”Nikoil bank” evimi əlimdən alır”

“Niyə erməniləri qəbul edirlər? Niyə? Mən erməni qızıyam? Mən də Heydər Əliyevin qızıyam. Atamın adı Heydərdir, soyadım da Əliyeva Fatmadır. Mən də Heydərin qızıyam. Niyə mənə baxmırlar?”

Fatma Əliyeva ağlayaraq, yerdən sənədlərini toplayır. Onun evi ayyarımdan sonra əlindən alına bilər. Qadın deyir ki, “Nikoil bank”ın 9 saylı filialnın mütəxəssisi Azad Abıyev onu aldadaraq, 24 min 300 dollarlıq müqailəyə imza atdırıb.

Belə ki, o, ilk dəfə 12 min 500 manat, daha sonra 3000 manat kredit götürdüyünü deyir. İndi Fatma Əliyeva Baş Prokurorluğun önünə gəlib, dərdinə çarə axtarır:

“13 minə qarşı 24 min dolları üstümə yükləyib. Xəbərim olmadan, tez-tez deyib, qol çəkdirib. Mən də bilməmişəm. İkinci ay pul ödəməyə gedərkən mənə dedilər ki, dollarla ödəməlisən. Dedim niyə? Dedi müqavilə dollarla olub, mən bilməmişəm, sənə deməmişəm. Niyə deməmisən? Qol çəkdirəndə məni aldadanda yaxşı idi.”

Xanım deyir ki, bu ilin iyulunda bankda olarkən, Azad Abıyev ona qarşı zorakılıq edib. Bankın əməkdaşına Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi açılıb.

“Tutdu telefonla əlimdən möhkəm vurdu ki, 102 xidmətinə zəng vurma. Telefonum düşdü yerə, əlimi atıb yerdən götürdüm, qolumu burub, sındırdı. Bankın içində, ictimai yerdə, insanların gözü qarşısında. Ört-basdır edir, kameraları gətirsin qoysun məhkəmənin önünə. Orada mənim nəslimi söyüb, nəcabətimi söyüb, ağzım-üzüm söyülüb. Hara baxır mənim hökumətim? Hara baxır mənim prezidentim? Mənim evimi əlimdən alır “Nikoil bank”.”

“Nikoil bank”dan Meydan TV-yə bildirilib ki, bankın 9 saylı filialı bağlanıb, Azad Abıyev artıq bankın əməkdaşı deyil. Bank rəhbərliyi də bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov düşünür ki, məbləğ məsələsində vətəndaşın aldanması ehtimalı azdır:

“Qol çəkəndə ehtimal olunur ki, vətəndaş məbləği görür. Yəni burada vətəndaşın deməsi ki, yox burda da məni aldadıb az pul verdilər, əslində çox pula imza çəkmişəm. İstisna etmirəm belə hallar həmişə ola bilər. Amma bunu vətəndaşın məhkəmədə sübüt etmə ehtimaını görmürəm.”

Ekspert bildirir ki, əgər vətəndaşın evini itirmək təhlükəsi varsa, bu halda dövlət hərəkətə keçməlidir:

“Əslində, bizim qanunvericiliyimizdə də boşluqlar var. Bəzi ölkələrdə vətəndaşların evlərini girov qoymasına imkan verilmir. Çünki sabah bu krediti verə bilməyəndə evsiz qalırsan. Bu da cəmiyyətdə müəyyən mənada sosial gərginliyi artırır.”

Baş prokurorluq şikayətçini Bakı Şəhər Prokurorluğuna yönləndirib. Çəkilişdən sonra Fatma Əliyevanı Bakı şəhər Prokurorluğunda qarşılayıb, işin nəzarətə götürüləcəyini bildiriblər.


Kanala abunə ol – https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Nikoil bank” evimi əlimdən alır”