İlkin Rüstəmzadə

Mənbə: meydan tv

Başlıq: İlkin Rüstəmzadə

Nüvə dövrünün ilk akkordu: ''Manhetten'' və Xirosima

Məqalə yeniləndi:  8 Avqust 2019

Bombanın atılmasındakı əsas motivasiyalardan biri də şərqi və mərkəzi Avropanı əzən dəmir pərdəyə-Stalinə güc nümayiş etdirmək idi

16 iyul 1945-ci il, saat 5:29.45, Alamoqordo, Nyu-Mexiko ştatı. Əksəriyyəti Hitlerin zülmündən qaçmış bir qrup alim Robert Oppenhaimerin rəhbərliyi altında tarixdəki ilk nüvə silahı sınağını həyata keçirirlər. Partlayışdan şoka düşən Oppenhaimer atmosferi yandırdığını zənn edib gözlərinə inanmır. Və məşhur hindu kitabəsi Baqavart-Gitadan sitat gətirir: Artıq ölümün özünə çevrildim, dünyaları yox edən şeyəm.

Nüvə silahının hazırlanmasına gedən yol Albert Eynşteynin ABŞ prezidenti Franklin Delano Ruzveltə məktub yazaraq Hitlerin dünya hökmranlığının qarşısının alınması məqsədilə nüvə silahının yaradılmasını xahiş etməsilə başlanmışdı. Müharibənin başlanğıcında sadəcə elmi-araşdırma layihəsi olaraq nəzərdə tutulan “Manhattan” layihəsi bir müddət sonra orduya verildi və başına dövrün ən irqçi generallarından biri olan Lezli Qrovs gətirildi. Qrovs bütün ziddiyyətlərə baxmayaraq yığdığı komandanın başına ABŞ-dakı, demək olar ki, bütün sol təşkilatlarla əlaqələri olan, islaholunmayan idealist-solçu Robert Oppenhaimeri rəhbər təyin etdi.

Oppenhaimerin komandası irəliləmə baxımından Almaniya alimlərilə eyni tempdə hərəkət etsələr də, 42-ci ilin sonlarından etibarən Hitlerin ən yaxşı alimlərini roket istehsalına yönləndirməsilə ABŞ, bu yarışdakı yeganə rəqibini itirmiş oldu. Sonradan Almaniya nüvə silahı hazır olanadək təslim oldu, bomba Yaponiyaya atıldı.

Nüvə sınağının keçirildiyi tarix Potsdam konfransından əvvələ salınmışdı. Hətta konfransın tarixi 2 dəfə dəyişdirilmişdi. ABŞ prezidenti Trumen və xarici işlər naziri Cimmi Börns şərqi və mərkəzi Avropanı azad etmək adıyla işğal edən və işğal altındakı xalqlara qan udduran Stalinin qarşısına nüvə silahıyla çıxmaq istəyirdilər. Konfransın gedişində, Trümen Stalini kənara çəkərək, ona belə bir silaha sahib olduğunu pıçıldayır. Tövrünü pozmayan Stalin, buna məmnun olduğunu və Yaponiya ilə müharibədə uğurla istifadə ediləcəyinə ümid etdiyini bildirir. Bəzi versiyalara görə Trumenlə sağollaşan Stalin Beriyanı yığıb ondan niyə daha əvvəl bu barədə məlumatının olmadığını soruşubmuş. Əslində və tarixi sənədlərlə sübut olanan versiyada isə, Stalin əlbəttə ki, ABŞ-ın nəhəng dağıdıcı gücə malik silah üzərində işlədiyini kəşfiyyat kanallarından öyrənmişdi. Lakin söhbətin konkret olaraq hansı ölçüdə olan dağıdıcı gücdən getdiyini nə Stalin, nə də Trumen bilirdi.

Potsdam konfransından əvvəl vəfat edən Ruzveltdən fərqli olaraq, Trumen, vitse-prezident olmasına baxmayaraq, ABŞ-ın müharibə dövründəki xarici siyasətinin detallarından və hətta nüvə silahı layihəsindən xəbərdar deyildi. Sırf ambissiyasız olduğuna görə, 44-cü il seçkilərində SSRİ meyilli Henri Uollesin yenidən viste-prezident olmasını istəməyən demokratların “şahinlər”-i tərəfindən namizəd olaraq göstərilən Trumen Ruzvelt öldükdən sonra bir müddət qeyri-müəyyənlik içərisində idi. Müharibədən əvvəl etdiyi çıxışında səsləndirdiyi “almanlar və ruslar bir-birilərini mümkün olduqca çox öldürsünlər, sonda biz müdaxilə edib məğluba kömək edərik” fikrindən başqa ABŞ siyasi isteblişmentində heç nə ilə tanınmayan Trumen, vitse-prezident olmasına baxmayaraq Ruzveltin və komandasının ona deməyə ehtiyac duymadığı məxfi məlumatları, prezident olduqdan sonra öyrəndikdə çaş-baş qalmışdı.

