Özümüzlə üz-üzə

Hər şey o qədər bəsitdir ki, bəşəriyyətin kitabını yazan dahilərdən sitat gətirməyə ehtiyac qalmır

Source: Meydan TV


Hər şey o qədər bəsitdir ki, bəşəriyyətin kitabını yazan dahilərdən sitat gətirməyə ehtiyac qalmır

Məndən təxminən on beş yaş böyük bir yaxınım “ölüm haqdır”la başlayan moizəsini vəsiyyətnamə məsləhəti ilə bitirdi. Beş-üç məişət əşyasından savayı bir şeyi olmayan adama belə işarə vurmağın haqq olub-olmadığını bilmirəm. Bildiyim odur ki, maddi rifahımın məhz bunlardan ibarət olduğuna sevindim. Və yaşlı yaxınımı da sevindirmək üçün ona dünya malının puç olduğunu xatırladıb daha qiymətli miras qoyacağımı bildirdim: Kitablarımı. Adam inciyib getməklə qalmayıb, üstündən umu-küsü göndərdi. Kitab söhbəti ilə əməli saleh bir bəndəni ələ salmışammış. O isə Allahın əmrini xatırlatmaqla savaba girmək istəyib. İnanıram, intəhası yalnız bir şeyi anlaya bilmirəm, kitabın bir titul vərəqi həcmində “kupça” söhbətini aparmaq savab olduqda o vərəqlərin yüzlərlə toplusundan danışmaq niyə günah olurmuş? Hər şey o qədər bəsitdir ki, bəşəriyyətin kitabını yazan dahilərdən sitat gətirməyə ehtiyac qalmır.

Kitablar üçün dolab almağa və ya düzəltdirməyə imkan yoxdur. Onları eləcə bir otağa düzüb, adını “kitab otağı” qoymuşuq. Kitab otağı olmaqdan savayı ordan başqa məqsədlər üçün də istifadə edirik. Qış azuqələrini yerləşdirib, bəzi alətləri qoyuruq. Son zamanlar kitab otağına kartof-soğan götürməyə bacım girər, hərdən də kəlbətin, çəkic axtarmağa tanışımız İsmayıl dayı. O otağa təyinatı üzrə girib saatlarla qurdalanan yalnız mənəm. “Kitab otağı”nda əlini hara atsan tənhalığa tərk edilmiş xatirələrdir. İnsan nəfəsi üçün qəribsəmiş incik səhifələr, vərəqlərdir. Və bütün xatirələrin, qəribsəmələrin fövqündə mənə yazılı hər şeyə ən azından sayğı ilə yanaşmağı öyrədən anam durur. Sevdirməyi demirəm hələ. Nə etdi, necə etdisə, bu sevda ömürlük başımda qaldı.


***

Axşamlar qonşu qadınlar onu küçəmizdəki oturacaqlarına aparardılar. “Alagöz xalanın söhbətləri” ətrafda ad çıxartmışdı. Bu qədər söz ehtiyatının hardan əmələ gəldiyini bilirdim. Anam əlinə düşən hər şeyi oxuyardı. Bir dəfə yoldan gətirdiyi Şahvələd Çobanoğlunun köşəsi olan “zədəli” səhifəni nəvazişlə sığallayıb qırışlarını düzəltdi. “Mənim Şahvələd balamın şəklini yaxşı bir yerə qoy, a Nazlı” deyəndə daha özümü tuta bilməyib çəlimsiz canını qucaqladım. Əyilməsin deyə nazik qəzet parçasını şəkil olan üzünə dörd qatlayıb ehtiyatla mənə verdi. O vaxtlar nəinki o, hətta mən özüm belə Şahvələdi görməmişdim. Sadəcə evdə söhbəti getmişdi, yazılarını oxumuşduq. Bizə, anamın yasına gələndə Şahvələdə danışa bilmədim. İndi ürəkli yazıram, çünki torpağı sanı yaşasın, anamın arzuladığı kimi daim dik durdu Şahvələd.

Şahvələd Çobanoğlunun bu sətirlərə ehtiyacı yoxdur, elə mənim də. Anam onsuz da dünyasını dəyişib. İntəhası bu adi bir epizod deyil ki, bütövlükdə dövri mətbuata, yaradıcı fikrə, cəsarətli mövqeyə münasibətdir. Ucqar bir bölgədə həştadı haqlayan nənənin paytaxtdan gələn cəsarətli azad sözə sevgisi, nəvazişidir. Adətən bir şüşəsi və yaxud qulpu sınıq narahat eynəkdən əziyyətlə oxuyub sonra ürək dolusu rahat nəfəs almasıdır. Dodağının altında “Allahım, bu uşaqları qoru” deyə dua etməsidir. Bəs hanı o nənələr-analar? Hanı süfrə başında, iş üstündə, hətta xeyir-şər məclislərində elliklə gedən kitab-qəzet müzakirələri?

Bütün bu dəyərlər illəröncəsi ölkəni ağuşuna almış informasiya bataqlığına əsir düşdü. Maddi-mənəvi sıxıntılardan başını itirmiş çarəsiz xalqa şişirdilmiş rəsmi təbliğatla bahəm o bataqlıqdan “cəlbedici” verilişlər təqdim olundu. Həqiqətdən, səmimiyyətdən, sənətdən-sənətkardan uzaq “palatka” efirlərin vasitəsilə xalqı manqurtlaşdırmaq siyasəti inkişaf və davam edir. Bir tərəfdə ona şıdırğı toy havalarına çəpik çaldıranlar o biri səhnədə “kövrəldib” zülüm-zülüm ağladırlar. Ailəvi məsələlər ustalıqla məişət şousuna çevrilərək “ictimailəşir”. Xəstəsindən, itkinindən ötrü onlara üz tutan imkansızları “ürək ağrısı” ilə qarşılayıb kampaniyaya qatırlar. Lakin həmin studiyalarda xalqı əzib bu günə qoyan zalım üsul-idarədən bir kəlmə danışılmır. Əsil cavabdehlərdən heç olmasa ibtidai hesab sorulmur. Di gəl ki, yenə aylarla, hətta illərlə oralara düşməyə can atıb çabalayan o qədər adam var ki. İstedadlı yazar Coşqun Eldaroğlunun sərrast ifadə etdiyi kimi: “Bu xalqı bizdən alıb Zaurla Xoşqədəmə verdilər”…

Biz nə etdik və yaxud etmədik ki, xalq əldən getdi? Bunu analiz etmək kimi bacarığım və iddiam yoxdur. Qırx ilə yaxındır yazıram, indiyə qədər özümdən, anamdan və ayrılmaz hissəsi olduğum əyalətdən kənara çıxa bilməmişəm. Daha geniş mövzulara girişmək olardı, sadəcə mən yalnız iliyimə qədər işləyən şeylərə istinad edə bilirəm. O şeylərdən ən ağrılısı gözümüzün önündə məhv edilən vətəndaş şüurudur. Böyüklü-kiçikli Azərbaycan insanının kitabdan, qəzetdən, özünü kamilləşdirəcək hər şeydən məhrum edilməsidir. Və nəinki məhrum olunması, o vasitələrə nifrət həddinə çatdırılmasıdır. Hər nə qədər kitab oxuyaq, qəzet yazaq, intellektimiz inkişaf etsin, yenə də hər hansı yaxınımızın simasında bir düyməciklə idarə olunan kütlənin arasındayıq. Özümüz özümüzdən imtina etməyəcəyik ki…

Ana səhifəXəbərlərÖzümüzlə üz-üzə