Nigar Həzi: Hakimiyyət Tofiq Yaqublunun ölməsinə qərar verdi

Tofiq Yaqublu həkim müdaxiləsinə imkan verməyəcəyini deyib

Source: Foto: Meydan TV


Tofiq Yaqublu həkim müdaxiləsinə imkan verməyəcəyini deyib

Milli Şuranın və Müsavat Partiyasının üzvü, 16 gündür həbsdə aclıq edən Tofiq Yaqublunun apelyasiya şikayətinə baxacaq hakimin kimliyi və məhkəmənin vaxtı məlum olub.

T.Yaqublunun işinə Bakı Apelyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Məhkəmənin ilkin iclası sentyabrın 28-nə təyin edilib.

T.Yaqublunun qızı Nigar Həzi sentyabrın 7-də verilmiş apelyasiya şikayəti üzrə məhkəmənin sentyabrın 28-nə təyin olunması qərarını atasının “ölüm fərmanı” kimi qiymətləndirib.

“Hakimiyyət Tofiq Yaqublunun ölməsinə qərar verdi. Sentyabrın 28-nə qədər bu aclıq Tofiq Yaqublunun ölümünə səbəb olacaq. Bunun məsuliyyətini İlham Əliyev bu hakimiyyət daşıyacaq!”, – deyə Nigar Həzi bildirib.

T.Yaqublu sentyabrın 17-də vəkili Nemət Kərimli və həyat yoldaşı Maya Yaqublu ilə görüşüb. Nigar Həzi bildirib ki, həftənin cümə axşamı günləri T.Yaqublunun ailə üzvlərilə görüş günüdür. İstintaq təcridxanasında görüşə ailə üzvlərindən üç nəfər buraxılsa da, bu gün yalnız həyat yoldaşına icazə verilib.

Artıq kənar şəxslərin köməyi oımadan ayağa qalxa bilməyən T.Yaqublu həyat yoldaşına deyib ki, ağır durumuna baxmayaraq, bu gündən həkim müdaxilələrindən də imtina edib.

“Mənə indiyə qədər heç bir qidalandırıcı sistem qoyulmayıb, iynə vurulmayıb. Yalnız “Natrium xlor” və “Ringer” sistemləri qoyulub. Bir dəfə isə qanda leykositin miqdarı təhlükəli həddə düşdükdən sonra onun qaldırılması üçün qeyri-qida məhlulu olmaqla, sistem qoyulub, qan vurulub. Lakin bu gündən bütün həkim müdaxilələrindən qətiyyətlə imtina etmişəm, imkan verməyəcəm. Həkimlər yalnız hərarətimi ölçə, təzyiqimi yoxlaya və qan analizi götürə bilərlər. Bundan başqa heç bir şeyə imkan verməyəcəm. Mənimlə çox görüşüblər, tələbim isə mənə bəraət verilməsi olub. Hakimiyyət artıq qərar verməlidir", – T.Yaqublu belə deyib.

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib. O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. Vəkillərinin və yaxınlarının sözlərinə görə, T.Yaqublu artıq sudan da imtina edəcəyini deyib. Yaxınlarının sözlərinə görə, belə olarsa, onun hər an komaya düşə biləcəyi gözlənilir. Beynəlxalq təşkilatlar T.Yaqubluya qarşı ittihamların geri götürülməsini tələb edir, onun həbsini siyasi sifariş sayırlar. Bir çox avropa ölkəsində, Kanadada və Türkiyədə T.Yaqubluya dəstək aksiyaları keçirilir. 10 gündür bir qrup fəal Berlində, Almaniya kansleri Angela Merkelin ofisi önündə çadır quraraq aclıq aksiyası keçirir. Onlar T.Yaqublunun haqsız həbs olunduğunu, təcili azad olunmasını tələb edirlər.

Ana səhifəXəbərlərNigar Həzi: Hakimiyyət Tofiq Yaqublunun ölməsinə qərar verdi