Ombudsmanın “Aliment Fondu” yaratmaq təklifi saxta boşanmaların sayını artıracaqmı?

Aliment mübahisəsi. Foto: Tero Vesalainen/shutterstock

Ekspertlərin fikrincə, aliment fondu düzgün qurulsa, qadınların boşanma sonrası çətin vəziyyətə düşmə ehtimalı azala bilər

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsi müzakirə edilib. Ombudsman Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürüb. Təklifə münasibət bildirən deputatlar ziddiyyətli mövqelər sərgiləyək bunun həm saxta boşanmaların sayını artıra biləcəyini, həm də təklifin aktual və zəruriliyini vurğulayıblar.

İclasda iştirak edən Ombusdman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, Ombusdman Səbinə Əliyeva bu mövzunun uşaqların mənafeyinin qorunması üçün vacib olduğunu son illərdə bir neçə dəfə bəyan edib:

“Biz bu təkliflə başlıca olaraq uşaqların mənafeyinin müdafiəsini diqqətə çatdırmışıq. Bu mövzuda ən çox zərər çəkən ailədə yaşayan uşaqlardır. O baxımdan, təklifimiz fondun yaradılması və aliment ödəmə öhdəliyi olan şəxslərdən alimentin dövlət tərəfindən, cərimə və faizlər də əlavə olunmaqla, alınmasıdır. Bu sahədə bir çox dövlətlərin təcrübəsi var və biz bundan müsbət şəkildə istifadə edə bilərik”.

Təklifin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bunun saxta boşanmaları artıra biləcəyini, eyni zamanda “bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri” nəzərə alaraq təklifin aktuallığını vurğulayıb.

Komitə üzvü, deputat Razi Nurullayev isə iddia edib ki, Azərbaycanda boşanmaların artmasının səbəbi qadınların “sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır”:

“Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınların ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram. Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”.

“Mənə daxil olan müraciətlərin 20%-i alimentin verilməməsi ilə bağlıdır”

2022-ci ildə deputat Siyavuş Novruzov MM-də “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı ona daxil olan müraciətlərin təxminən 20%-nin alimentin verilməməsiylə bağlı olduğunu bildirərək aliment fondunun yaradılması məsələsinə toxunmuşdu: (https://www.youtube.com/watch?v=7u_YbXdOMhI)

“Mənə daxil olan müraciətlərin 20%-i alimentin verilməməsi ilə bağlıdır və hesab edirəm ki, digər deputatlara da bu müraciətlər daxil olur. Bu məsələdə ciddi problem var. Biz burada beynəlxalq konvensiyadan istifadə edərək öz qanunvericiliyimiz əsasında hansısa dəyişikliklər etməliyik və ya aliment fondu yaratmalıyıq ki, bu fond vasitəsilə vətəndaşlara alimenti verməyən şəxsin uşaqlarına aliment dövlət tərəfindən verilsin; həmin şəxs tapılsın və ondan ödəməli olduğu aliment alınaraq dövlət büdcəsinə ödənsin. Çünki biz bu fondu yarada bilsək, burada digər tərəf şəxs yox, dövlət olduqda aliment ödəməli olan həmin şəxslərdən alimentin alınması daha rahat olacaq. Hesab edirəm ki, bu ailənin və uşaqların gələcəyi üçün zəruri olan məsələdir. Bu müraciətlər bölgələrdən və Bakıdan daxil olur, əgər konvensiyaya qoşulsaq, yerli komitələrdən və məhkəmələrdəm yerli qanunvericlik əsasında vətəndaşların aliment hüququnun təmin edilməsi məqsədilə prosesi yüngülləşdirmələrini və insanların bu hüququnu tam şəkildə təmin etmələrini xahiş edirəm.”

“Aliment Fondunun yaradılması qaçılmaz addımdır”

Vəkil Zibeydə Sadıqova bildirir ki, illərdir hökm sürən problem alimentin icrası ilə bağlıdır:

“Aliment məbləğinin himayəçi valideyni qane edib-etməməsindən asılı olmayaraq, məhkəmədən alimentlə bağlı qətnamə ala bilirik. Lakin problem qətnamənin kağız üzərində qalmasından ibarətdir. Praktikamıza əsasən, çox az sayda qadın davamlı və problemsiz olaraq aliment ala bilir. Əksər qadınlar isə qətnamənin icra olunması ilə bağlı əziyyət çəkirlər.”

Zibeydə Sadıqova. Foto: Meydan TV
Zibeydə Sadıqova. Foto: Meydan TV

Vəkil bildirir ki, bu qadınların daha çox əziyyət çəkməsinə və bir sıra hüquqlarının pozulmasına gətirib çıxarır:

“Çünki qadın həm uşağa qayğı göstərir, həm də uşağın təhsil, səhiyyə, geyim, qidalanma xərclərini ödəyir. Bu da qadının məsuliyyət və ehtiyaclarla yüklənməsinə gətirib çıxarır. Heç olmazsa, aliment uşağın xərclərinin bir hissəsini qarşılasa, qadının uşaqla bağlı ehtiyacları yüngülləşə bilər. Burdan yola çıxaraq illər əvvəl aliment fondunun yaradılmasının qaçılmaz olduğunu bildirmişdim.”

