Özala məktub: doğruya aparan yalan

Ruslan İzzətli

Ruslan İzzətli. İllüstrasiya: Meydan TV

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətlinin Kürdəxanı İstintaq Təcridxanasından oğlu Özala yazdığı məktubu olduğu kimi paylaşırıq:

“100 ildən çoxdur ki, bu ölkədə cümhuriyyətçilər eyni taleyi yaşayır. Ancaq buna baxmayaraq mübarizələri səngimir. Çünki Cümhuriyyət bir sevdadır…

Əziz oğlum, bu dünyada ad günümdə aldığım ən böyük hədiyyə Cümhuriyyətin 100 illiyi ərəfəsində (19 aprel 2018-ci il) sənin dünyaya gəlişin oldu. Həmin gün hisslərim qarmaqarışıq idi. Özümü xoşbəxt sayırdım, həm də artıq atalıq məsuliyyətini dərk edirdim.

Artıq yeddi yaşın var. Bu yeddi ilin üç ilini məndən asılı olmayan səbəblərdən yanında ola bilmədim. Sən danışmağa başlayanda siyasi fəaliyyətimin cəzası kimi qeyri-qanuni olaraq hərbi xidmətə aparılmışdım. 1 il 3 ay səndən uzaq düşdüm. Əminəm ki, onillər öncə yaşamış olsaydım cümhuriyyətçi babalarımız kimi bəlkə də Sibirə sürgün edilərdim…

İkinci Qarabağ müharibəsində – ölüm-qalım savaşında səni, gələcəyini düşünürdüm. Təskinliyim atalarımızın bizə miras qoyduğu müharibənin sənə qalmayacağı idi. Uşaqlığımın, gəncliyimin keçid dövrü “müharibə şəraiti” adı altında psixoloji istismarla, məhrumiyyətlərlə keçdi. Təskinliyim mənim yaşadıqlarımı sənin yaşamayacağın idi.

Müharibədən qayıtdıqdan sonra sənin təhsilinlə bağlı xəyallar qururdum. Amma mayası kin və nifrətlə yoğrulmuş avtoritar hakimiyyət bu dəfə də məni həbsxanaya göndərdi. Həbsim yenə də siyasi fəaliyyətimin cəzası idi, amma peşman deyiləm.

Ən ağır anımı isə həbsimin 6-cı ayında yaşadım. Sən məktəbə natamam olaraq gedirdin, atan yanında yox idi…

Hər telefon danışığımızda verdiyin suallar qarşısında sadəcə susurdum. Hər zaman ən böyük dəstəkçim olan anan səni cavabsız suallar yağdırmaqdan, məni isə bu suallara cavab olaraq hər dəfə müxtəlif bəhanələr gətirməkdən xilas etdi: atan Türkiyədədir, oxumağa gedib! Universitet nə zaman icazə versə, ata o vaxt gələcək.

Bu da yalan idi. Amma sənin pis olmamağın üçün məcburiyyətdən doğan bir yalan idi… Sənə hər şeyi danışmağı çox istərdik. Amma sənin yaşın və o balaca xoşbəxt, rəngarəng dünyan bunu anlamayacaqdı. Bəlkə də həqiqəti bilsən bizə bunu yaşadanlara qarşı o balaca ürəyinə kin və nifrət toxumları düşəcəkdi. Bu isə istəyəcəyim ən sonuncu şeydir. Bir ata olaraq kindən, nifrətdən uzaq sevgi ilə qayğısız və xoşbəxt böyüməyini istəyirəm. Bunu hər nə qədər bacarıram bilmirəm, amma çalışıram…

Təxminən 15 aydır ki, Kürdəxanı Təcridxanasındayam. Səninlə görüşümüz də ad günümdə oldu. Yenə yalan danışdım. Tikanlı məftillərin sərhəd xətti olduğunu və sərhədə qədər buraxıldığımı dedim. Təcridxana əməkdaşları da sağolsunlar, həbsxana mühitini hiss etməməyin üçün yardımçı oldular.

Eyni senari ilə 31 mayda da görüşdük. “Ata işlərini Türkiyədə kiməsə tapşır gəl”, – dedin.

Əziz oğlum, ən böyük narahatçılığım sənə “yalan danışma, nə səhv etsən də atan yanında olacaq, yetər ki, dürüst ol”, – deyən valideynlərinin bir ildən çoxdur ki, yalan danışdığını öyrənəndə verəcəyin reaksiya ilə bağlıdır.

Sənə yalan danışdığım üçün məni bağışla. Təəssüf ki, elə bir ölkədə yaşayırıq ki, bu mərhələni ailəlikcə keçməliyik. Buna görə heç vaxt utanma və başını hər zaman dik tut!

Çünki sən milyonların susduğu ölkədə həqiqəti deyən ailələrdən birinin övladısan. Bizim “günahımız” həqiqəti deməkdir.

Səncə ata siyasətdən çəkilib baş verən bu qədər haqsızlıqlara susa, göz yumaraq yaşaya bilərmi?! Əsla!

Belə olan halda özlərini Cümhuriyyət və demokratiya uğrunda fəda edənlərin ruhu bizi bağışlamaz!

Bilirəm ki, nə vaxtsa bu məktubu oxuyub məni anlayacaq və yalanlarımıza görə bizi bağışlayacaqsan.

Tək günahım bu ölkədə hər kəsin azad, firavan yaşamasını istəməyim və bunun üçün etdiyim cəhdlərdir. Məmləkətimizin korrupsiya və rüşvət bataqlığından xilas olmasını istəyirik. İstəyirik ki, ölkəmizdə azad və ədalətli seçkilər keçirilsin, qanunların aliliyi təmin olunsun. Gələcək nəsillər qanunların işləmədiyi ölkədə yaşadıqları üçün utanmasınlar. İşsiz atalar axşamlar övladlarının yanına əliboş qayıdanda xəcalət çəkməsinlər. Vətəndaşımız bir tikə çörək üçün vətəndən didərgin düşməsin.

Oğlum, mənim tək gümahım bunları istəməyimdir.

Əziz oğlum, hələ ki vətənimizdə haqqı deməyin, fərqli düşünməyin cəzası həbsxanadır. Amma inanıram ki, bacaracaq və kor düyünü çözəcəyik. Atamın mənə miras qoyduğu müharibəni sənə miras qoymadığımız kimi, bu sistemi də miras qoymayacağıq. Bunun üçün hər çətinliyə hazıram.

Sonda səndən bir xahişim var: nə zamansa bu yazını oxusan bizə bunu yaşadanlara nifrət etmə. Biz mübarizə apardıqlarımıza bənzəməməliyik. Kin, nifrət və qisas qaranlığa aparır. Bizsə aydınlıq üçün mübarizə aparırıq.

Aydınlığa gedən yol sevgi və inamdan keçir.

Sevgi və həqiqət qalib gələcək!

Ruslan İzzətli

Kürdəxanı İstintaq Təcridxanası”

Ana səhifəXəbərlərÖzala məktub: doğruya aparan yalan