“Ölkə daxilində hansısa bir narazılıq olanda prezident Şuşaya gedir…”

“Ölkədə narazılıq olanda prezident Şuşaya gedir”

İctimai fəal Bəxtiyar Hacıyevin paylaşımları, müxtəlif platformalarda çıxışları, güc nazirlikləri, hakim partiya və bir neçə şəxs haqda məhkəmə iddiası qaldırması ona ünvanlanan sualların sayını artırıb. Təxminən 1 il əvvəl isə Bəxtiyar Hacıyev hakimiyyətin islahat apardığını söyləyərək, bəzi insanları da inandırmışdı. Elə söhbətimizi də bu yöndə yaranan suallardan başladıq.



Bəxtiyar bəy, təxminən 1 il əvvəl hakimiyyəti islahatlar aparır deyə dəstəkləyirdiniz. Bəs nə baş verdi ki, sonradan hakimiyyətə qarşı tənqidi çıxışlar etdiniz? Ümumiyyətlə, nə dəyişdi, islahatlar dayandımı, yaxud siz dediyiniz islahatlar vardımı?

–       Təxminən 2019-cu ilin əvvəllərində bu proses başlamışdı. Xatırlayırsınızsa, həmin vaxt Mehman Hüseynov həbsdəydi və o müddətdə ona ikinci cinayət işi açıldı. Mən də bu məsələdə fəal olaraq hakimiyyətə qarşı çıxırdım, eyni zamanda, prezidentin səhifəsində “Mehmanı azad et” həştəqi ilə kampaniyaya başlamışdım. Ondan sonra mənə eyni gündə və eyni saatda hakimiyyətdən 6-7 fərqli şəxslər zəng etdi, hamısı da prezidentin birbaşa təyin etdikləri idi. Onlar dedi ki, prezident Bəxtiyar Hacıyevlə görüşməyi tapşırıb. Və izah edin ki, artıq repressiyalara son qoyuruq, bunun sonu yoxdur və islahat yolunu seçirik, özünüz hansı yeniliklərə getdiyimizi görəcəksiniz. Bu söhbətdən sonra ən azından kosmetik də olsa, müəyyən dəyişikliklər hiss olunurdu, prezident rayonlara vətəndaşlarla görüşə gedirdi, rəqs edirdi, şəhid ailələrinin müəyyən ödənməyən kompensasiyaları ödənirdi. Mart ayında 50-dən çox siyasi məhbus azadlığa buraxıldı, onların arasında “heykəl məhbusu” kimi tanıdığımız mərhum Bayram Məmmədov və Qiyas İbrahimov də vardı, bir çoxu düşünürdü ki, kim azad olunsa da, onlar saxlanılacaq, ən azından 10 il həbsdə qalacaqlar. Amma 2019-cu ilin martında bunları görəndən sonra müəyyən ümidlər yarandı ki, prezident islahatlar yoluyla hakimiyyətini uzada bilər. Həmin dövrdə ardıcıl olaraq mesajlar bu idi ki, Ramiz Mehdiyev və Əli Həsənov bu prosesə mane olur, onlar gedəcək, yerinə yeni kadrlar gələcək. Hətta mənə də təklif olundu ki, yeni komandada ola bilərsən. Onlar gedəcək, hər şey dəyişəcək.



Onlar da getdi…

–       Bəli, getdi və ondan sonra ilk seçki bələdiyyə seçkiləri oldu, amma gördük ki, seçkilər əvvəlkilərdəın heç nə ilə fərqlənmir. Artıq ona qədər də onların yerinə gələnlərin əvvəlkilərdən fərqlənmədikləri haqda işarələr vardı. Bir müddət sonra məndə islahat mesajına bir soğrulanma yarandı. Eyni zamanda, mənə də hakimiyyətdə təmsil olunmaq təklifini xatırlatdım.



Elə onu soruşmaq istərdim, hansı vəzifə təklif olunmuşdu?

