Ölünü özbaşına qoysan, kəfənini yırtar

Demokratiya qəliz şeydir, nə fisincan-plovdur, nə də kəsmə-şikəstə.

Source: Мейдан ТВ


Milləti fəxr etməyə dəvət edirəm

Bəh-bəh, nə gözəl, nə məzmunlu atalar sözlərimiz var! Nabələd adama desən ki, bu atalar sözlərini Gettingen Universitetinin professoru deyil, orta təhsili olmayan çoban fikirləşib, inanmaz. O qədər dərin və sərrast sözlərdir ki, istənilən qəziyyənin cövhərini əks etdirə bilir.

Uzağa niyə gedirik, götürək lap elə bu demokratiya məsələsini. Rəhmətliyin nəvəsi, məzələnib gülmə ki, bizim çoban atalarımız hara, demokratiya hara! Belə bədgümanlara məsləhət görərdim ki, danışmazdan əvvəl yaxşı-yaxşı fikirləşsinlər.

Şəxsən mən 30 illik ictimai-siyasi həyatımdan bircə xeyirli nəticə qazanmışam: bilmişəm ki,“susuz quyuya su tökməyin mənası yoxdur” atalar sözü düppələn-düzdür. Bu nəticəni mənə Qərbin aparıcı mütəfəkkirləri, Henri Kissincer və ya Frensis Fukuyama deyib? Xeyr, bunu əvvəl Karl Marks, sonra isə çoban Xanış deyib. Karl Marks yazanı oxuyub inanmamışam, vətənin çətin anında ortaya atılıb demişəm ki, vətənpərvər xalqımın köməyi ilə torpağı qoruyacağam. Və başım daşa dəyib.

Səbəb barədə düşünən anda çoban Xanış həmin bu sözləri deyib. Elə həmin an da mənə çatıb ki, atalarımız düz söz deyib, “susuz quyuya su tökməyin mənası yoxdur”. O deyib, mən də inanmışam. İnanmışam və dəxi özümü ora-bura vurmayıb çəkilib oturmuşam xarabamda və özünü əbəs yerə şəhid edən bəradərlərə kənardan sakitcə tamaşa edirəm. Tamaşa edirəm və çoban Xanışa rəhmət oxuyuram. O olmasaydı və həmin dürlü kəlamı deməsəydi, mən də eşitməzdim və indinin özündə də özümü ora-bura vura-vura xəcil edərdim.

Xülasə, atalarımızın bəşəriyyətə əta etdiyi müdrik sözün cövhəri odur ki, bəzi dələduzların xalq adlandırdıqları kütləyə heç vaxt sərbəstlik vermək olmaz. Versən, kəfənini yırtıb qaçar! Sonradan onu tutub dübarə kəfənləmək xeyli zəhmət və məharət tələb edir. Ondansa, elə əzəldən sərbəstlik verməmək daha münasibdir. Lap elə indiki kimi.

Asan yol seçib Azərbaycanın son otuz ildə keçdiyi şanlı yolu misal çəkmək ucuzluq olardı. Yəni o qədər ucuz olardı ki, hətta çoban atalarımızın şəksiz müdrikliyinə kölgə sala bilərdi. Hamı deyərdi ki, bu fikir o qədər aşkar və sadədir ki, onu görməmək və qanmamaq mümkün deyil. Bəli, demək olardı ki, Qorbaçov noxtanı boşaldan kimi hamı ağzını qoydu Allah yoluna, hərə bir avaz oxudu, sonda böyük bir dövləti dağıdıb hərə düşdü bir girdaba. Xalqımızın düşdüyü girdabın isə dünyada analoqu çətin tapıla, xalq öz əlilə dərin bir quyu qazdı və hoppanıb düşdü onun dibinə, ta ki, hətta özü anladı: elə bu dibdə qalasıdır və çıxa bilməyəcək. Çığırıb Heydər Əliyevi çağırdı, o da gəlib noxta-palanı səhmanlayandan sonra xalqı quyudan dartıb çıxardı və ustalıqla minib sürdü.

Minilən və sürülən kütlə də bundan çox razı qaldı və indiyəcən o kişiyə rəhmət oxuyur. Elə-hey deyir ki, o kişi Azərbaycanı dağılmaqdan xilas etdi. Xalq ölkəni dağıdacaqdı, Heydər Əliyev gəlib ölkəni onu dağıdan xalqın əlindən aldı və qorudu.

