ABŞ, Çin və Rusiya

Mənbə: Foto: Meydan TV

Başlıq: ABŞ, Çin və Rusiya

Pandemiyadan sonra: dünya və Azərbaycanı nə gözləyir?

Məqalə yeniləndi:  10 Aprel 2020

“Azərbaycan daxilindəki prosesləri Rusiya daxilindəki proseslərlə paralel qiymətləndirmək lazımdır”

COVİD-19 pandemiyası bitəndən sonra dünya düzəni dəyişəcəkmi sualı bu günün ən aktual məsələlərindəndir. Ekspertlər arasında qloballaşmanın, liberllaşmanın sona çatdığı, milli dövlətlərin güclənəcəyi, sərhədlərin yenidən qapanacağı barədə diskusiyalar gedir. Bu mənada Azərbaycanı nələrin gözlədiyi sualı maraq doğurur.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov yeni dünya düzəni ifadəsinə baxışların fərqli olduğunu bildirib:

“Bır sıra liberal, mərkəzçi sol ekspertlər düşünür ki, pandemiya dərs olmalı və bundan sonra insanlar daha ədalətli düzən yaratmalıdırlar. Yəni qarşılıqlı yardımlaşma olmalı, bir-birimizi başa düşməliyik. Çünki dünyanın ciddi iqtisadi böhrana daxil olduğu bilinir və hətta bu, ötən əsrin 30-cu illərinin böhranından da dərin ola bilər. Ona görə bəziləri hesab edir ki, bəşəriyyət bundan dərs çıxarıb təbiətə münasibətini də dəyişəcək”.

O qeyd edib ki, başqa bir ekspert düşərgəsi pandemiyanın qloballaşmaya son qoyduğunu düşünür.

“Amma mən ikincilərin haqlı olduğunu hesab etmirəm və II Dünya savaşından sonra daha ədalətli düzən yaranacağını düşünürəm. Çünki bu gün həmin savaşdan sonra yaranan qaydalar tam işləmir. Məsələn, BMT Təhlükəsizlik Şurası beynəlxalq problemlər üzrə vahid mövqe nümayiş etdirə bilmir. Ona görə pandemiyanın dünyanın ciddi dəyişəcəyini düşünmürəm. Məsələ ondadır ki, qloballaşmanı liberallar yaratmayıb, qloballaşma bütövlükdə Allah təkdir deyənlərin icadıdır, Tanrının tək olduğunu iddia edən andan qloballaşma başlayır. Sadəcə, liberallar bunu özlərinin dünyagörüşünə uyğunlaşdırıb yeni dəyərlər sistemi təqdim ediblər”.

“ABŞ-nın yeri dəyişməyəcək”

R.Mirqədirov ehtimal edir ki, ayrı-ayrı dövlətlərin yanaşmasında müəyyən dəyişikliklər ola bilər. Məsələn, II Dünya savaşına qədər dünyanın mərkəzi London idisə, müharibə nəticəsində dünyada ABŞ-nın rolu və nüfuzu artdı:

“İndi Amerikanın yeri dəyişəcəkmi sualına cavab vermək lazımdır, məncə, yox. Çünki dünyanın diqqəti bu dövlətə yönəlib. Pandemiya olmasına baxmayaraq bütün dünyanın gözü Nyu-York birjalarındakı hərəkəti və hərəkətsizliyi izləyir, hamı Vaşinqtonun koronavirusla bağlı iqtisadi yardım paketinin miqdarı ilə maraqlanır və bu miqdarın özünə nə qədər təsir edəcəyini hesablayır. Ümumdünya ticarət dövriyyəsinin təxminın 40 faizi Avropa ölkələri və ABŞ arasındadır. Əgər Kanadanı, Avstraliyanı, Cənubi Koreyanı, Yaponiyanı da əlavə etsək, rəqəm daha da artacaq. Çin və Rusiyanın xarici ticarət dövriyyəsinin Qərb bazarları ilə bağlı olduğunu da bunun üstünə gəlsək, bu rəqəmin 70-80 faiz civarında olduğu görünəcək. İndiyə qədər Çini dünya bazarında ABŞ-ın rəqibi kimi görürlər, amma unudulur ki, Pekin bazara özünün istehlak malları ilə çıxır. Amerika onun mallarının ixracını azaldırsa, Çin iqtisadiyyatı indiki böhrandan daha çox ziyan çəkəcək. Məsələ ondadır ki, nə cür böhran olsa, ABŞ-ın Apple və Windovs-dan imtina etmək mümkünsüzdür. Rusiyanın adını çəkmirəm, səbəb bu ölkənin dünya iqtisadiyyatında rolunun çox kiçik olmasıdır”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Mənbə: Foto: sosial şəbəkə