–       Mənə müxtəlif şəkillərdə fəaliyyətimi davam etdirmək təklif olundu, bunların bir çoxu dolayısı yollarla idi ki, biznes qurub vermək istəyirdilər. Yaxud dövlətə yaxın işləri görün, məsələn, ASAN-Xidmətdə innovasiya mərkəzi qurulur, siz MMC qurun, kənardan dəstək olacaq, dövlətlə də heç bir bağlılığı olmasın. Bu təklifi qəbul etmədim. Sonra siyasi partiya yaratmaq təklif olundu, müxalif partiya, tənqid edin, amma sənə dəstək olaq, razılaşmadım. Mənim şərtim bu oldu ki, əgər doğrudan da, islahatlar olacaqsa, həbs olunmuşam, hakimiyyəti tənqidi mövqeyimlə tanınıram, ona görə ictimaiyyətə əsaslandırmalıyam ki, niyə bu gün hakimiyyətdə təmsil olunuram. Bunun da bir yolu var, ictimai faydalı, şəffaf bir iş və yeni yaranmış, reputasiyası yaxşı bir qurum olacaqsa, onda müzakirə etmək olar. Yoxsa hansısa bir qurumda nazir müavini, yaxud korrupsiyalaşmış bir qurumun rəhbəri olacağamsa, bunda maraqlı deyiləm. Müzakirə bir neçə ay uzandı, sonra tədricən gördüm ki, bu, növbəti parlament seçkilərində müəyyən insanları zərərsizləşdirmək üçün ortaya atılmış bir söhbətdir, məqsəd insanların rahatlanıb hakimiyyəti tənqid etməməsidir. Bələdiyyə seçkiləri keçiriləndə artıq tənqidlərimi edirdim ki, bəs Ramiz Mehdiyevin, Əli Həsənovun gedəcəyini və ardınca hər şeyin dəyişəcəyini söyləyirdiniz. Amma bələdiyyə seçkiləri əvvəlki şəkildə həyata keçirildi, hanı islahat?! Parlament seçkiləri təyin olunanda birbaşa prezidentin səs verdiyi dairəyə gedib dedim ki, ölkədə islahat olub-olmayacağını müəyyənlədirməyin bir yolu var: əgər dövlət başçısı özünün də səs verdiyi dairədə seçkilərin nəticələrini saxtalaşdıracaqsa, şəxsən mənim və ictimaiyyət üçün islahatın imitasiyadan başqa bir şey olmadığı aydınlaşacaq.



Siz özünüz necə, hakimiyyətdən vəzifə umurdunuzmu?

–       Mən vəzifə ummurdum və ümumiyyətlə, məndən bu istiqamətdə heç vaxt təşəbbüs olmayıb. Bəzən ReAL Partiyasının üzvləri, yaxud müstəqil görünən, amma hökumətə yaxın insanlar tez-tez atmaca atırlar ki, Bəxtiyar Hacıyev CV göndərib, iş, vəzifə istəyib, indi də vəzifə davası edir. Halbuki, indiyə qədər heç kəsə bu yöndə təşəbbüs getməyib. Hökumətdən, prezidentdən və onun təyin etdiyi şəxslərdən təşəbbüs gəlib ki, dövlət başçısı həbsimin səhv olduğunu, faydalı kadr ola biləcəyimi, bir sahəyə təyin etməyin mümkünlüyünü və o sahədə islahatlar apara biləcəyimi deyib. Mən də cavab vermişəm ki, əgər niyyət islahat aparmaqdırsa, şəffaf bir təşəbbüs və “Facebook”da status yazmaqdan daha faydalı olacaqsa, bunu müzakirə edə bilərik. Müəyyən müddət keçəndən sonra qeyri-müəyyənliklər başlayıb və görmüşəm ki, məqsəd seçkilərə qədər işləri uzadıb, seçkilərdən sonra “alınmır” deməkdir. Ona görə nəticələri bildiyim halda seçkilərə qatıldım, çünki Nigar Arpadari namizəd verilibsə, böyük ehtimalla da o təyin olunacaq. Eyni zamanda, bayaq islahatları dəstəklədiyimi xatırlatdınız, bəli, islahat tərəfdarı olmağım haqda mesajlarım oldu. O islahat mesajına verdiyim töhfəni ən azından aydınlaşdırmalıydım ki, islahat yoxdursa…



Amma bir çox insanı islahata inandırmışdınız…

–       Yox, mən özüm də inanırdım ki, ağıllı yol budur, yəni prezidentin hakimiyyətini uzatmağının və ölkənin rifahı üçün bir yol var, o da islahata getməlidirlər.



