Nikol Paşinyanın partiyası Ermənistanda parlament seçkilərində qalib gəldi

foto Vahan Stepanyan / PAN Photo / AP

foto Vahan Stepanyan / PAN Photo / AP

foto Vahan Stepanyan / PAN Photo / AP

foto Vahan Stepanyan / PAN Photo / AP

''Hər hansı inqilabdan sonra keçirilən seçkilərdəki nəticələr təkrarlandı''

Ermənistanda 9 dekabrda keçirilən növbədənkənar parlament seçkilərində fəallıq 48,63 faiz olub və yeni qanunverici orqanda 3 siyasi qüvvə təmsil olunacaq.

Məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyası yayıb.

Seçkinin diqqət yaradan məqamı sabiq prezident Serj Sarkisyanın Respublika Partiyası 4,7% (59 min 59) səs alaraq, parlamentə keçə bilməməsidir. Keçmiş hakimiyyəti dəstəkləyən daşnaklar da 3,89% səs toplayaraq, təyin olunan həddi keçə bilməyiblər.

Bildirilir ki, hazırkı Baş nazir Nikol Paşinyanın “Mənim addımım” bloku - 70,43% (884 min 456 səs), ona dəstək verən iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” 8,27% (103 min 824 səs), “İşıqlı Ermənistan” isə 6,37% (80 min 24 səs) toplayıb. Sonuncuya Baş nazirin silahdaşı Edmon Marukyan rəhbərlik edir.

Mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, hər hansı inqilabdan sonra keçirilən bütün seçkilərdəki nəticələr təkrarlandı:

“Bu cür seçkilər inqilab nəticəsində baş vermiş hakimiyyət dəyişikliyini hüquqi cəhətdən təsdiqləmək üçün keçirilir. Bütün dövrlərdə olan proseslər Ermənistanda da təkrarlandı, Nikol Paşinyanın bloku səslərin 70 faizini, keçmiş hakim partiya isə barajı keçə bilmədi. Parlamentə yeni siyasi qüvvə düşüb və qanunverici orqanın siyasi palitrası tamamilə dəyişib”.

R.Mirqədirov deyir ki, hadisələrin bundan sonrakı gedişatı baxımından və Ermənistanda demokratiyanın təsdiqindən söhbət gedirsə, Paşinyanın populist ritorikası nikbinliyə əsas vermir:

“Əslində, bu, bütün inqilabçılara xas olan ritorikadır. 90-cı illərin əvvəllərində postsovet respublikalarında hakimiyyətdə olan qüvvələr bu ritorikadan istifadə edib. Bu baxımdan yaxın illərdə Paşinyan avtoritarizminin şahidi olacağıq, amma Azərbaycandan fərqli olaraq Ermənistanda bu avtoritarizm uzun müddət duruş gətirə bilməyəcək”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Siyasi icmalçı yaxın zamanlarda Ermənistan-Azərbaycan danışıqlarında ciddi sıçrayış olacağını düşünmür:

“Qarabağ məsələsi ilə bağlı danışıqlarda intensivlik 2019-cu ildə mümkündür, amma bu, heç də Paşinyanın hakimiyyətə gəlməsindən irəli gəlmir. Qarabağ məsələsi regionda öz məqsədlərini gerçəkləşdirmək istəyən qarşı-qarşıya dayanan iki blok üçün vasitədir. Söhbət ABŞ başda olmaqla qərb blokundan və Rusiyadan gedir. Gələn il iki blokun regional mübarizəsinin nəticəsinin konturları aydınlaşmağa başlayacaq”.

O qeyd edib ki, Paşinyanın Qarabağla bağlı ritorikası əvvəlki hakimiyyətdən ciddi fərqlənmir.

“Burda söhbət Azərbaycandan fərqli olaraq Ermənistandakı siyasi qüvvələrin rəngarəngliyindən getmir. Ermənistanda və Qarabağdakı hərbi qruplaşmaların siyasi rəngarəngliyi də nəzərə alınmalıdır. Yəni Paşinyan Qarabağ probleminin həlli ilə bağlı irəliyə doğru addım atarsa, ciddi müxalifətlə qarşılaşacaq”.

Siyasi icmalçı Şahin Cəfərli Ermənistanda parlament seçkilərinin nəticələrini Nikol Paşinyanın triumfu adlandırıb.

Bu barədə o, “Facebook” səhifəsində yazıb ki, ermənilər əksinqilabçı qüvvələrə etimad göstərmədilər.

“Seçkilərin əsas siyasi nəticəsi budur. Serj Sarkisyanın Respublika Partiyası parlamentə keçə bilmədi. Sübut olundu ki, Qarabağ klanının siyasətdəki təmsilçisi olan bu partiyanın cəmiyyətdə dayaqları çox zəifdir və o, arxasında dövlət gücü olmadan uğur qazana bilməz. Digər önəmli nəticə aqressiv erməni millətçiliyinin qocaman təmsilçisi “Daşnaksutyun”un parlamentdən kənarda qalmasıdır. Daşnaklar uzun illərdir cinayətkar Koçaryan-Sarkisyan rejiminin əlaltısı, cib müxalifəti kimi fəaliyyət göstərirdi və xalq bunu onlara bağışlamadı”.

Şahin Cəfərli

Şahin Cəfərli

Ş.Cəfərli hesab edir ki, Nikol Paşinyanın erkən seçkilərin mümkün qədər tez keçirilməsinə nail olması çox ağıllı addım idi. Çünki vaxt ötdükcə, inqilabın eyforiyası bitəcək və obyektiv səbəblər, xüsusən sosial-iqtisadi problemlər, eləcə də daxili və xarici basqıların artması səbəbindən Paşinyanın reytinqində eroziya başlayacaq, beləliklə, əksinqilabi revanş üçün münbit zəmin yaranacaqdı:

“Dünənki seçkidə “Mənim addımım” bloku sentyabrda İrəvan meriyasına keçirilən seçkilərlə müqayisədə aşağı nəticə göstərdi və bu trend davam edəcəkdi. Nikol Paşinyan artıq qarşıdakı 5 ildə istədiyi islahatları həyata keçirmək üçün güclü parlament dəstəyinə malikdir”.

2018-ci ilin aprelində prezident səlahiyyətləri bitmiş prezident Serj Sarkisyanın parlament tərəfindən Baş nazir seçilməsi Ermənistanda keçmiş siyasi məhbus Nikol Paşinyanın rəhbərliyi altında etiraz aksiyalarına səbəb oldu. Bir neçə gün davam edən aksiyaların nəticəsi olaraq, S.Sarkisyan tutduğu vəzifədən istefa verməli oldu. N.Paşinyan parlament tərəfindən Baş nazir vəzifəsinə seçildi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ma9zmh

Ən çox baxılan