Ölkədə bir beyin işləyir

İlham Əliyev də, qalan əhli-hal dövlət məmurları da gözəl bilir ki, ümid qalıb Putinin kefinə

Source: Meydan.tv


İlham Əliyev də, qalan əhli-hal dövlət məmurları da gözəl bilir ki, ümid qalıb Putinin kefinə

Azərbaycanın mürəkkəb və dolaşıq müşkülləri çoxdur. Cəmiyyətin əksər hissəsi indi Qarabağdakı nisbi qələbədən sonra xeyli xoşhal olub və digər müşküllər barədə dəxi düşünmək istəmir. Hərçənd ki, düşünməyə dəyər.

Arif adam həmin an deyər ki, düşündün, düşünmədin, nə fərqi var? Onsuz da ölkədə cəmi bir beyin düşünür və yalnız onun düşüncə məhsulu tətbiq sahəsinə ötürülür. Nəticələr göz önündə.

1.İqtisadiyyatda xammal satışından savayı heç bir sahədə öyünəsi nəticə yoxdur.

2.Vətəndaşlarımızın həyat səviyyəsi, təbii ki, büdcəyə daraşmış zatları çıxsaq, acınacaqlıdır.

3.Dövlət cihazının faydalı iş əmsalı Stefensonun buxar maşınının əmsalından ciddi fərqlənmir.

4.Bütün dövlət müəssisələri ziyanla işləyir. Ziyanı neft gəliri ilə örtürlər.

5.Vətəndaşları polisdə çırpırlar. Dövlət cəmiyyətin etirazına məhəl qoymur. Vətəndaşların polisdə aramsız döyülməsi nəyi göstərir? a) dövlət vətəndaşa hörmət etmir; b) dövlət vətəndaşı qorxudur, yəni onunla münasibətdə terrora üstünlük verir; v) dövlət Konstitusiyanı əhəmiyyətsiz kağız parçası sayır; q) dövlət Azərbaycanın beynəlxalq aləmdə şəninə qara qəpik qiymət qoymur; d) vətəndaş zülmə əyilib döyülməyini adi hal sayır.

Müxtəsər, Azərbaycan mədəni ölkə deyil, barbar ölkədir. Yerimiz, insafən, Avropa deyil, Mərkəzi Afrika olmalı idi.

  1. Aparıcı dövlət təsisatları məzmunsuz müqəvvadır. Nə Milli Məclisin, nə Nazirlər Kabinetinin, nə məhkəmə sisteminin gerçək gücü və vəzni yoxdur. Çoxu naqqa balıq kimi ağzını açıb o bir işləyən beynin sahibindən icrası tələb olunan dəyərli göstəriş gözləyir.
  2. Dövlət cəmiyyəti diz çökdürüb və buna görə özündən çox razıdır. Müxalifət partiyalarını, vətəndaş cəmiyyəti özəklərini, KİV-i bihal edib. Niyə?

Heç kim dövlətin başında oturanlardan hesabat, aramsız oğurluq və qarət əməliyyatına son qoyulmasını tələb etməsin.

  1. Azərbaycan inhisar sahəsində dünya birincisidir. Ölkədə inhisara götürülməmiş cəmi üç sahə qalıb ki, dövlət onu da ələ almaq barədə düşünür: dəlləklik, avtomobil yuyulması və taksi xidməti. Qalan bütün sahələr hakim ailənin və onun naib-nökərinin inhisarındadır. Məqsəd ölkədəki bütün maliyyə axınlarını nəzarətə götürüb sınmamış-əyilməmiş vətəndaşları siyasətlə məşğul olmağa imkan verən maliyyə qaynaqlarından məhrum etməkdir.

Avtoritar sovet quruluşunda tərbiyə alıb yetişmiş yaşlı nəsil, dərəbəylik və “Həsən soxdu” keçid dövründə həyat vərdişlərinə yiyələnmiş orta nəsil və Ulu öndərin şəksiz siyasi dühasının bütün kitablarda və telekanallarda 7/24 təbliğatının meyvəsi olan gənc nəsil əsasən həyatından razıdır. Niyə də razı olmasın? Qonşunu döyürlər, məni ki döymürlər? Məni də döydülər, lakin bir dəfə, hər gün ki döymürlər? Dövlət büdcəsini talayıb sökürlər, mənə nə? Büdcə pulları nə vaxt xalqa mənsub olub ki, indi də bunun dərdini çəkək?

Əsas odur ki, “Qarabağ Azərbaycandır”!

Bu “Sov.İKP-yə eşq olsun” kimi yersiz-məzmunsuz şüara çevrilmiş iki sözü xırdalamağın vaxtıdır.

Əvvəla, Qarabağın 75%-i bizimdir. 25%-i Rusiyanındır. Orada yaşamağa məcbur edilən erməni əhalisi girovdur. Gedəsi, qaçası yeri yoxdur. Çarəsizlikdən sığınıblar Artsaxa. Onların sayı orada 25 min yox, lap elə 25 nəfər olsa belə, Rusiya öz xoşuna oradan çıxası deyil.