Və müharibə başladı, nəticədə hakimiyyətin ömrü də uzandı demək olarmı?

–       Yox. Əgər İlham Əliyev öz reputasiyasını qorusaydı… Yəni müharibə onun reputasiyasını xeyli qaldırmışdı, düşünürdüm ki, o, bunu uzun müddət qoruyub saxlayacaq. Amma müharibədən sonrakı ritorika fərqliydi, elə bilin ki, Paşinyana qarşı istifadə etdiyi ritorikanı daxilə, rəqiblərinə və öz komandasına yönəltdi. Elə Tovuz hadisələri zamanı deyirdi ki, xarici işlər nazirini tapa bilmirəm, 150 nəfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçib, cümhuriyyət liderlərinə qarşı sərt çıxışları oldu. Müharibədən sonra 28 mayda dövlət başçısının təbrikini görmədik, ilk Respublika Günüydü ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmişdi və ilk Respublika Günüydü ki, Rusiya qoşunları Azərbaycandaydı. Mənim üçün İlham Əliyevin Respublika Günündə verəcəyi mesaj çox önəmliydi, amma axtardım heç bir yerdə yox idi.



44 günlük savaş zamanı fəallıq göstərdiniz, cəbhəyə yardım kampaniyası təşkil etdiniz. Amma bu addımınızı dəstəkləyənlər çox olmaqla yanaşı fərqli yanaşanlar da vardı. Məsələn, “hərbiyə getməyən Bəxtiyar Hacıyev gözlənilmədən müharibə tərəfdarı oldu”. Bu ittihamı necə izah edərdiniz?

–       Mən 2006-cı ildə magistraturada təhsil alanda, möhlət aldım, ondan əvvəl 2004-cü ildə bakalavrı bitirəndə də möhlət verildi. 2007-ci ildə də ABŞ-da təhsil alanda da möhlət verilib, hər dəfə də ölkədən rahat çıxış imkanım olub. 2010-cu ildə parlament seçkilərində namizəd oldum, təbii ki, axtarışda olsaydım, namizəd kimi qeydə almazdılar. Bütün sənədlərim yoxlanılıb, seçkilərə qatılıb ictimai debatlarda iştirak etdim, elə İctimai Televiziyada debat günü ölkədən çıxışıma qadağa qoyulub. Seçkidən sonra da deyildi ki, kampaniyadakı fəaliyyətinə görə cəzalandırılacaqsan.



Kim deyib?

–       Prezident Administrasiyasından deyilib.



Həmin adamlar yenə vəzifədədirmi?

–       Xeyr, vəzifədə deyillər. Mən Gürcüstana gedib doktorantura təhsilimi almaq, sonra işləmək üçün ABŞ-a qayıtmaq istəyirdim. Ölkədən çıxmaq istəyəndə qadağa olduğunu dedilər və tarixi də göstərəndə, İctimai Televiziyada debatda olduğum gün qadağa qoyulduğunu gördüm. Və deyildi ki, səni hərbi hissədə cəzalandıracağıq, orda heç bir şey edə bilməyəcəksən, çünki ora ictimai nəzarət yoxdur. Bunun ordudan istifadə olunaraq siyasi təzyiq vasitəsi olduğunu söyləsəm də, əksinə, hüquqi məsələ olduğunu bildirib və məni hərbi xidmətə göndərmək istədiklərini əlavə etdilər. Onda Konstitusiyada alternativ xidmət olduğunu xatırladıb vətənə xidmət borcumu bu şəkildə ödəmək istədiyimi dedim. Qanunun hazır olmadığını söyləyəndə, bunun vətəndaşın günahı olmadığını dedilər, hazırlayın, sonra tələb edin. Proses bu şəkildə başladı. Hakimiyyət niyə məhz hərbi məsələdə mənim üzərimə gəldi? Hərbi xidmətə göndərsəydilər, orda müxtəlif formalarda cəzalandırardılar, həbsdə olanda hərbçilərlə bir kamerada qalırdım, onların bir çoxunu çox sadə yollarla daha böyük cinayətdə ittiham edirdilər və heç kim də bu cinayəti törədib, törətmədiyini sübut edə bilmirdi. Məsələn, hərbi hissə komandiri deyirdi ki, get, su gətir, əsgər gedir və ittiham edirdilər ki, düşmən tərəfə getdiyi üçün həbs etdik. Yaxud “Tərtər hadisələri” ilə bağlı nə qədər həbs olunan var, hərbi məsələdə sübut etmək mümkün deyil, vəkil gəlmir, ictimai nəzarət yoxdur. Hakimiyyət bununla bağlı çox vurmaq istədi ki, vətənpərvər deyiləm, fərariyəm, qısa bir müddət bu təbliğat işlədi. Ondan sonra insanlar gördü ki, bu maddənin məcəllədə cəzası ən yuxarı hədd kimi 2 ili ehtiva edir və bütün məhkəmə instansiyaları 2 il cəza verdilər. Ümumiyyətlə, orduda olmamağımla bağlı içimdə bir boşluq vardı, insanlar zaman-zaman əsgərlik xatirələrini danışanda, toxunurdu. Parlament seçkiləri bitib, pandemiya başlanıb, təsəvvür edin ki, evdəsən və televiziyanı açırsan, yerində Nigar Arpadarinin danışdığını görürsən. Sonra müharibə başlayır, fövqəladə vəziyyət və mən yenə evdəyəm, kinoya baxıram. Ardınca müharibə başlayır, internet zəifdir.