Sadıqova deyir ki, qadının nikahı pozulursa, o belə çətin halda özünün, uşağının həyatını qaydasına salmaqla yanaşı, həm də aliment məsələsindəki problemləri həll etmək üçün əlavə əziyyət çəkir:

“Statistika göstərir ki, hazırkı ənənəvi üsulla alimentin təmin edilməsi aylar, illər çəkir. Mütəmadi olaraq məhkəmə və icraçıların qapılarında qalırlar. Aliment fondu isə artıq qadını digər tərəflə üz-üzə gətirməkdən, problem yaşamaqdan xilas edə bilər.”

Vəkil bildirir ki, biz aliment işləmə mexanizmini hazırkı sığorta sistemi nümunəsində görə bilərik:

“Sığorta sistemində necə ki, zərərçəkən adam sığortadan öz pulunu götürür, sığorta şirkəti sonra həmin pulu digər tərəfdən məhkəmə, icra və s. yolla geri alır. Orada zərərçəkən adam oturub gözləmir ki, digər adam gedib onun pulunu gətirsin, dərhal öz zərərinin qarşılığını ala bilir. Bu eynilə aliment məsələsinə də tətbiq edilə bilər.

Ona görə də, hazırda alimentlə bağlı statistikalar da bunu deməyə imkan verir ki, aliment fondu olduqca vacib və qaçınılmaz məsələdir.”

“Qadınların aliment üçün boşanması fikri mifdir”

Feminist fəal Gülnara Mehdiyeva Azərbaycanda əksər insanların rəsmi şəkildə iş müqaviləsi olmadan işlədikləri üçün boşandıqda minimum aliment məbləği ödəməli olduqlarını deyir:

“Qadınların guya aliment üçün boşanması fikri mifdən başqa bir şey deyil. Belə ki, Azərbaycanda əksər insanlar rəsmi iş müqaviləsi olmadan işlədikləri üçün onların rəsmi sənədlərdə heç bir iş yeri görünmür və bu halda minimum aliment məbləği ödəməli olurlar. Yaxud işəgötürənlər vergidən yayınmaq üçün işçiyə ödədiyi real məbləği deyil, ondan xeyli az məbləği maaş kimi rəsmiləşdirirlər.

Gulnara Mehdiyeva
Source: Meydan TV

Məsələn, mən aliment vermək istəməyən tanınmış bir plastik cərrahın maaşının klinikada 350 manat kimi rəsmiləşdirildiyini öz gözlərimlə görmüşəm. Odur ki, biz alimentdən danışanda minimum məbləği nəzərə almalıyıq. Əgər bir ölkədə hər hansı taksi sürücüsünü və ya adi şəhər sakinini dindirsək, dolanışığın çətin olduğunu, ərzağın, kommunal xərclərin bahalaşdığını bildirib şikayət edər. Amma nə əcəbsə, mövzu aliment olanda 220 manatın az qala sərvət olduğunu iddia etməyə hazırdırlar. Madam ki, 220 man bir insanın yaşamı üçün əla məbləğdir, o zaman bu qədər şikayət hardandır?”

Mehdiyeva öz təcrübəsində, hətta o minimum alimenti almaq üçün belə çoxsaylı bürokratik əngəllərlə qarşılaşan qadınlara tez-tez rast gəldiyini, aylarla yığılan aliment borclarını, alimentin minimum məbləğinin nəinki qadının, heç uşağın xərclərini ödəməyə bəs etmədiyini bildirir:

“Mənim təcrübəmdə təxminən 6 il ərzində aliment üçün savaşan qadın olub. Alimenti gecikdirmə halları da geniş yayılıb. Aliment elə ancaq bəlkə uşağı dolandırmağa yetər. Qadın öz ehtiyaclarını istəsə də, o məbləğlə həll edə bilməz. Hazırda əksər valideynlər uşağı artıq kiçik yaşlarından hazırlığa qoyur, üstəlik uşaq yeməkləri, xüsusən də körpə uşaqlar üçün nəzərdə tutulan qidalar olduqca bahadır. Uşaqlar sürətlə böyüdüyü üçün onların paltarları da daim yenilənməlidir. Oyuncaqlar, inkişafları üçün kitablar, məktəbə gedirlərsə, məktəb ləvazimatları, körpədirlərsə, uşaq bezi və s. xərclər həddən artıq resurs tələb edir. Çox vaxt qadınlar alimentin ödənməsi üçün icra məmurları ilə savaşmalı olur.”

