Oqtay Gülalıyev: “Mən siyasiləşdirmirəm, suallarımı cavablayın!”

Hüquq müdafiəçisi Oqtay Gülalıyev azyaşlı oğluna qarşı açılan cinayət işindıki müəmmalı məqamlardan danışır.

Source:


Hüquq müdafiəçisi Oqtay Gülalıyev azyaşlı oğluna qarşı açılan cinayət işindəki müəmmalı məqamlardan danışır.

Avqustun 29-da Xətai rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevə qarşı irəli sürülən xuliqanlıq ittihamı üzrə hazırlıq məhkəməsi keçirilib. Bu haqda Meydan TV-yə Oqtay Gülalıyevin özü məlumat verib. Onun sözlərinə görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə onlara dövlət tərəfindən vəkil təqdim edilsə də, ondan imtina olunub:

“Oğlumun hüquqlarını məhkəmədə qanuni nümayəndə kimi özüm müdafiə edəcəm. Bəzi vəsatətlərim var idi, növbəti məhkəməyə, avqustun 9-na saxladıq”.

Oqtay Gülalıyev deyir ki, onun oğlu Əli ötən il prezident seçkiləri ərəfəsində, sentyabrın 22-dən 23-nə keçən gecə naməlum şəxslər tərəfindən döyülərək, bıçaqlanıb. Lakin həmin hadisənin bu günə kimi araşdırılmamasına rəğmən, Əli Gülalıyevə xuliqanlıq ittihamı ilə cinayət işi açıblar:

“Oğlum döyülən vaxt mən Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat katibi idim. Hadisə ilə bağlı Cəmil müəllim İctima TV-də namizədlərin debatında çıxışı zamanı cinayəti edənlərin tapılıb cəzalandırılması tələbi ilə çağırış etmişdi. Bundan sonda Daxili İşlər Nazirliyində məni görüşə dəvət etdilər, o vaxt əməliyyat qrupu yaradıldı və ifadələrimiz alındı, amma bir nəticəsi olmadı. Bir də iyulun 20-də məni Bakı şəhər Baş Polis Idarəsinə çağırıb bildirdilər ki, Əliyə qarşı cinayət işi açılıb”.

Hüquq müdafiəçisi deyir ki, itthama görə, oğlu Əli Gülalıyev guya döyüldüyü gecədən iki gün öncə oxuduğu məktəbdə kimisə döyüb. Ən maraqlısı isə budur ki, Gülalıyevlər ailəsi bu olay haqda yalnız 11 ay sonra polisdə xəbər tutub və Əlinin ittiham olunduğu cinayət ağır dərəcəli hesab edilməsə də, onunla Bakı şəhər Baş Polis Idarəsinin Təhqiqat və Istintaq Idarəsinin Ağır Çinayətlər şöbəsi məşğul olur:

“Hadisələr belə cərəyan edib – 22 sentyabrda gecə Əli döyülür, bıcaqlanır, 11 ay sonra biz bilirik ki, o bu olaydan iki gün əvvəl guya məktəbdə xuliqanlıq edibmiş. Amma nədənsə Əlidən polisə şikayəti 5 gün gecikdirib, onun bıçaqlanmasından sonra verilib, sentyabrın 25-də. Mənə deyəndə ki, oğlumun başına gətirilənlər mənim siyasi və hüquq müdafiə fəaliyyətimlə bağlıdır, o dəqiqə DİN nümayəndələri deyir ki, məsələni siyasiləşdirirsən. O zaman sual edirəm, əgər oğlum məktəbdə kiminləsə dalaşıbsa, bu haqda polisə şikayət olunubsa, hadisənin məkanı və zamanı məlumdursa, qanunvericiliyin tələblərinə zidd olaraq hadisənin araşdırlması niyə bu qədər uzanıb?”

Oqtay Gulalıyev deyir ki, oğlunun kimisə döyməsi məsələsinin ortaya atılmasında məqsəd, məhz onun bıçaqlanmasının gerçək səbəblərini gizlətməkdir:

“Sual olunur, əgər həqiqətən də məktəbdə dava baş veribsə, oğlum azyaşlıdır, məktəblidir, necə olur ki, valideyn kimi məni dəvət edib bildiriş verməyiblər? Niyə məktəbin təlim-tərbiyə şurasında müzakirə olunmayıb? Əgər məsələ ciddidirsə, ərazinin sahə müvəkkili var, ondan da yuxarı əraziyə baxan 37-ci polis bölməsi, eyni zamanda Xətai rayon Polis Şöbəsi var. Bütün bu instansiyalar qalır bir kənara, birdən-birə Bakı şəhər Polis İdarəsinin Ağır Cinayətlər Şöbəsi bu məsələni araşdırır. Sual olunur, niyə? Təbii ki, mən bu suallarıma cavab tapa bilmədim”.

Azyaşlı olduğuna görə polis nəzarətinə verilən Əli Gülalıyev isə heç kəslə məktəbdə dava etmədiyini, onu döydüyünü bildirən şəxsi isə ümimiyyətlə tanımadığını deyib:

“Əlinin özünü döyüb, bıçaqlayıb, zibilliyə atıb getmişdilər. Bıçaq onun bədəninə 8 sm daxıl olmuşdu, əməliyyat olundu, üç ay yerindən tərpənə bilmədi. Amma bu olay nədənsə araşdırılmadı. Bu məktəbdə dava məsələsinin ortaya çıxmasında məqsəd Əlinin özünə qarşı olan cinayəti gündəmdən çıxarmaqdır. Yəni guya baş verənlər məişət zəminli olub, Əli kiminləsə dalaşıb. Əlinin döydüyü iddia etdikləri Bayram Sultanlı adlı gəncin adını biz ilk dəfə Cəmil Həsənlinin İTV-dəki çıxışından sonra DİN-nin açıqlamasında eşitdik. Bir də məktəbin direktoru “Media Forum”a müsahibəsində demişdi ki, guya Əli Gülalıyev Bayram Sultanlı ilə dalaşıb, onun da valideynləri gəlib Əlini bıçaqlayıblar. Amma bu deyilənlər sonra öz təsdiqini tapmamışdı”.

Hüquq müdafiəçisi deyir ki, ən maraqlısı isə odur ki, polisdə üzləşmə keçirilərkən Bayram Sultanlı Əli Gülalıyevi tanımayıb.

O.Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, həmçinin Milli Şuranın mətbuat katibidir.

Ana səhifəXəbərlərOqtay Gülalıyev: “Mən siyasiləşdirmirəm, suallarımı cavablayın!”