Orduya dəstək kampaniyasını özünüz təşkil etdiniz, yoxsa hakimiyyət də bu işin içindəydi?

–       Yox, ona gəlirəm. Həmin müddətdə Müdafiə Nazirliyinə, hərbi komissarlıqlara, tanıdığım generallara xəbər göndərdim ki, belə vaxtda evdə otura bilmərəm, ölkə müharibə edirsə, mən də bunun bir hissəsi olmalıyam. Hərbi xidmətdə olmadığımı yada salanda, sual verdim ki, mərmi daşımağa yaramayacam? Ən pis halda mərmi daşıyaram, 3-5 günlük təlimdən sonra arxa cəbhəyə də göndərin, yəni evdə otura bilmərəm. Bir müddət sonra lisey yoldaşlarımız xəbər aldı ki, orduda təminatla bağlı ciddi problemlərin olduğunu deyirlər, xüsusilə də tibbi ləvazimatlar. Müəyyən vəsait yığılsa da, bununla orduya hansısa dəstək verə bilməyəcəyimi dedim, gəlin, bunu ictimaiyyətə elan edək. Elə “Kaspian Plaza”nın rəhbərliyi ilə danışdıq, bizə boş yer verdilər, gözləmədiyimiz şəkildə insanların axını başladı. Təbii ki, dövlət qurumları ilə koordinasiya etdik. Çünki yardımları aparmaq üçün postları keçməliydik, Daxili İşlər Nazirliyinin icazəsi, hərbi hissələrdən bəzi məlumatları dəqiqləşdirmək lazım idi, o mənada ki, yardımları istəyən şəxsin vəzifəli olub-olmadığını bilməli idik, yaxud təyinatı üzrə istifadə olunduğu bilinməliydi. Buna görə Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili işlər nazirlikləri, həm də Gömrük Komitəsi ilə xaricdən gələn yardımları götürmək üçün məsələləri koordinasiya etdik.



Beləliklə, müharibə bitdi, yenidən sərt tənqidlərə başladınız. Sizi buna nə vadar etdi?

–       Səbəb Prezidentin 10 noyabr bəyanatı ilə bağlı verdiyi səhv, yalan məlumatlar idi. Məsələn, dövlət başçısı deyir ki, münaqişə bitib, 10 noyabr bəyanatında bu əks olunub, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Təbii ki, bu sualları 10 noyabrda da qaldırdıq.



Prezident iyulun 14-də də həmin açıqlamarı verdi…

–       Biz məyus olmuşduq, müəyyən insanlar prosesin həmin vaxt dayanmayacağını gözləyirdi. Bu qədər şəhid verdik, amma gecəylə Rusiya qoşunları ölkəyə daxil oldu, Dağlıq Qarabağın taleyi aydın deyil, statusla bağlı heç nə yoxdur, tədricən bu məsələləri sorğulamağa başladıq. Yəni informasiya boşluğu olduğu üçün bir az açıqlama verin. Həmin anda hakimiyyətin trolları hücumlara başladı, biz bir az da sərt soruşduqda, düşmən, xain olduğumuzu söylədilər. 44 günlük fəaliyyətimizi kənara  qoyub, niyə soruşursunuz ki, “Xankəndinə nə zaman gedəcəyik”? Yaxud “niyə Qarabağda türk qoşunları yoxdur” sualını verirsiniz? Zaman keçdikcə, onlar nə qədər sərtləşirdisə, biz də o qədər sərtləşirdik.



