Nensi Pelosi – ABŞ-ın nümayəndələr palatasının ilk qadın spikeri

Missis Pelosi həmin il Amerikada baş verən iqtisadi böhrandan da rəqib partiyanın namizədi olan Buşu “vurmaq” üçün yararlanmır.

Source: meydan.tv



(birinci hissə)



“Bu, tarixi məqamdır – həm Konqres üçün, həm də bu ölkənin qadınları üçün. Bu, bizim 200 ildən çoxdur ki, gözlədiyimiz məqamdır. Öz haqlarımız uğrunda mübarizə illərində biz ümidimizi itirmədən bu günü gözləmişik. Amma qadınlar sadəcə gözləməyiblər, onlar işləyiblər. Kişilərlə qadınların bərabərliyi haqqında Amerikanın vədini doğrultmaq üçün biz ümidimizi itirmədən işləmişik. Bu gün biz qızlarımız və nəvələrimizin gələcəyi üçün qadınlarının başının üstündəki “şüşə tavanı” qırdıq. İndi onlar üçün sərhəd göy üzüdür – artıq qızlarımızın və nəvələrimizin qarşısında maneə yoxdur”.


Nensi Pelosi

Nensi Pelosi – ABŞ Konqresinin Nümayəndələr Palatasının ilk qadın spikeri; Amerika tarixində ən yüksək rütbəli seçkili vəzifəsi olan qadın; Konqresdə Demokrat Partiyası təmsilçilərinin lideri seçilmiş ilk qadın; parlament seçkilərində rəqiblərinə ard-arda 17 dəfə böyük səs çoxluğuyla qalib gələn, İraqa hərbi müdaxiləyə görə Buşa qarşı çıxsa da, onu impiçmentdən qoruyan, Obamanın İranla nüvə razılaşmasını “diplomatik şedevr” adlandıran italyan əsilli məşhur Amerika siyasətçisi.

Nensi Pelosinin uğur hekayəsi Baltimor meri olan atası sayəsində hələ yeniyetməykən siyasətə maraq göstərməyə başlamış qızcığazın evdar qadın olub, 5 uşaq dünyaya gətirəndən sonra “mətbəxdən siyasətə” keçərək ölkənin üçüncü şəxsinə – çoxunun heyran qalacağı, kimlərinsə hətta ehtiyat edəcəyi qadına çevrilməsi tarixçəsidir.

****

1983-cü il. 43 yaşlı Nensi Pelosi artıq Demokrat Partiyasının Kaliforniya filialının sədri, partiyanın rəhbər orqanı olan Milli Demokratik Komitənin üzvü və təşkilatda əsas söz sahiblərindən biridir. Bir ara üzərinə düşən məsuliyyətin çoxluğu gözünü qorxudur, Luizina ştatından olan konqresmen Lindi Boqqsa deyir ki, tutduğu postlardan birindən imtina etmək istəyir. Həmkarı ona “Heç kim heç vaxt belə düşünməyib. Öz gücünə inan” deyə cavab verir.

2019-cu il. Nensi Pelosi Nümayəndələr Palatasının sədridir, həm də artıq ikinci dəfə – ölkə tarixinin son 60 ilində bunu bacarmış ilk siyasətçi olaraq. İndi onun hakimiyyəti 36 il əvvəlkindən qat-qat çoxdur. Amma demokratlar ABŞ prezidenti Donald Trampın impiçment məsələsi üzrə ilk maddənin qəbulunu alqışlamağa başlayanda əlinin işarəsiylə onları susdurur; rəqib partiyanın namizədi olaraq seçilmiş və şəxsən də gərgin münasibətdə olduğu Trampı daha artıq “əzmək” üçün vəzifəsindən sui-istifadə etmir. Prosedur bitəndə olaya ayrıca götürülmüş bir partiyanın yox, dövlətin təmsilçisi kimi münasibət bildirir, “Bu, kədərli hadisədir. Prezidentin düşüncəsiz hərəkətlərinin bunu vacib etməsi faciədir” deyir.

