Parlamentin yeni komitə sədrləri seçildi

Milli Məclisin növbəti iclası martın 17-ə təyin edilib.

Source: Foto: Azertac


Milli Məclisin növbəti iclası gələn həftə olacaq

VI çağırış Milli Məclisin ilk plenar iclasında parlamentin komitələrə sədr seçkisi keçirilib.

Martın 10-da keçirilən iclsda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə Milli Məclis sədrinin yeni birinci müavini, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən təsdiqlənib.

Deputat Ziyafət Əsgərov yenidən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri seçilib.

Hakim partiyanı təmsil edən deputat Əhliman Əmiraslanov yenidən Səhiyyə komitəsinin sədri seçilib.

YAP üzvü Səməd Seyidov yenidən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olub.

Milli Məclis sədrinin yeni müavini, bitərəf deputat Adil Əliyev Gənclər və idman komitəsinin rəhbəri seçilib. Bu vəzifədə əvvəlcə deputat Ülvi Quliyev olub.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri vəzifəsinə Milli Məclis sədrinin yeni müavini, Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimli seçilib. Əvvəlki çağırışda bu komitənin sədri deputat Siyavuş Novruzov idi.

Bitərəf deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc İnsan hüquqları komitəsinin sədri kimi təsdiqlənib. Əvvəlki çağırışda bu vəzifədə eks-deputat və spikerin müavini olan Bahar Muradova idi.

YAP-çı deputat Tahir Rzayev Aqrar siyasət komitəsinin sədri seçilib. Bu komitənin əvvəlki sədri Eldar İbrahimov olub.

YAP üzvü Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilib. Bundan əvvəl komitənin sədri Aqiyə Naxçıvanlı olub.

Siyavuş Novruzov isə ötən çağırışda Arif Rəhimzadənin sədr olduğu Regional məsələlər komitəsinin rəhbəri seçilib.

YAP-çı deputat Tahir Mirkişili İqtisadi siyasət , sənaye və sahibkarlıq komitəsinin sədri seçilib. Ondan əvvəl komitədən Ziyad Səmədzadə sədr olub.

YAP-dan olan deputat Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədri olub. Bu komitəyə uzun illərdir eks-deputat Hadı Rəcəbli rəhbərlik edirdi.

YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilib. Həmin komitəyə eks-deputat Valeh Ələsgərov sədrlik edirdi.

Bitərəf deputat Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin sədri seçilib. Bu komitənin rəhbəri isə deputat İsa Həbibbəyli olub.

Bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub. Komitənin əvvəlki sədri deputat Rafael Hüseynov olub.

Milli Məclisin növbəti iclası martın 17-ə təyin edilib.

Ana səhifəSiyasətParlamentin yeni komitə sədrləri seçildi