Mənbə: Facebook

NİDA üzvünün “Bandotdel”ə aparıldığı deyilir

NİDA Vətəndaş Hərəkatının üzvü Fərrux Məmmədzadə saxlanılıb. Bu barədə gənc fəalın atası Şakir Məmmədzadə məlumat verərək bildirib ki, oğlunu polislər avqustun 4-də axşam saat 20 radələrində Lənkəranda evdən aparıblar. Amma ailə üzvlərinə F.Məmmədzadənin niyə aparıldığı, hansı iş üzrə dindiriləcəyi haqda heç bir məlumat verilməyib.

Ş.Məmmədzadə deyir ki, avqustun 5-də Lənkəran Rayon Polis Şöbəsində onlara Fərruxun Bakıya – “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması barədə məlumat veriblər. Amma yenə də hansı səbəbdən saxlandığı açıqlanmayıb.

NİDA Vətəndaş Hərəkatı F.Məmmədzadənin tutulması barədə yaydığı açıqlamada baş verənləri onun ictimai-siyasi fəaliyyətilə əlaqələndirir. Ehtimal olunur ki, gənc fəal iyulun 15-də Bakıda keçirilən Qarabağa dəstək yürüşünə görə saxlanılıb.

NİDA-nın İdarə Heyətinin üzvü Ülvi Həsənli deyir ki, F.Məmmədzadə istər son bələdiyyə və parlament seçkilərində, istərsə də ondan sonrakı ictimai-siyasi proseslərdə kifayət qədər fəal olub: “Qarabağ yürüşündə də vətəndaş kimi iştirak edib. Böyük ehtimalla elə buna görə həbs ediblər. Amma özü də bu barədə yazıb ki, o, həmişə təxribatlara qarşı olub, heç vaxt ona uymayıb. Parlamentdə təxribatların kimlər tərəfindən törədildiyi məlum məsələdir. Bunu da yanına qoyanda aydın görünür ki, bu şərləmədir. Ölkədə günü-gündən problemlər artır. Hökumət vətəndaşların problemlərini həll etməkdənsə müxalifətçi, ictimai-siyasi fəal “ovuna” çıxıb”.

Daxili İşlər Nazirliyi fəalın saxlanması ilə bağlı məlumat verməyib.

Bu il iyulun 14-də Bakıda keçirilən Qarabağa dəstək yürüşünə görə həbs olunanların sayı barədə rəsmi məlumat verilmir. Təkcə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 17 fəalı bu iş üzrə həbs olunub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib.

Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4hu7jq

Ən çox baxılan