“Bir həftədə təkcə Moskvanı 650 min adam tərk edib”

Siyasi icmalçı düşünür ki, Rusiya və Azərbaycan hökumətlərinin koronavirus infeksiyasına ilk vaxtlar yanaşması eyni idi. Guya, hər iki ölkənin səhiyyəsi və iqtisadiyyatı pandemiyaya, aşağı neft qiymətlərinə öyrəşib, amma ABŞ yox:

“Son iki həftədə isə bu təbliğatın tonu dəyişib. Məlum olub ki, qabaqlayıcı tədbirlərin təsiri yoxdur. Pandemiya hər iki ölkədə geniş yayılıb. Neft qiymətlərinin enməsi iqtisadiyyatlara çox ağır zərbə vurur. Rusiyadakı durumu təkcə elə ötən həftə Moskvanı 650 min adamın tərk etməsi əyani nümayiş etdirir. Onlar gəlmələrdir, işlərini itiribsə, qala bilməzlər axı. Rusiya paytaxtında kirayə haqqı çox bahadırsa, onlar necə qalsınlar? Bu, ötən həftənin statistikasıdır və nəzərə alın ki, Rusiyadan Azərbaycana nə qədər insan gəlib və sərhəddə gözləyənlər də var”.

O qeyd edib ki, belə vəziyyətdə Azərbaycan hökuməti insanlara aydın sosial-iqtisadi plan təqdim etmir.

“Hər iki dövlət özündənrazı bəyanatlarla çıxış etsə də, iqtisadi sabitlik neft gəlirlərinə bağlıdır. Çünki dünya bazarına çıxara biləcək malları yoxdur. İqtisadi böhran qaçılmaz idi, pandemiya isə onu sürətləndirdi. Belə şəraitdə bizim hökumət populizmə getməməliydi. Prezident parlamentin ilk iclasında ilin sonunda iqtisadiyyatda 4 faiz artım olacağını deyəndə, bütün dünya iqtisadiyyatda artım gözləmədiyi xəbərdarlığını edirdi. Əksinə, hökumət açıq söhbət etməliydi ki, bu, olmadı”.

“Heç olmasa Rusiyadan nümunə götürsünlər”

O, pandemiyadan sonra da Azərbaycanın bir müddət Rusiyanın sferasında olacağını hesab edir:

“Məlumdur ki, böhran iki ölkə daxilində iqtisadi durumu pisləşdirdiyindən narazılıq artacaq. Çünki iki ölkənin iqtisadiyyatları gözlənilən təhdidlərə hazır deyil. Sadəcə, Rusiyanın bizdən fərqi ondadır ki, təbii resursları və ehtiyatları çoxdur. Rəsmi olaraq, Azərbaycanda 1,5 milyon işçi var. Yəni onlar maaş alır və vergi ödəyir. Bu gün rəsmi işləyənlərin 50 faizi xidmət sektorunda çalışır ki, ora da ölü vəziyyətindədir. Kənd təsərrüfatı çöküb və rayonlararası əlaqə dayandırılıb. Bunun müqabilində hökumət 250 min adama işsizliklə bağlı yardım göstəriləcəyini deyir. Bu şəraitdə narazılığın artmaması qeyri-mümkündür. Ona görə hakimiyyət sosial problemləri qaldıran insanlara qarşı repressiyalara başlayıb, çünki onlar real problemləri qaldırırlar. 190 manat yardım heç cür real yardım sayıla bilməz. Heç olmasa Rusiyadan nümunə götürsünlər. Düzdür, orda da narazılıq artacaq”.

