Nihad Qulamzadə: Bunu bizdən əvvəlkilər etməli idi…

Bir neçə gün əvvəl Azərbaycanda insanlar olduqca maraqlı, qeyri-adi hadisənin şahidi oldular. Ölkə tarixində ilk dəfə əlilliyi olan aktyorlardan ibarət ƏSA adlı teatr truppası yarandı. Bu hadisə ölkədə əlilliyi olan insanların yaradıcı sahədə özünütəsdiqi sarıdan vacib olması ilə yanaşı, həm də bəzi suallar yaradır.

Teatrın yaradıcısı Nihad Qulamzadə Meydan TV-ni maraqlandıran suallara cavab verməyə razı oldu.

– Nihad, əlilliyi olan insanların xüsusi teatrı ideyası kimdə və necə yarandı?

– İki ay əvvəl əlilliyi olan insanlarla tamaşa hazırlamaq istəyi yaranmışdı məndə. Sonradan bu ideya üzərində düşünməyə başladım. Və qərara gəldim ki, əlilliyi olan insanlarla tamaşa yox, birbaşa teatr yaratmaq lazımdır. İndi görürəm ki, həqiqətən də belə bir teatr lazım imiş. Hətta biz gecikmişik. Böyüklərimiz etməli idi, amma etməyiblər və bu iş də bizim üzərimizə düşüb. Bunun özü də böyük şərəfdir!

– Aktyor seçimi necə oldu və əlilliyi olan insanlar xüsusi teatrda aktyor olmağa hansı şərtlərlə razı oldular?

– Hazırda kollektivimizdə olan aktyorlar hər-hansı bir şərtlə yox, teatr sevgisi ilə ƏSA-ya qoşulublar. Təbii ki, o qədər də asan olmadı. Bir aktyoru razı salmaq üçün neçə günlər Murad Məmmədovla (teatrın direktoru) görüşdük, danışdıq. Əslində çox sevinmişdi belə bir teatr üçün. Sadəcə olaraq içində qorxu var idi ki, bacarmaz. Amma onu sonda razı saldıq ki, burda qorxulu heç nə yoxdur.

– Layihənin büdcəsi hardan formalaşacaq?

– ƏSA Teatrı tamamilə müstəqil şəkildə fəaliyyətə başlayır. Məhz bu teatrın mütləq şəkildə büdcəsi olmalıdır. Adi bir misal gətirək, aktyorlarımızdan birinin hər dəfə məşqə (şəhərə) gəlməsi, 15-20 manat edir. Təbii ki, biz bu şeyləri gözə almışıq və maddi problemlər bizi qorxutmur. Amma mütləq şəkildə büdcəmizin formalaşması üçün çalışacağıq. İnanırıq ki, hər şey yaxşı olacaq.

– Teatrın yeri varmı, yoxsa səyyar şəkildə fəaliyyət göstərəcək?

– Səyyar fəaliyyət nəzərdə tutulmayıb. Hələlik isə konkret məkanımız yoxdur. Məkan məsələsi də çətindir, çünki binanın girişi, çıxışı bizə uyğun olmalıdır. Bir neçə yer var ki, onlara müraciət edəcəyik. Bu məsələdə də ödənişsiz yerin olmasına üstünlük veririk. Amma ödənişsiz yer tapa bilməsək də, mütləq başımızı soxacağımız bir yer kirayə götürəcəyik. Bu proses də qısa zamanda yekunlaşacaq.

– Bu teatrın perspektivlərini necə görürsünüz, tamaşaçı auditoriyanız olaraq əsasən hansı sosial qrupu hədəfləmisiz?

– Bu teatr qısa zamanda nəinki Azərbaycanda hətta dünyada da özünü təsdiq edəcək. Təsdiq edəcək ki, bu sənətin heç bir sərhəddi, əngəli yoxdur.

Konkret hansısa sosial qrup yox, bütün sosial qrupları tamaşaçımıza çevirəcəyik.

”ƏSA” teatr truppası
”ƏSA” teatr truppası

– Tamaşalar üçün xususi mətnlər yazılacaq, yoxsa hazır mətnləri öz profilinizə adaptasiya edəcəksiniz?

– Ola bilər ki, bu teatra özəl mətn, pyes yazılsın. Amma normal şəkildə istənilən əsərlərə müraciət edəcəyik. Məsələn “Ölülər”i də qoya bilərik. Amma təbii ki, öz estetikamız ilə.

– Göstərəcəyiniz tamaşaların xususi mövzusu, profili olacaqmı? Əsasən hansı mövzulara müraciət edəcəksiz?

– Çox insan düşünür ki, biz elə əlilliyin problemləri haqqında tamaşalar göstərəcəyik. Xeyr, qətiyyən belə deyil. Əlilliyi olan aktyorlarımız səhnəyə çıxdığı zaman ilk iki söz qalacaq geridə. Yəni biz səhnədə sadəcə aktyorlar görəcəyik.

Əsasən psixoloji mövzulara müraciət olunacaq, amma təbii ki, digər mövzularla da işləyəcəyik. Bunu da proses göstərəcək. Sadəcə bir şeyi qeyd etmək istəyirəm, teatr cəmiyyətin güzgüsüdür. Yəqin ki, anladınız nə demək istədiyimi.

– Aktyorlardan biri – Orxan həm də köşə yazarıdır. Yəqin ki, tamaşa mətnlərinə müdaxilə edəcək?

– Orxan Adigözəl ƏSA üçün çox dəyərlidir. Əgər hər hansı müdaxilə lazımdırsa, bunu təbii ki, ilk növbədə, Orxan edəcək. Etməlidir də.

– Azərbaycanda əksər valideynlərin əlilliyi olan övladlarını gizlətməyə çalışdıqları bir vaxtda, o insanların teatr yaratmasını yaradıcılıqla yanaşı, mövcud stereotiplərə qarşı bir etiraz aksiyası da adlandırmaq olarmı?

– Bu, ictimai bir işdir. Və nəinki etiraz aksiyası, hər kəs müxtəlif şəkildə adlandıracaq. Mədəni inqilab deyənlər də var. Bu da bir növ bizə verilən qiymət, dəyərləndirmədir. Biz sırf yaradıcılıq haqqında düşünürük.

Ana səhifəVideoNihad Qulamzadə: Bunu bizdən əvvəlkilər etməli idi…