Bu gün Orxan Zeynalovun işi üzrə qətimkan tədbirinin seçilməsinə dair Presnenskiy məhkəməsində keçirilən məhkəmədə o əvvəl verdiyi ifadələrdən imtina edərək Yeqor Şerbakovu qətlə yetirmədiyini deyib. Tərcüməçi vasitəsilə o “Mən razı deyiləm. Mən eləməmişəm.” deyib. İTAR-TASS xəbər verir ki, o həmçinin girov altında azadlığa buraxılmasını da xahiş edib.
Lakin müstəntiqin dediyinə görə öldürülən Yeqor Şerbakovun sevgilisi üzləşdirmə zamanı Zeynalovu tanıyıb və qətli onun törətdiyini deyib.
Prokuror öz çıxışında deyib ki, Zeynalov qətli xuliqanlıq zəminində törədib və hadisə yerindən qaçıb. O bildirib ki, ilkin ifadəsində Zeynalov Şerbakov tərəfindən söyüş və zor tətbiqinə cavab olaraq ona bıçaq zərbəsi yetirib.
Prokuror həmçinin bildirib ki, törədilmiş cinayətin ağırlıq dərəcəsini nəzərə alaraq hüquq mühafizə orqanları Orxan Zeynalovun həbsdə saxlanması barədə vəsatətlə çıxış etməyə məcburdurlar. Belə ki, azadlıqda qaldığı təqdirdə o cinayət əməlləri törətməyə davam edə bilər.
Məhkəmə prokurorluğun vəsatətini təmin edərək Orxan Zeynalovu həbsdə saxlayıb. Yaxın günlərdə ona rəsmi ittiham elan olunacaq.
Xatırladaq ki, Orxan Zeynalov 10 Oktyabrda Moskvanın Qərbi Berülyovo rayonunda 25 yaşlı Eqor Şerbakovu öldürməkdə şübhəli bilinir. Ürəyindən yaralanan Şerbakov hadisə yerində keçinib. 15 Oktyabrda 30 yaşlı Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskva ətrafə Kolomnada polis tərəfindən saxlanıb.