İcmalçı hesab edir ki, Putin hakimiyyətdən getməyə hazırlaşmır, çünki getsə, elədiyi cinayətlərə görə vəziyyətinin ağır olacağını bilir:

“Hakimiyyətinin qoruyub saxlamasının yeganə yolu xarici siyasətdə aqressivliyi artırmaqdır. Ona görə Azərbaycan yaxın dövrlərdə Rusiyaya əleyhinə çıxa bilməyəcək”.

“Resurs ölkələr prosesdən zəif çıxacaq”

İqtisadçı Rövşən Ağayev hesab edir ki, pandemiyadan sonra ötən əsrin 90-cı illərindən başlanan qloballaşmada səngimə olsa da, bundan tam imtina mümkünsüzdür. O qeyd edib ki, iqtisadiyyat elə qloballaşıb, tədarük zənciri elə qurulub ki, bir məhsulu istehsal etmək üçün 5 ölkədən komponent gəlməlidir.

“Yaxud bu tədarük zəncirində Çin çox əhəmiyyətli yer tutur. Söhbət heç bu dövlətin iqtisadiyyatının böyük olmasından getmir. Elə situasiya yaranıb ki, bir məhsulu hazırlayanda hansısa xammalı mütləq Çindən gəlir. Ona görə qloballaşmadan birmənalı şəkildə imtina etmək çətindir. Beləliklə, əsas trend bunun üzərində qurulub ki, qloballaşma bir qədər yığcamlaşacaq”.

İqtisadçı hesab edir ki, əslində, qloballaşmadan ən çox qazanan da Çin oldu. O vurğulayıb ki, 90-cı illərdə Çin və Hindistanın əhalisinin sayı arasında çox fərq vardı, indi bu fərq azdır.

“Amma Hindistanın ixracı Çindən 5 dəfə azdır. Halbuki, bu ölkə təhsil və iqtisadiyyat baxımından o qədər də zəif deyil. Görünən o oldu ki, oxşar ölkələr olsalar da, Çin qloballaşmadan daha çox qazandı. Bu isə Avropa və ABŞ-ı çox ciddi narahat etdi. Qloballaşma prosesində Çinin iki silahı vardı - birinci valyutasını çox sabit saxladı, ikinci, əhalisi çox olduğundan ucuz işçi qüvvəsi ilə daxili tələbi gücləndirirdi. Nəticədə bu ölkəyə investisiya axınını sürətləndirdi, buna 70-ci illərin sonu və 90-cı illərdəki islahatlar nəticəsində yaranan sərbəst bazar elementləri də təsir göstərdi. Bu baxımdan yeni dünya düzənində daha çox proteksionist siyasətə qapılmaq, qloballaşmanı bir qədər məhdudlaşdırmaqla Çindən asılılığı azaltmağı görürəm”.

Rövşən Ağayev

Rövşən Ağayev

Mənbə: Foto: sosial şəbəkə

Rövşən Ağayev koronavirusdan sonra dolların zəifləyəcəyi barədə fikirləri bölüşmür:

“Əksinə, postkoronavirus mərhələsində dollar daha da güclənəcək. Çünki ABŞ bütün dünyaya dollar paylayır”.

O, alternativ enerjiyə keçidin bir az erkən başlayacağını düşünür:

“Yəni 2040-cı il yox, daha tez olacaq. Ona görə resurs ölkələr üçün yaxın 10 ili o qədər parlaq görmürəm”.

R.Ağayevin sözlərinə görə, postkoronavirus dövründə yüksək texnoloji istehsala əsaslanan ölkələr daha uduşlu olacaq. Resurs ölkələr isə prosesdən zəif çıxacaq.

“Əgər dərin iqtisadi-siyasi islahatlar aparılsa, prosesdən uduşla çıxa bilərik”

İqtisadçı postkoronavirus dövründə neft ölkələri barədə yeni proqnozlara rast gəlmədiyini bildirib:

“Bu istiqamətdə elmi dərgilərdə bir az boşluq var. Amma bir reallıq var, Beynəlxalq Valyuta Fondu pandemiyadan əvvəlki hesabatında göstərmişdi ki, 2030-cu ilə qədər resurs ölkələrini çox ağır günlər gözləyir. Hətta hesabatda daha tez, 2027-ci ildə ola biləcəyi qeyd edilmişdi. Çox maraqlıydı ki, hesabatda virus adı çəkilməsə də, xarici şoklardan bəhs olunurdu. Yəni xarici böhranlar yaranar və nəticədə resurs ölkələri ehtiyatlarını ciddi şəkildə itirə bilərlər. Proqnoz vermək çətin olsa da, mənim gözləntim odur ki, resurs ölkələrinin durumu koronavirus dövründən necə çıxmasından asılı olacaq”.