Xeyr, mən sizə müdrik atalarımızın demokratiya barədə sərrast fikirlərinin dağı deşən gücü haqqında daha qəliz və daha səlis nümunələri gətirmək istəyirəm. Yenə də geridə qalmış kal müsəlman Şərqindən misal çəkib sizi demokratiya uman Liviya, Sudan, Yəmən, İraq və ya Suriya ərəblərinin ağlamalı taleləri ilə ovundurmaq istəmirəm. Bəli, indi bu kütlələrin halətinə tamaşa edən kəs çığıra bilər ki, haradasan, ey Müəmmar əl-Qəzzafi! Haradasan, ey Səddam Hüseyn! Haradasan, ey Ömər əl-Bəşir! Haradasan, ey Əli Abdullah əs-Salih! Haradasan, ey Hafiz əl-Əsəd! Gəlin, gətirin noxta-palanı, yükləyin bu zavallı kütlələrin belinə, minin və sürün ki, onlar əmin-amanlıqda və şad-xürrəm sizi daşısınlar!

Xeyir, mən müdrik atalarımızın demokratiya barədə dəyərli fikirlərinin düzgünlüyünü geridə qalmış müsəlman Şərqinin nümunəsində sübut etmək istəmirəm. Mən dövlətin və millətin əqli səlamətliyinə demokratiyanın vurduğu ziyana nümunə kimi Kanadanı da göstərmək istəmirəm. Bəli, həmin bu Kanada ki, məchul bir səbəbdən qəfil oyandı və Fransaya qoşulub dedi ki, Azərbaycan ermənilərin xətrinə dəyməsin, nə istəyirlərsə, gərək versin. Elə dedi ki, hətta İlham Əliyevin xətrinə dəydi və o da, nə lazımdırsa Kanadaya, dedi.

Sonra bu Kanadanın bir məhkəməsi qərar çıxardı ki, İran keçən il ABŞ-ın və İsrailin hava hücumunu gözlədiyi zaman çaşıb Tehranın hava limanından qalxan Ukrayna təyyarəsini raketlə vuranda terror aktı törədib. Səmimi-qəlbdənmi, ya xamlıqdan demokratiyanı sevən hər bir kəs soruşa bilər ki, ay Kanada hakimi, sən dünyada elə bir terrorçu görmüsənmi ki, törətdiyi hadisədən dərhal sonra günahını etiraf etsin, desin “qələt eləmişəm, kaş Allah məni öldürəydi, bu raketi atmayaydım”, sonra təyyarənin qurbanlarının yaxınlarına təziyə verib, təzminat ödəməyə boyun olub və qəza ilə bağlı bütün sənədləri təyyarə sahibinə verib? Belə ikinci terrorçu dünyada varsa, göstərin, gedib ətəyində namaz qılaq.

Nə isə, bu həmin ölüdür ki, kəfəni bu dəfə Kanadada yırtıb indi çaparaq dünyanı gəzir.

Xeyr, mən atalarımızın dürlü kəlamının həqiqiliyinin sübutunu Avropa nümunəsində göstərmək istəyirəm. Bəli, bütün bu uzun işğal illərində Avropa dəfələrə Azərbaycana “can” deyib. Yəni yazığı gəlib, qaçqın-köçkünlərimizi görəndə, ürəyi ağrıyıb, Qırmızı Xaç təşkilatı hədsiz səxavət və şəfaətlə yüz minlərlə soydaşımızı illərlə himayə edib, yedizdirib, içizdirib, geyindirib. Çox sağ olsunlar, Allah onların cəmi əmvatına qəni-qəni rəhmət eləsin!

Hələ bu bəs deyilmiş kimi, son otuz ildə Avropa Azərbaycan hakimiyyətinə və cəmiyyətinə azı yüz kərə doğru yol göstərib, deyib ki, rüşvət almayın, vətəndaşa işgəncə verməyin, seçkiləri saxtalaşdırmayın, məhkəməni alverxanaya döndərməyin, yetimin çörəyinə bais olmayın. Çox deyib, az eşitmişik. Avropanın məsləhət gördüyünün tam əksini etmişik. Nə etmişik, əyri etmişik.

Avropa arada həm də bizə deyirdi ki, nəbadə erməni ordusunu öz qanuni ərazinizdən zorla çıxarasınız! Yalnız sözlə! Xahiş və minnət, yalvarış və iltimas!

Biz də sizin bu dinc səylərinizə dəstək olaraq sülh dumbulu çalacağıq.

Bəli, onlar sülh dumbulunu çaldılar, bizim diplomatiya da oynadı. Düz 27 il! Ta ki gözünə döndüyüm Nikol Paşiyan dedi ki, “haşa, bəsdir, Qarabağ Ermənistandır və nöqtə!”

Bu son qətrə səbr kasasını daşdırdı və İkinci Qarabağ mərəkəsi qopdu.

Olan oldu, keçən keçdi, dəxi hamı, bir ənənəvi müxalifətdən savayı, görür ki, Azərbaycan qanuni torpaqlarını qaytarıb.

Ədəbli və mərifətli adam nə deyər? Təbrik edər, deyər ki, xeyirli olsun, balalarınızın toyunu Şüşada edəsiniz və sair və ilaxır.

