyyətli rol oynayır. Bu kontekstdə Şimal-Cənub layihəsinə üstünlük verirəm. Belə ki, həmin layihə sərhədimizi İran və Gürcüstan sərhədi ilə əlaqələndirir”, – Paşinyan deyib.

Rusiya və İranla sərhədin açılmasının vacibliyindən danışan Paşinyan deyib:

“Bu məsələnin həlli üçün Ermənistan, Rusiya və Azərbaycandan ibarət üçtərəfli komissiya kommunikasiyaların açılması məsələsini müzakirə edir. Biz konkret nəticələr əldə etmək üçün qətiyyətlə əlimizdən gələni etməyə hazırıq. Üstəlik başa düşürük ki, Azərbaycan öz növbəsində Naxçıvanla əlaqə qurmaq istəyir. Biz ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh prosesini bərpa etməyə köklənmişik. Azərbaycanla demarkasiya və delimitasiya prosesinə əhəmiyyət verirəm. Və biz buna şərait yaratmaq yolunda işləməyə davam edirik”.

Paşinyanın dediyinə görə, bölgədə sülh və əmin-amanlıq Ermənistan tərəfinin uzunmüddətli strategiyasıdır.

“Biz bu məsələnin həllinə görə məsuliyyət daşıdığımızı hesab edirik. Ermənistan müvafiq səylər göstərməyə hazırdır”, – Baş nazir deyib.

Ana səhifəDünyaPaşinyan: Bölgədə bütün kommunikasiyalar açılmalıdır