Onun fikrincə, əgər hansısa ölkə situasiyadan ehtiyatlarını itirmək hesabına çıxsa, həmin ölkəni ciddi iqtisadi fəlakətlər gözləyir.

“Çünki resurs ölkələrini ayaqda saxlayan ehtiyatlarıdır. Bu, təkcə iqtisadi yox, həm də siyasi “yastıq”dır. Ona görə Azərbaycan hökuməti mümkün qədər ehtiyatları qorumağa çalışır. Bu məsələdə önəmli məqam pandemiyanın ömrünü nə qədər uzatmasıdır”.

Rövşən Ağayev qeyd edib ki, aparıcı iqtisadi təşkilatlar pandemiyanın ömrü uzanarsa, 2021-ci ildə də iqtisadi artımı bərpa etmək mümkün olmayacağını deyirlər.

“Ən çox itki ilə çıxanlar postkoronavirus dövründə ən ağır zərbə alanlar olacaqdır. Əgər Azərbaycanda dərin iqtisadi-siyasi islahatlar aparılsa, əks mərkəzləşmə getsə, regionların iqtisadi səlahiyyətləri artırılsa, parlamentdə siyasi təmsilçilik gücləndirilsə, prosesdən uduşla çıxa bilərik. Əks təqdirdə, daha pis olacaq”.

“Kreml daxilində çox ciddi proseslər gedir”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər xatırladıb ki, Azərbaycan geopolitik və geostrateji baxımdan postsovet məkanının tərkib hissəsisidir. Yəni Azərbaycanda siyasi hakimiyyətin təhlükəsizliyinə Kreml cavabdehdir:

“Əgər Azərbaycandakı hadisələri proqnozlaşdırmaq istəyirsinizsə, ilk növbədə Rusiya və Kreml ətrafında gedən siyasi-iqtisadi olayları izləməlisiniz. Artıq Rusiyada Putinin yaxın müddətdə hakimiyyətdən gedə biləcəyi barədə açıq şəkildə danışırlar. Elə “Exo Moskvı” radiostansiyasını izləmək kifayətdir. Nəzərə alın ki, həmin media orqanı “Qazprom”a bağlıdır və bu qurumun rəhbəri də prezident Putinin ən yaxın adamıdır. Eyni zamanda, xaricdə yaşayan sabiq DTK əməkdaşları Şvets, Putinin keçmiş məsləhətçisi İllarionov, Piantkovskiy, professor Soloveyin açıqlamaları göstərir ki, Kreml daxilində çox ciddi proseslər gedir. İllərdir deyirəm ki, Rusiyaya qarşı SSRİ-yə qarşı tətbiq olunan sxem həyata keçiriləcək. Bir tərəfdən Moskvanı müharibələrə çəkib silahlanma yarışı tətbiq olunacaq, nəticədə xərcləri artırılacaq. Başqa tərəfdən də dünya bazarında neftin qiyməti kəskin enəcək. Necə ki, SSRİ-ni Əfqanıstana salıb, silahlanma yarışına qoşdular, ardınca da neftin qiyməti kəskin düşdü. İndi də həmin proseslər təkrarlanır, sadəcə, bu dəfə sxemi bir az təkmil şəkildə Rusiyaya tətbiq edirlər”.

Sülhəddin Əkbər

Sülhəddin Əkbər

Mənbə: Meydan TV

Amma Sülhəddin Əkbər bu proseslərin hansı nəticələr verəcəyini indidən söyləməyin tez olduğunu bildirib:

“Çünki həyat siyasi planlara korrektələr edir. Azərbaycan rəhbərliyi də prosesləri yaxından izləyir və kifayət qədər də informasiyaları var. Ona görə Azərbaycan daxilindəki prosesləri Rusiya daxilindəki proseslərlə paralel qiymətləndirmək lazımdır. Dünya çox kiçilib. Baş verənlər, xüsusən də Azərbaycanın təsir sferasında olan qonşu Rusiyadakı proseslər, yaxud neft bazarındakı çalxalanmaları rəsmi Bakı nəzərə almaya bilməz. Mən ötən ildən başlanan kadr dəyişikliklərini, 6 aprel əfv fərmanını, Əliyevin Novruz Bayramı təbrikindən sonra müxalifətə qarşı repressiyalarını, ötən ildən sosial sahədəki addımlarını rejimin müdafiə reaksiyası kimi dəyərləndirirəm”.