Xeyr, demokratik Avropa xeyli rəncidə oldu, bir xanım Merkeldən savayı, heç kəs bu qələbəni müsbət dəyərləndirmədi. Fransa isə, elə bil, ac qarına bir kilo acı soğanı yemiş adam kimi, qıvrılmağa başladı. Elə bil bu həmin Fransa deyil ki, bütün dünyaya ədalət və insanpərvərlik, bərabərlik və milli qeyrət dərslərini keçmişdi. Müsyö Makron buyurdu ki, Ermənistan istəsə, vasitəçi Fransa gəlib onun tərəfində cəngə qoşula bilər. Nikol dedi, lazım deyil. Fransa istədi BMT-də Azərbaycana qarşı bir dağı deşən qətnamə çıxarsın, İngiltərə qoymadı. Onda da Fransa, Belçika və Niderland parlamentləri hirslərindən bizim Milli Məclisi zəka yarışına çağırıb Artsaxın müstəqilliyini tanıyan qərarlar qəbul etdilər.

Makronun burnundan gəlsin İlham müəllimin Luvrun təmirinə xərclədiyi pullar!

İndi bildinizmi ki, bizim çoban atalarımız kimi və nəyi nəzərdə tuturdu? Nə olsun ki, adam qoyun otarır? Çoban bir baxır qoyun sürüsünə, iki baxır, üç baxır, birdən ağlına gəlir ki, ayə, bu qoyunlar lap elə bil insandırlar! Daha doğrusu, insanlar bəzən lap elə bil qoyundurlar! İllah ki, çoban olmayanda! Yəni sürüyə sərbəstlik versən, qoyun qırılıb gedər, tələf olar. Çobansız insan da həmçinin, başını boş buraxsan kəfənini yırtıb qaçar, dünyanı ölü dolaşıb biabır olar.

Sürüyə sərbəstlik verəndə, gedib özünə bir təkəni çoban seçər. Təkə isə, sizə ərz edim ki, elə həmin qoyundur, sadəcə saqqalı var. Bu saqqallı qoyun sürünü aparıb-aparıb axırda dərin dərəyə salar. Sonra isə sürü mələşər, o qədər mələşər ki, çoban eşidib gələr və yığar sürünün başını. Məhz bu səbəbdən möhtərəm İlham müəllim möhtərəm Məzahir müəllimə tapşırıb ki, Milli Məclisə camaatın əksəriyyətinin səs verdiyi adamları buraxmasın. Yalnız Preziden Aparatının seçdiyi adamları!

Sözümün canı nədir? Demokratiya qəliz şeydir, nə fisincan-plovdur, nə də kəsmə-şikəstə.

Odey, Amerika xalqına sərbəstlik vermişdilər, gedib 2016-cı ildə tam demokratik qaydada Donald Trampı özlərinə prezident seçmişdilər. O da sürünü sürüb elə bir otlağa salmışdı ki, ta onun başqa yönü qalmamışdı.

Onda da Amerikanın bütün qocaman çobanları toplaşıb elə bir oyun qurdular ki, sürünü Trampın əlindən alsınlar. Güclə ala bildilər. Çox sağ olsun Pensilvaniya seçiciləri! Seçki komissiyası ştatın poçt qutularına 700 min bülleten salıb göndərmişdi seçicilərə, Pensilvaniya novruzəliləri seçki komissiyasına 1 miyon 700 min bülleten geri göndərib hamılıqla sevimli Co Baydenə səs vermişdi. Mister Tramp bu sayaq demokratiyanı anlamayıb haray-həşir qoparanda kişinin Tvitterini, lap elə Azərbaycanda bizim “MeydanTV” və “Azadliq radio”su kimi, bloklamışdılar. Qəziyyə ilə barışmayıb Əli Kərimli kimi mitinq təşkil eləyəndə nümayışçiləri əvvəl güllələyib, sonra həbs etmişdilər, onun özünə də sonuncu impiçment-xəbərdarlıq etmişdilər. Demişdilər ki, “bir də kəfənini yırtsan, özündən küs”.

Nə isə, milləti dəvət edirəm fəxr etməyə. Atalar sözlərimizin dibi görünməyən müdrikliyi ilə, neftimizin yüksəlməyə başlayan qiyməti ilə, Qarabağa “Böyük Qayıdış” layihəsi ilə, “Eurovision” müsabiqəsində “Mata Hari” mahnısı ilə, iyun ayında Bakımızın küçələrində nərildəyəcək “Formula-1” yarışı ilə.

Gələcək qələbələrimiz çoxdur. Təki kəfənimizi yırtmayaq.

Ana səhifəXəbərlərÖlünü özbaşına qoysan, kəfənini yırtar