Siz yəqin ki, dövlət başçısının Qarabağ regionunu əhatə edən iqtisadi rayonların yeni bölgüsü haqda fərmanından xəbərdarsınız. Tanınmış bir sıra iqtisadçılar və hüquqşünaslar  sənədi müsbət qiymətləndirdilər. Bu baxımdan fərman dediklərinizə bir cavab sayıla bilərmi?

–       Hakimiyyət son zamanlar Qarabağ məsələsindən daxili ictimai rəyi dəyişmək üçün ustalıqla istifadə etməyə çalışır, bəzən alınır, bəzən isə alınmır. Ölkə daxilində hansısa bir narazılıq olanda prezident Şuşaya gedir, armudu stəkanda çay içir, bir-iki bəyanat verir ki, erməniləri əzdik və s. Qısa müddət həmin məsələlər unudulur. Yaxud hansısa dezinformasiya buraxılır, Zəngəzuru aldıq, ordumuz ora girdi. Birinci növbədə sual yaranır ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir, əgər bu gün Xankəndində Ermənistanın, Rusiyanın və qondarma rejimin bayraqları dalğalanırsa və Azərbaycan bayrağı dalğalanmırsa, prezident “ərazi bütövlüyümüz təmin olunub” deyə bilməz. Əgər bu gün Rusiya sülhməramlıları orada olduğu halda Şuşaya atəş açılırsa, Azərbaycan necə deyə bilər ki, ərazi bütövlüyümüz təmin olunub?



Bu xüsusda opponentləriniz də başqa bir arqument deyir: 2 il əvvəl, 2019-cu ildə Şuşa haqqında düşünmürdük, amma vəziyyət dəyişdi. Ola bilər ki, yaxın 3-5 ildə də oxşar situasiyalar yaransın, rus ordusu da ölkədən getsin, deyilənlərlə razısınızmı?

–       Birincisi, mən ordumuzun əməyini heç vaxt kiçiltmək istəmərəm. Ordumuz bu döyüşlərdə çox böyük uğur qazandı. Mən şəxsən xoşbəxtəm ki, Azərbaycan ordusunda elə insanlar tanıdım, ölkənin gələcəyinə ümidim artdı. Bu, həm Müdafiə Nazirliyinin özü, həm zabitlər, həm də əsgərlər səviyyəsindəydi. Amma 44 gündə baş verənlər “Lavrov planı”nın kiçik modifikasiyasıdır, yəni planın Şuşa və Hadrut olmadığı halda müharibə yoluyla reallaşmasıdır. Rusiya prezidenti Vladimir Putin 2020-ci ilin 17 noyabr müsahibəsində deyir ki, Ermənistan və Azərbaycan başçıları ilə 19-20 noyabrda müzakirə etdik, razılaşdıq ki, Şuşa qalır ermənilərin nəzarətində, ora rus sülhməramlıları yeridilir. Azərbaycan prezidentinin tək istəyi şuşalıların Şuşaya qayıtmasıydı. Belə çıxır ki, Şuşanın qaytarılması Paşinyanın razılaşmamasına görədir, Azərbaycan bu məsələni hələ bu günə qədər təkzib etməyib. Müharibənin gedişi də göstərdi ki, Rusiya nə zaman dayan desə, Azərbaycan dayanıb.



