“Ola bilməz!”in həzin sonu…

Ümumiyyətlə, siz bu ölkədə axırıncı dəfə nəyə “Ola bilməz!” demisiniz?

Foto: Meydan TV


Bu, elə bir dövrdür ki, artıq heç bir anormal danışıq və ya davranış adamlarda təəccüb yaratmır

Bu yaxınlarda “Facebook” sosial şəbəkəsindəki səhifələrdən birində, adətən ictimai qəzəb və qınağa səbəb olan çıxışları ilə bilinən deputatın adından bir paylaşıma rast gəldim. Növbəti absurd, gülünc, gülünc olduğu qədər ikrah doğuran sitat idi, üstəlik, əvvəlki çıxışları ilə müqayisədə bu dəfə absurdun “doza”sını çox, həm də həddən çox eləmişdi.

Nədənsə içimə yüngülcə qurd düşdü, internet üzərindən kiçik axtarış apardım, sitatın qaynağını öyrənməyə çalışdım, bəlli oldu ki, əslində paylaşım müəllifləri bizi yaxşıca trollayıblar, həmin nə belə açıqlaması var, nə də müsahibəsi, çıxışı.

Halbuki paylaşımın altında 100-ün üzərində “Facebook” istifadəçisi o deputatın, ümumiyyətlə isə iqtidar təmsilçilərinin ünvanına artıq dişlərinin dibindən çıxanı yazmışdılar, yazmağa da davam edirdilər. Onları maraqlandırmır ki, hətta lap yaptokrat olsa belə, bu cür absurd, komik açıqlama vermək olar. Onlar üçün fərqi yoxdur həmin deputat o sözləri həqiqətən deyib, ya yox. Onlar üçün heç gətirilən qondarma sitatdakı fikirlərin gülünclüyünün, absurdluğunun bir mənası da qalmayıb.

Onlar illər uzunu içlərinə yığılmış qəzəbi, acığı püskürmək üçün sadəcə bir fürsət axtarırlar!

Onlar illər uzunu elə əndrəbadi, əcayib-qərayib söhbətlərin, hadisələrin şahidi olublar, artıq ən axmaq fikrə belə qeyd-şərtsiz inanırlar. Onlar fikirləşirlər ki, Azərbaycanda deputat rahatlıqla bu cür “quşlaya” bilər, məmur asanca bu cür danışa bilər!

Bax biz belə bir dövrə gəlib çıxdıq.

Bu, elə bir dövrdür ki, artıq heç bir anormal danışıq və ya davranış adamlarda təəccüb yaratmır.

“Ola bilməz!” – bu indi bizdə arxaikləşmiş, leksikondan çıxmış deyimdir.

Adamların gözünün heyrəti ölüb: onları istənilən absurda, axmaqlığa asanlıqla inandırmaq olar. Buna cəhd etməyə belə ehtiyac yoxdur, sosial şəbəkələrdə kiçik bir eksperiment eləyin, hansısa tanınmışın (statusundan asılı olmayaraq) adından istənilən bir şey yazın, insanlar həqiqət olub-olmadığını araşdırmadan, qaynağına baş vurmadan yazdığınızın üzərinə atılacaq, həmin tanınmışın ünvanına döşəyəcək.

Yuxarıda da yazdığım kimi: ən önəmli səbəb adamların daxilində illərboyu toplanan, üzə çıxarmaqdan, Anadolu türkləri demiş, “dışa vurmaqdan” qorxduqları, çəkindikləri, ən əsası isə artıq içlərində saxlaya bilmədikləri, ürəklərinin dərinliyinə gömmək istəmədikləri, bədəli nə olursa olsun, çölə (indiki halda: sosial şəbəkələrə!) püskürtmək üçün fürsət axtardıqları mənfi enerjidir, qəzəb və nifrətdir.

Başqa bir səbəb isə “Bura Azərbaycandır, hər şey ola bilər” məntiqinin tamamilə normativə çevrilməsidir.

Biz eşitdiyi ən absurd, anormal iddia çıxış qarşısında qeyri-iradi verilən “Ola bilməz!” reaksiyasının tarixə qovuşduğu ölkənin sakinləriyik.

Biz daha gözlərdəki heyrətin öldüyü, adamların heç nəyə təəccüblənmədiyi məmləkətdə yaşayırıq.

“– Filankəs rüşvət alır.

– Doğrudan? Ola bilməz, əşşi”.

Siz artıq Azərbaycanda iki nəfər arasında belə bir dialoq təsəvvür edə bilirsiniz?

Siz təsəvvür edə bilirsiniz ki, artıq məmləkətdə kiminsə maddi imtiyazlar qarşısında öz əqidəsinə dönüklüyü, kiminsə üzəduranlığı, işverənliyi başqa birini təəccübləndirsin, onda “Ola bilməz!” reaksiyası doğursun?

Ümumiyyətlə, siz bu ölkədə axırıncı dəfə nəyə “Ola bilməz!” demisiniz?

Məmləkət saysız-hesabsız problemlərin içində çapalayır, sıxılır, boğulur.

Ancaq inanın ki, onların içərisində mənəvi baxımdan ən ağır olanı, ən ağrılı, ən kədərli olanı və gələcək adına yaxşı heç nə vəd etməyəni məhz budur: heç bir anormallığın adamlarda təəccüb, heyrət doğurmaması, insanların anormal, absurd olan hər şeyi sıradan qəbul etməsi, normativ kimi qarşılaması, “Ola bilməz!”i bilmərrə leksikonundan çıxarıb, “Bura Azərbaycandır, hər şey ola bilər”ə köklənməsi…

Dərindən düşündükdə bunun nədən daha ağrılı, ağır, kədərli və gələcəyimiz baxımından daha əndişəverici olduğunu özünüz də tapa bilərsiniz.

Məndən bu qədər.

Ana səhifəXəbərlər“Ola bilməz!”in həzin sonu…