“Azərbaycanı gələcəkdə doğru olmayan daxili və xarici siyasətə görə böyük fəlakətlər gözləyir”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, avtoritar rejimlər bir-birinə bənzəyir. Rusiyanın miqyası, məmurlarının imkanları geniş olduğu üçün onlar da böyük təhlükə altında olduqlarını bilirlər:

“Anlayırlar ki, Putin hakimiyyətdə qaldığı zamana qədər əmlakları da, pulları da, şəxsi perspektivləri də böyük təhlükə altındadır. Ona görə də Putini hakimiyyətdən kənarlaşdırmaq istəyirlər. Bu, SSRİ Mərkəzi Komitəsinin Plenumu deyil ki, üzvlərlə danışıb, Xruşovu çıxartdıqları kimi Putini də çıxartsınlar. Rusiyada hazırda həmin mexanizm yoxdur. Bəs hansı variant var. Dünya qarşısında Putini cinayətkar kimi göstərmək istəyirlər. Bundan ötrü Putin “müharibə istəyir” tezisi var. 25 ildir ABŞ-da yaşayan sabiq DTK-çı Şvetsin ittihamlarından biri məhz koronavirusun onun tərəfindən yayılmasıdır. Yəni oktyabrda Çinə hərbi oyunlar zamanı göndərilməsi, sentyabrda isə Novosibirskidə Virusologiya Təhqiqat Mərkəzində partlayış olduğunu göstərməsidir. İddia olunur ki, Putin həmin virusu oktyabrda Çində keçirilən hərbi oyunlar zamanı göndərib. Məqsəd onu fakt qarşısında qoymaq və onun özünün hakimiyyətdən könüllü getməsidir. Yerdə qalanlarını da dünya birliyi əfv etsin. Adi bir misal, jurnalist Solovyovun “Dünya düzəni 2018” filmində Putin açıq şəkildə bildirdi ki, nüvə silahı dağıdıcıdır. Rusiyaya qarşı belə şey olsa, cavab veriləcək və bütün dünya dağılacaq. Ardınca da əlavə etdi ki, əgər o dünyada Rusiya yoxdursa, nəyimizə lazımdır bu dünya. Beləliklə, Putin antibəşəri olduğunu ortaya qoydu. Kremlin ətrafı da indiki gedişatın onların özü və övladları üçün yaxşı heç nə vəd etmədiyini bildiklərindən Putini hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar”.

İlham İsmayıl

İlham İsmayıl

Mənbə: Foto: Meydan TV

İ.İsmayıl hesab edir ki, Azərbaycanın Rusiyaya bağlı olması hakimiyyəti də, ölkəni də pis günə qoyacaq:

“Təsəvvür edin ki, guya Cənubi Qafqazda Rusiyanın forpostu Ermənistandır. Ancaq şimal dövlət daha çox Ermənistanda tənqid, hətta təhqir olunur. Çünki Ermənistanda Rusiyanın perspektivi görüb təhlillər aparırlar ki, Kremldən yox, ABŞ-dan təminat almalıdırlar. Məsələ ondadır ki, Putin Ermənistanı cəzalandıra bilmir. Səbəb ən azı Paşinyanın arxasında xalqın dayanmasıdır. Fakt ondadır ki, Azərbaycanı gələcəkdə doğru olmayan daxili və xarici siyasətə görə böyük fəlakətlər gözləyir. Onsuz da Qarabağ bir fəlakət idi. Amma Putin Rusiyasının çökməsi ilə elə vəziyyət yarada bilər ki, sabah Qərb ölkələri separatçıları dövlət kimi tanıdığını elan edər. İndiki siyasətin sonu ora aparır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/un0v7d

Ən çox baxılan