Nüvə silahının yaradıcıları(Eynşteyn və Leo Zilard başda olmaqla) Almaniya təslim olduqdan sonra Yaponiyanın təslimiyyətinin zaman məsələsi olduğunu düşünürdülər və silahdan istifadə edilməməsi üçün Trumenə məktublar yağmağa başlamışdı. F.Ruzveltin həyat yoldaşı Eleonor Ruzvelt də bu kampaniyanın öndə olanlarından idi. Nüvə silahı əleyhinə çıxanlar arasında ABŞ-ın Quru qoşunları komandanı və gələcək dövlət katibi

Corc Marşall, Avropa qoşunları komandanı və gələcək prezident Duayt Eyzenhauer, Sakit Okean qoşunları komandanı Duqlas Makartur və başqa nüfuzlu şəxslər də var idi. Ruzveltin xarici işlər naziri Robert Stettinius Trumenə bu silahın istifadəsinin ABŞ-ı damğalayacağını bildirmişdi. Lakin bütün bunlara baxmayaraq, bomba atıldı.

Bombanin atılmasına ABŞ tərəfindən ən çox haqq qazandıran səbəblər Yaponların təslim olmaq istəməməsi və Yaponiya ilə nüvə silahı atılmadan aparılacaq müharibənin yüz minlərlə(bəzi rəqəmlərə görə 500.000) ölü və yaralı hesabına başa gələcəyini göstərən komandanlıq sənədləri idi. Yaponlarla Okinava uğrunda aparılan son döyüş çox qanlı keçmişdi və ABŞ-ın bu itkilərdən dəhşətə gəlməsi mümkün idi.

Yaponiya isə həmin ərəfədə ABŞ-a təslim olmaq fikrinə mənfi yanaşmırdı. Birbaşa diplomatik kanal olmasa da, müxtəlif kanallardan təslimiyyət siqnalları göndərən yaponlar, ABŞ-ın qeyd-şərtsiz təslimiyyət istəyini rədd edərək, təslimiyyəti müzakirə etmək istədiklərini bildirirdilər. Ölkəsində yaşayan tanrı olaraq qəbul edilən İmperator Hirohito təslim olmaq tərəfdarı olsa da, artıq ölkədəki müharibədən əvvəlki gücünü itirmişdi və mütləq hakimiyyət general Tojoya aid idi. Tojo isə nəinki, qeyd-şərtsiz təslimiyyəti qəbul etmirdi, amerikalılara Yaponiyanın dirənmə gücünü göstərən son bir döyüş olmadan, ümumiyyətlə, hansısa danışıqlardan imtina etməkdə israr edirdi. Baş nazir şahzadə Kanoenin(Kanoe imperatorun qalması şərti ilə qeyd-şərtsiz təslimiyyəti qəbul etmək tərəfdarı idi) bütün israrlarına baxmayaraq kabinetdə general Tojoya bağlı olan çoxluq hansısa qərarın qəbulunu bloklayırdı. Nüvə silahı atılmazdan əvvəl Yaponiyanı təslim olmazlarsa, “dağıdıcı və dəhşətli bir məhvolma” ilə təhdid edən Trumenin bəyənatı, yaponlar tərəfindən standart müharibə bleflərindən biri olaraq qəbul edilmişdi. Nüvə silahı ilə qarşılaşdıqlarında isə bunun blef olmadığını anladılar və təslim oldular.

