O, 2025-ci il mayın 16-da Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasına gəlməlidir
Xaricdə yaşayan bloger Orduxan Teymurxanın (Bəbirov) Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldığı bildirilir.
Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Orduxan Teymurxan şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 2025-ci il mayın 16-da Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Vurğulanıb ki, Orduxan Teymurxanın Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 7 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.
“Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 7 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “YouTube” və “Facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib. Bəbirov Orduxan Teymurxan oğlu istintaqdan qaçıb, Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 7 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.
Qiyabi icraatın açıla biləcəyi və ya qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq edilib.
Daha öncə Baş Prokurorluq xaricdə yaşayan Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, İmaməddin Əlimanov, Məhəmməd Mirzəli, Qabil Məmmədov və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.
Hələlik, rəsmi açıqlamalarda sözügedən şəxslərdən ayrılıqda münasibət almaq mümkün olmayıb.
Amma onlar bundan əvvəl haqlarında səslənən ittihamları, bir qayda olaraq, rədd ediblər və bunu tənqidi fəaliyyətləri ilə izah ediblər.