Amma prezident iyulun 14-də dedi ki, “ordan-burdan Dağlıq Qarabağ münaqişəsi sözlərini eşidirəm, bu sözü unutmaq lazımdır, artıq münaqişə bitib, azərbaycanlılar da Zəngəzura İrəvana belə qayıdacaq…”

–       Azərbaycanlılar qayıdacaq, amma ölkə başçısı ADA Universitetində bu fikri belə əsaslandırdı ki, Ermənistana ərazi iddialarımız yoxdur, azərbaycanlıların da ora bizim ərazimiz kimi qayıdacağını demirəm. Sözündən belə çıxdı ki, münasibətlər normallaşsa, turist kimi Göyçəyə də, İrəvana da gedə bilərik. Deməli, bunun yalnız bir izahı var, o, turist şəklində qayıtmağı nəzərdə tutur. 44 günlük müharibədə Azərbaycanın arxasında Türkiyənin hərbi və diplomatik açıq dəstəyi vardı.



İndi dəstək yoxdur?

–       Bilmirəm. Mən faktı deyirəm ki, savaş vaxtı Türkiyənin çox açıq diplomatik və hərbi dəstəyi vardı, Azərbaycan xalqı da birləşmişdi. İnsanlarda bir ümid vardı ki, müharibə başlayıba, biz şəhidlər veririksə, məsələ birdəfəlik bağlanmalıdır. Azərbaycan ərazi bütövlüyünü tam təmin edəndən sonra erməni əsilli vətəndaşlarını dəvət edib deyə bilərik ki, bəli, burda yaşamısınız, indi qanunlarımızı, bayrağımızı və Konstitusiyamızı qəbul edib, yaşamaq istəyirsinizsə, buyurun. Asan məsələ deyil. Erməni lobbisi, Ermənistan hakimiyyəti və Qarabağ erməniləri həmişə ətraf rayonları bufer zona kimi istifadə edib deyirdilər ki, əraziləri danışıqlar yoluyla qaytara bilərdilər, amma bunun əvəzində status məsələsi gündəmə gəlməlidir. Müharibə göstərdi ki, onlar bufer zona saydıqları rayonlardan belə döyüşə-döyüşə geri çəkildilər, qoyub qaçmadılar. Onlar tərəfdən də itkilər çox oldu, bizim də xeyli şəhidlərimiz və yaralılarımız vardı. İndi onlar Xocalını, Xankəndini qədim erməni və Ermənistanın ayrılmaz hissəsi sayırlar, müstəqil dövlət kimi görmək istəyirlər. Rusiya orda olduğu halda Qarabağ erməniləri könüllü olaraq Azərbaycanın tərkibinə keçərlərmi?

–       Nəzərə alın ki, bir neçə il əvvəl ermənilər Ağdama ad qoyub qədim erməni ərazisi sayırdı, amma nəticə necə oldu, gördük…

–       Belə çıxır ki, növbəti müharibə lazımdır. Prezident sülh yoluyla münaqişənin həlli yolunu görürsə, bunun mesajını versin ki, necə olacaq. Əks təqdirdə, sülh görmürüksə… Bilirsiniz, hakimiyyətdə bəziləri məni səhv başa düşür, elə bilirlər ki, mən harda boşluq görürəmsə, ordan vurmağa çalışıram. Əgər dövlət başçısı desə ki, dünyada reallıqlar var, regionun reallıqları var, biz bu mərhələyə qədər gələ bildik, amma tam olaraq ərazi bütövlüyümüzü təmin edəcəyik, heç kim onu qınamaz. Hamı anlayacaq ki, Azərbaycan Rusiya ilə birbaşa qarşıdurmaya gedə bilməz. Amma deyəndə ki, ərazi bütövlüyümüz təmin olunub, hər şey bitib, insanlarımız isə minaya düşür, Şuşa atəşə hədəf olur.



Son aylar əsas işiniz şəxsi hücumların qarşısını almaq olur, hakim partiyanı və bir neçə nəfəri məhkəməyə vermisiniz. Nə baş verdi ki, hədəfə gəldiniz?

–       Çox güman ki, hakimiyyət istəmədiyi sualları qaldırdığıma və ictimaiyyətin də bunları dəstəklədiyinə görə. Təxminən yanvardan etibarən artan hücumlar var, iki dəfə çox ləyaqətsiz şəkildə mənə qarşı kampaniya ediblər, hər iki halda bunları Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlüksəzilik Xidmətinə və Republika Prokurorluğuna təqdim etmişəm.



Reaksiya olubmu?