Bombanın atılmasındakı əsas motivasiyalardan biri də şərqi və mərkəzi Avropanı əzən dəmir pərdəyə-Stalinə güc nümayiş etdirmək idi. Şərqi və mərkəzi Avropada qorxu və zülm hökmranlığı quran Stalin Ruzveltlə razılaşmaya əsasən Yaponiya ilə müharibəyə(ciddi tarixçilərin fikrincə, razılaşma olmasaydı da, öz maraqlarına görə girəcəkdi) girmişdi. Yaponiyanın Mancuriyadakı 4 milyonluq ordusunu əzə-əzə gələn qızıl ordunun gec-tez(böyük ehtimalla amerikalılardan tez, çünki Stalinin Trumendən fərqli olaraq itkiylə bağlı daxili müxalifət qorxusu yox idi) Yaponiyaya girəcəyi ehtimalı yaponlar qədər amerikalıları da narahat edirdi. ABŞ Yaponiyanı Stalinə vermək istəmirdi, Yaponiya isə SSRİ-nin qəddarlıqlarından(başda imperatoru asmaq ehtimalı olmaqla) qorxurdu. Çox vaxt tarix kitablarından kənarda qalan olduqca maraqlı bir fakt var ki, Xirosimaya nüvə bombası atılanda kabinet(eləcə də baş qərərgah) nə baş verdiyini anlamamışdı və hadisəni detallarına qədər öyrəndikdən sonra belə, kabinetdə nüvə bombalarından daha çox rus işğalı müzakirə olunmuşdu.

Bombanın atılacağı şəhərləri seçmək üçün qurulan Hədəf Seçmək Komitəsi bilərəkdən əvvəlcədən bombalanmayan Xirosima, Naqasaki, Kioto və Kokuranı mümkün hədəflər olaraq seçmişdi. Müharibə naziri Henri Stimson bal ayını keçirtdiyi mədəniyyət paytaxtı Kiotonu siyahıdan çıxartmışdı. İlk hədəf sənaye şəhəri və 5-ci ordunun qərərgahının yerləşdiyi Xirosima idi. Xirosimaya atılan bombadan sonra isə ətrafı dağlarla əhatələnən və buna görə də bombanın maksimum effekt yaradacağı Naqasaki ikinci qurban oldu. İki nüvə bombardımanında birlikdə 350 min(xəstəlikdən ölənlərlə birlikdə 500 min) insan həyatını itirdi. (Xirosima və Naqasaki bombardımanları ilə bağlı detalları və rəqəmləri vikipediyadakı çox geniş, detallı məqalədə tapa bilərsiz).

Xirosimaya və Naqasakiyə atılan nüvə bombalarından sonra kabinetdəki sülh tərəfdarlarının mövqeyini xeyli gücləndirmişdi və onlar kabinetdəki general və admiralları bir an əvvəl amerikalılara təslim olmazlarsa, ölkənin yox ediləcəyinə inandıraraq təslimiyyət qərarının qəbuluna nail ola bildilər.

Bombanın atılmasından on illər sonra Pentaqon tərəfindən aparılan və kəşfiyyat məlumatlarına, rəsmi sənədlərə və şahid ifadələrinə əsaslanan rəsmi araşdırma nüvə silahı atılmazsa belə, sadəcə konvensional(adi silahlarla) bombardıman davam etdiriləcəyi təqdirdə yaponların Dekabr-Yanvar aylarında təslim olacağı qənaətinə gəlmişdi.

Naqasakiyə atılan bombadan qısa bir müddət sonra, Oppenhaimerin komandasında nüvə bombasının hazırlanmasında iştirak edən Fuks soyadlı ingilis alimi KQB ilə əlaqəyə girərək bombanın hazırlanmasının bütün detallarını ruslara ötürdü. Buna görə həbs olunan və sonda 8 il həbsxanada yatmalı olan Fuks, məhkəmə ifadəsində bildirmişdi ki, nüvə silahı üzərində monopoliya ABŞ-ı bir müddətdən sonra mürtəceləşdirəcək və onun hegemoniyasındakı təkqütblü dünya çox dəhşətli olacaq; o, bunun və növbəti nüvə fəlakətinin yaşanmasının qarşısını almaq üçün, bu addımı atıb.

Nüvə silahının özü və Yaponiyanın yaşadığı nüvə bombardımanı Amerika cəmiyyəti başda olmaqla çoxlu müzakirələrə səbəb olsa da, bir həqiqət bəllidir ki, Yaponiyanın yaşadığı bombardıman və ardından nüvə silahının yayılması bəşəriyyəti məhv edilməsi mümkün olan bir şeyə çevirdi və bu qorxu indiyədək baş vermiş çoxlu böhranlara baxmayaraq, 3-cü dünya müharibəsinin baş verməsinə imkan vermir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0yxt0s

Ən çox baxılan