Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

“Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.

Foto: Meydan TV


Oğlu: “Həkimin etdiyi ağrıoyadıcıya hələ cavabı çox zəifdir”

Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev yanvarın 10-da növbəti dəfə əməliyyat olunacaq.

Məlumatı Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev yayıb.

O bidirib ki, atasının durumunda müsbət irəliləyişlər olmasına baxmayaraq, həkimin etdiyi ağrıoyadıcıya hələ cavabı çox zəifdir:

“Yanvarın 7-də atamı MRT etdilər. Nəticə göstərdi ki, atamın beynində akut hidrosefali (kəskin sürətdə su artması) yaranıb. Bu səbəbdən yanvarın 10-da səhər atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.

2019-cu ilin oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, hadisə Oqtay Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oqtay Gülalıyevi xəstəxanaya çatdırıb.

Oqtay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital”a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Sonradan müalicəsini davam etdirmək üçün o, Türkiyənin İstanbul şəhərinə aparılıb. Heydər Əliyev Fondu onun xərclərini öz üzərinə götürüb.

Bəzi ictimai fəallar hüquq-mühafizə orqanlarının qəzanın qəsdən törədilmədiyi ilə bağlı açıqlamasına şübhə ilə yanaşırlar.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Ana səhifəSiyasətOqtay Gülalıyev yenidən əməliyyat olunacaq