Feminist fəalın sözlərinə görə, qadınların boşanması qohum-əqrəba tərəfindən birmənalı qarşılanmadığına görə, qadınlar boşanmağı ən son variant kimi nəzərdən keçirirlər. Onun sözlərinə görə, boşanmaya fiziki və psixoloji zorakılıqla yanaşı, kişilərin qumar oyunlarına aludəçiliyi, yaxud özü işləmədiyi halda qadından pul tələb etməsi, çoxsaylı xəyanətlər və s. kimi amilləri təsir edir:

“Bu cür kritik hallarda qadınlar boşanmağa məcbur qalırlar. Lakin bu halda belə, onlar bu qərarı dərhal deyil, “bəlkə düzələr” ümidi ilə illər sonra verirlər. Boşanmaların əsas səbəbi işləyən qadınların sayının artmasıdır. Qadın özü özünü təmin edə biləcəyinə arxayın olanda artıq nə zorakılıq, nə xəyanət, nə də digər hallara dözmək istəmir. Yəni qadın boşanırsa, alimentə yox, özünə güvənib boşanır. Lakin məhz iqtisadi səbəblərdən dolayı gedəcək yeri olmayan və boşana bilməyən çoxlu sayda qadınlar hələ də qalır.”

O bildirir ki, əksər hallarda qadınlara öz ailələri, qohumları kömək edir. Sadəcə uşağın xərcinin qarşılanması boşanma üçün yetərli deyil. Qadın boşanırsa, onun özünü dolandıra biləcəyi işi olmalıdır. Əksər hallarda uşaqlı qadınlara ana-ata evində yer olmur, kirayə çıxmaq isə əlavə xərc tələb edir. Qadın bütün bu xərcləri necə qarşılayacağını bilməlidir ki, boşana bilsin. Aliment sadəcə işin yarısıdır.

Məhkəmə qətnaməsinə rəğmən, ödənməyən alimentlərlə bağlı saysız-hesabsız müraciətlər var

Vəkil Rövşanə Rəhimli hesab edir ki, alimentlə bağlı müraciət edən müvəkkillər müxtəlif növ problemlərlə üzləşirlər. Burada aliment ödəməli olan tərəfin rəsmi və ya qeyri-rəsmi işdə işləməsi, alimentin ödənilməsi qaydası, bürokratik əngəllər və s. kimi amillər uşağa baxan valideynin və uşağın aliment hüququna ciddi təsir edir:

“Alimentin ödənməsinə dair məhkəmə qətnaməsi olduğu halda ödənməyən alimentlərlə bağlı saysız-hesabsız müraciətlər var və bu səbəbdən də aliment fondunun yaradılması uşaqların hüquq və mənafelərini qorumaq üçün yaxşı təşəbbüs ola bilər.

Rövşanə Rəhimli. Foto: Meydan TV

Çünki öz praktikama əsasən, nadirən atalar uşaqlarının aliment hüququnu boşanmadan müstəqil proses kimi qəbul edib aliment ödəyirlər. Əksər hallarda bu məsələ problemi hal alır.

Ya xırda-xırda məbləğlərlə ödəniş edirlər və bu xeyli borcun yaranmasına, uşağın ehtiyaclarının ödənə bilməməsinə və ya təxirə düşməsinə gətirib çıxarır; ya da boyun qaçırmaq üçün müxtəlif yollara əl atırlar. Təəssüf ki, bu hallarda, adətən, borcludan borcun alınmasına cavabdeh olan qurumlar operativ həllə töhfə vermirlər.”

Qadınlar aliment tələb etdikdə hətta bəzi hallarda zorakılığa məruz qala bilirlər…

Vəkil bir neçə gün öncə alimentlə bağlı qadın müvəkkilinin yaşadığı problemi nümunə çəkir:

“Məsələn, iki gün öncə yığılan aliment borcu ilə bağlı icra məmuruna müraciət edən bir müvəkkilimə icra məmurunun otağında keçmiş əri zorakılıq göstərib. Təəssüflər olsun ki, praktikada bu kimi hallarla üzləşə bilirik. Bəzən hətta alimentdən yayınmaq üçün uşağı manipulyasi edən tərəflər olur, hansı ki, bu da uşağın boşanma prosesində travmatik hadisələr yaşamasına gətirib çıxara bilir”.

Meydan TV-ə danışan ekspertlərin fikrincə, aliment fondu düzgün qurulsa, qadınların boşanma sonrası çətin vəziyyətə düşmə ehtimalı azala bilər. Belə bir fond, qadınları məhkəmələrdə və icra məmurlarının otağında vaxt və enerji sərf etməkdən xilas edə bilər. Aliment fondu, qadının borclu tərəfi axtarıb ondan aliment tələb etməsi əvəzinə, bu məsələni dövlətin həll etməsini təmin edər. Dövlət isə daha çox resursa malik olduğu üçün borcun borcludan alınmasını daha sürətli və qadının əlavə əziyyətlər çəkməyəcəyi formada təmin edə bilər.

Mehdiyeva qeyd edib ki, aliment fondu evliliklərə yeni bir baxış gətirərək qadınların yalnız xoşbəxt olduqları mühitdə qalmasına dəstək ola bilər. Bu fond qadının maliyyə yükünü bir qədər azalda bilər, amma qadının iqtisadi müstəqilliyi də əhəmiyyətlidir. Nəticədə, aliment fondu qadının uşaqlarına daha keyfiyyətli qayğı göstərməsinə imkan verə bilər.

Ana səhifəSosialOmbudsmanın “Aliment Fondu” yaratmaq təklifi saxta boşanmaların sayını artıracaqmı?