Norveçdə bir kitab

Şeirlərimdən bir neçəsini göndərdim ki, aralarından seçsinlər.

Source: Meydan TV


Çapdan çıxmış sadə bir kitab ətrafında cərəyan edən hadisələr az qala yarım il çəkdi

Bir il əvvəl Norveçin “Ashckehoug” nəşriyyatından məktub aldım. Norveçdə yaşayan əcnəbi müəlliflərin əsərlərindən ibarət hazırlanan antologiyaya şeirlərimi təqdim etməyimi xahiş edirdilər. Açığı, elə də ciddi yanaşmadım, çünki fikrim öz regionumuzda hazırlanan antologiyalara getmişdi və belə düşünürdüm ki, antologiya ədəbiyyatda ilk addımlarını atan qələm adamlarına faydası olan bir şeydir, karyerasının artıq ilk pilləsini aşmış yazıçıya elə də vacib deyil. Amma imtina etmədim, detalları xahiş etdim və bir neçə gün içində redaktor mənə bütün məlumatları göndərdi.

Şeirlərimdən bir neçəsini göndərdim ki, aralarından seçsinlər. Redaktor mənə göndərilənlərin demək olar ki, hamısının antologiya üçün yaradığını bildirdi və qonorar ödəmək üçün müqaviləni yolladı. Bununla da antologiya söhbətini unutdum və elə bildim ki, iş bununla bitəcək.

Bu ilin mayında Lillehammer şəhərində baş tutan, hər il keçirilən ədəbiyyat festivalında antologiyanın təqdimetmə mərasimi keçirildi. Sadə bir antologiyanın təqdimetmə mərasiminə (giriş təxminən 15 avro idi) 200-dən çox adam gəlmişdi. Zal sona qədər oturub, əsərləri kitabda yer alan 13 yazarın hamısını dinlədi. Sonda kitabdan alanlar hamımızdan imza alıb, şəkil çəkdirdilər.

Amma məsələ bununla bitmədi. Festivala gəlmiş bir neçə qəzetin jurnalisti bizimlə müsahibələr elədi. Daha sonra festivalın fərqli tədbirlərində, şeir gecələrində, müzakirələrdə, yaradıcı dialoqlarda çıxış etdik. Bu tədbirlərə giriş qiyməti 50 avrodan çox idi, amma 200-500 nəfər arası bir publika gəlir, yarısı ayaq üstə qalsa da, sona qədər tədbirdə qalır, suallar verir, gecə bitəndən sonra yaxınlaşıb ürək sözlərini deyir, şəkil, imza istəyir, hətta müəlliflərdən başqa əsərlərini hardan tapıb oxuya biləcəkləri barədə suallar verirdilər. Qeyd edim ki, bu publika arasında bəzən yerli yazarlar da olurdu. Onlar da gəlib, öz xarici həmkarlarının yaradıcılıqları ilə maraqlanırdılar.

Festival bitəndən sonra Norveç PEN-i öz səhifəsində, üzvləri öz profillərində antologiya və müəlliflər barədə onlarla paylaşım etdilər. Nəşriyyat reklam kampaniyasına başladı. Müxtəlif şəhərlərin kitabxanalarda təqdimetmə mərasimləri, müəlliflərlə söhbət, görüşlər, ölkənin yüksək məmurları belə kitabı alıb, şəkillər çəkdirir, sosial şəbəkələrdəki hesablarında paylaşır, reklam edirdilər.

Norveçdə çapdan çıxmış sadə bir kitab ətrafında cərəyan edən hadisələr az qala yarım il çəkdi. Mən kitaba, ədəbiyyata belə bir diqqətin, kitab ətrafında belə böyük, mərhələli prosesin ilk dəfə idi ki, şahidi olurdum. Bu proses, Norveçdə nəşr edilən demək olar ki, bütün ədəbi nümunələrlə baş verir. Statistikaya görə, bu ölkədə hər dördüncü adam bədii ədəbiyyat oxumağı gündəlik məşğuliyyətə çevirib. Dövlət ədəbiyyatla bağlı müxtəlif proqramlar həyata keçirir, həm şəxsi ədəbi layihələrə, həm də nəşriyyatların ədəbi layihələrinə qrantlar ayırır. Yazarların qonorarları həmkarlar ittifaqı tərəfindən hər il müəyyən edilir və bu məbləğdən az ödəmək də, müəllif üçün buna razı olmaq da demək olar ki, mümkün deyil.

Ana səhifəXəbərlərNorveçdə bir kitab