–       Reaksiya olub ki, araşdırma müddəti var, araşdırıb  cavab verəcəklər. Yəni saxta olduğunu etiraf ediblər. Amma 3 aydan sonra cavab yazıblar ki, sosial şəbəkələrin serverləri xaricdə olduğuna görə heç bir araşdırma edə bilmirlər. Həmin qərarlardan məhkəmələrə müraciət etdik ki, serverlər xaricdədir, amma müəyyən istintaq tədbirləri görülə bilərdi, əlavə şahidlərin ifadələri mümkün idi, dindirərdiniz, heç bir istintaq tədbiri görməyiblər. Bununla bağlı Daxili İşlər Nazirliyini, Dövlət Təhlükəsizlik Xidmətini və Respublika Prokurorluğunu məhkəməyə vermişik. Yeni Azərbaycan Partiyasını isə başqa bir məsələyə görə məhkəməyə vermişəm, dediyiniz dələduzu da…



Siz Ramil Hacılını nəzərdə tutursunuz? Onun nümayəndəsi burda yoxdur deyə cavab verə bilmir…

–       Bəli, onun barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. Yaxını, keçmiş xanımı deyir ki, necə oldu, təsadüf baş verdi…



Əlinizdə Ramil Hacılı barəsində əsas varmı ki, məhkəməyə müraciət etdiniz?

–       Bəli, əsas olmasaydı, məhkəmə icraata qəbul etməzdi. Mən xüsusi ittiham qaydasında müraciət etmişəm və bu qaydada da icraata götürülübsə, bu, artıq cinayət işinin açılması kimi bir şeydir. Həmin şəxs artıq təqsirləndirilən şəxs statusuna bərabər statusa düşür. Onun yazıları, video çıxışları var, təsəvvür edin ki, 2013-cü ildə mənə qarşı kampaniyaya başladı, o zaman ABŞ-da Harvard professorları və senatorlarla çox  uğurlu görüşlər keçirirdim. O zaman cavab verdim, bitdi. Amma 2020-ci ilə qədər də davamlı olaraq təhqir, böhtan kampaniyasını davam etdirirdi, cavab vermirdim. Parlament seçkilərində isə  dairəmdən namizəd deyildi, partiya üzvü də deyildi ki, kampaniya aparsın, amma dayanmadan hər gün yazırdı. Bir məqsədi vardı, mənim hakimiyyətdə tənqid etdiyim şəxslərdən kimsə ona sahib çıxıb növbəti cinayətlərindən xilas etmək.



Bəxtiyar bəy, yekuna gələk, hakimiyyətin özünün dediyi kimi azad edilən ərazilərdə quruculuq işlərinin aparıldığını izləyirsiniz. Necə qiymətləndirsiniz baş verənləri?

–       Gördüyüm odur ki, quruculuq işləri bir neçə ölkə və daxildəki bir neçə ailə şirkəti arasında paylaşdırılıb, orda nə baş verdiyini yalnız onlar bilirlər. Yəni bütün maraqlı ölkələrin maraqları təmin olunub, yerdə qalan əkinə yararlı yerlər, turistik məkanlar artıq müəyyən insanlar və şirkətlər tərəfindən mənimsənilib. İş o istiqamətdə gedir. Əhalini ora buraxmamaqla əsaslandırırlar ki, bəzi ərazilər minalanıb. Amma elə yerlər var ki, 10 min hektar ərazidə əkin işləri aparılır, deməli, istək olanda çox asanlıqla yerləri minalardan təmizləyə bilirlər. Önəmli olan yerləri ya xarici şirkətlərə veriblər, onların marağını təmin etmək üçün tikinti işləri aparılır, yaxud ölkə daxilində böyük tenderləri udan, hakim ailəyə yaxın, özlərinin olan şirkətlər ərazilərdə artıq tikinti işləri aparırlar. Və bir məqamı da vurğulayım ki, bir neçə hava limanının inşasının məqsədi mənə aydın deyil, çünki Azərbaycanda bir neçə beynəlxalq hava limanı var ki, orada həftə ərzində uçuşlar olmur. Məsələn, Zaqatala, Lənkəran, Gəncə hava limanları. Nə zərurət yaranıb ki, Füzulidə, Zəngilanda hava limanları tikilir və hətta bir neçəsi də inşa olunacaq?!

Ana səhifəVideo“Ölkə daxilində hansısa bir narazılıq olanda prezident Şuşaya gedir…”