Həmin bu 25% ərazini qaytarmaq məsələsində Azərbaycanın heç bir strategiyası yoxdur. Allaha təvəkkül edib oturmuşuq. İlham Əliyev də, qalan əhli-hal dövlət məmurları da gözəl bilir ki, ümid qalıb Putinin kefinə. Kefi istəsə, dübarə 4 il yox, lap 40 il də sülhməramlı qoşununu Xankəndində saxlayar və bir nəfər ona “gözün üstə qaşın var” deyə bilməz.

Gerçəkliyimizin acı həqiqəti bundan ibarətdir. Uşaq vaxtı sevərək baxdığım hind filmi “Avara”nın qəhrəmanı Rac Kapurun dediyi kimi, “gecdir, Rita, sən oğrunu sevmisən!”

44 günlük müharibəyə qədər əmin idim ki, Azərbaycanın Qarabağ siyasəti “A-dan Z-yə” qədər Kremldə müəyyənləşir. Bunu müxtəlif hadisələr mənə yüz dəfə sübut etmişdi. Fəqət 44 günlük müharibə dövründə möcüzə baş verdi və ordumuz qələbə çaldı.

Bu möcüzənin adı “türk paşaları”idi. Onlar olmasaydı, Rusiyanin Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin görkəmli zabitləri ordumuzu növbəti analoqu olmayan ağır itkilərə və məğlubiyyətə bərabər şərəfli “heç-heçə”yə gətirəcəkdi. Türk paşalarının təkidi ilə rus casusları iflic vəziyyətinə salındı və paşaların rəhbərliyi altında mərd zabit və əskərlərimiz böyük şücaətlə Qarabağın 75%-ni azad edə bildilər.

Bu möcüzədən sonra bəlli oldu ki, Azərbaycanın öz müstəqil xarici siyasəti də ola bilərmiş. Məhz bunu anladığımdan haray salıb təklif etdim ki, indiyə kimi Rusiyanın heç bir vəchlə bizə izn vermədiyi “barış potensialı”nı işə salaq.

Nədir bu “barış potensialı”? Dünyanın coxdan minib səmada gəzdiyi “balonlardır”, bu. Avropa bu potensiala böyük önəm verir və əgər Azərbaycan bu potensialdan istifadə etməyə başlasa, nə Luvra, nə də Roma katakombalarına heç pul xərcləmək lazım deyil, Avropa özü könüllü şəkildə və havayı bizə alqış deyəcək.

Bu potensial bizdən qara qəpik əlavə xərc tələb etməyəcək. Bu potensialın mənası odur ki, ölkəmizdə bir düşünən beyindən başqa bir neçə digər beyin işə düşsün və onların da məhsulu işə salınsın. Nədir bu potensial?

  1. İlham Əliyev danışıq dilini dəyişsin. Anlasın ki, müharibə qurtarıb. Diplomatiya zamanıdır. Diplomatiyada isə “vuraram, yıxaram” sözləri yox, “gəlin birgə düşünək və işləyək” sözləri daha vacibdir.
  2. Bakı dünyaya car çəkməklə Ermənistanın tanınmış ictimai xadimlərini, ilk növbədə sülhpərvərləri Bakıya ölkəmizin vətəndaş cəmiyyətinin həqiqi sülhpərvərləri ilə görüşə dəvət etməlidir. Bu görüşün gedişi geniş yayımlanmalıdır.
  3. Bakı rəsmən elan etməlidir ki, “Zəngəzur dəhlizi” deyil, Zəngəzurdan Naxçıvana adi dəmir və şosse yolu istəyir, onun statusu Ermənistanın daxili işidir.
  4. Bakı elan etməlidir ki, Ermənistanın bir kvadrat santimetr ərazisinə iddiası yoxdur və delimitasiya danışıqlarına dünyanın bir neçə tanınmış sərhəd hüququ mütəxəssisini dəvət edir.
  5. Azərbaycan elan etməlidir ki, hərtərəfli sülh müqaviləsi mətni razılaşdırılana qədər Ermənistanla diplomatik əlaqə yaradıb Yerevanda səfarət açmağa hazırdır.

Bunu etsə, həm indiki mənasız və ziyanlı siyasi və hərbi gərginliyə son qoyar, həm dünyanın rəğbətini qazanar, həm də ara vurmağa çalışan Rusiyanın təsir imkanlarını ciddi tərzdə məhdudlaşdırar.

Bu təklifləri səsləndirəndə ümid edirəm ki, ölkədə tək bir düşünən beyin deyil, çox sayda beyin Vətən naminə işləməyə başlayacaq. Və əgər Qarabağ müşkülünün tənzimlənməsində bu təcrübə fayda gətirsə, bəlkə ölkə həyatının digər bərbad sahələrinə də fərqlı düşünən beyinlər lazım olar?

Ana səhifəXəbərlərÖlkədə bir beyin işləyir