****

Əslində, Nensi prezidentlə bağlı araşdırmanın əleyhinə olmuş, bir neçə ay impiçmen tərəfdarlarına müqavimət göstərmişdi. Amma məlum olanda ki, Tramp növbəti seçkilərdə prezidentliyə namizəd olacaq Co Baydenin oğlu haqqında araşdırma başladılması üçün Ukraynaya təzyiq məqsədilə bu ölkəyə hərbi yardımı dayandırıb, fikrini dəyişmiş və 2019-cu ilin sentyabr ayında bəyan etmişdi ki, Nümayəndələr Palatası impiçment məsələsini rəsmi şəkildə araşdırmağa başlayacaq:

“Prezident məsuliyyətə cəlb olunmalıdır. Heç kim qanundan üstün deyil”.

Hadisələrin sonrakı ardıcıllığı belədir: 31 oktyabrda Palata impiçment prosesinin qaydalarını müəyyənləşdirən qətnamə qəbul edir, Pelosi “Biz bleflə məşğul olmaq üçün toplaşmamşıq. Biz həqiqəti tapmaq, Amerika Birləşmiş Ştatlarının konstitusiyasını qorumaq üçün burdayıq. Bu bizimçün oyun deyil, bu, ölümcül dərəcədə ciddi məsələdir” deyir.

11 noyabrda dinləmələr başlayır, 10 dekabrda Palatadakı demokratik çoxluğun liderləri vəzifədən sui-istifadə və Konqresin araşdırmasına mane olma maddələriylə Trampa qarşı impiçment tələbi irəli sürür.

İkinci maddənin müzakirəsində Pelosi deyir: “Prezidentin qanunsuz hərəkətləri aşkar olanda, o, misli görünməmiş itaətsizlik və maneçilik kampaniyası başlatdı. Ölkəmizin tarixində indiyə qədər heç bir prezident belə sözlər deməmiş, qanundan daha üstün biri kimi davranmamışdı”.

18 dekabrda prezident Nensi Pelosiyə sərt məktub yazır, onu siyasi prosesi ucuzlaşdırmaqada ittiham edir, impiçment prosesini “demokratların vəzifədən-suistifadəsi”adlandırır, 1600-cü illərdə Salem şəhərində (Massaçusets ştatı) “cadugərlər” üçün qurulmuş məhkəmələrin mahiyyətə bu prosesdən “daha uyğun” olduğunu bildirir.

Mətbuata açıqlamasında Pelosi məktubu axıra qədər oxumadığını deyir: “Biz işlə məşğul idik. Ümumi mahiyyət aydınıydı və çox ağrılıydı”.

Trampın qəzəbi Pelosinin və digər demokratların mövqeyinə təsir etmir, impiçment maddələri səsə qoyularaq Palatada qəbul edilir. Amma respublikaçıların çoxluqda olduğu Senatda ədalətli məhkəmə araşdırmasına nail olmaq üçün qərarın bu quruma göndərilməsi təxirə salınır.

****

Valideynləri əslən İtaliyadan olan Nensi Dalessandro ailənin 7-ci və yeganə qız övladıydı. O, Baltimorda dünyaya gələndə (1940) Demokrat Partiyasının üzvü olan atası konqresmeniydi, 7 il sonrasa bu şəhərin meri seçilmişdi.

Baltimordakı Notr-Dam İnstitutunda (katolik qızlar üçün orta məktblər şəbəkəsi) təhsil alan Nensi atasının seçki kampaniyalarının fəal iştirakçılarından olmuşdu. Siyasi elmlər üzrə bakalavrı dərəcəsi aldığı Tirinti kollecində (Vaşinqton) oxuyanda isə Con F.Kennedinin inauqurasiya mərasimində (1861) iştirak etmişdi. Yeri gəlmişkən, əvvəlcə atası onun təhsil almaq üçün başqa şəhərə getməsinə icazə verməmiş, ancaq Nensinin ali təhsili olmayan anası qızını dəstəkləyəndən və ciddi şəkildə israr edəndən sonra razılıq verməli olmuşdu.

Nensinin insanlara fərdi yanaşma, dinləmək və dil tapmaq bacarığını da anasının əməyi hesab etmək olar, çünki o da Demokrat Partiyasının fəallarındanıydı, qadınların təşkilatlandırılması işiylə məşğuluydu və Nensi onun fəaliyyətini izləyərək böyümüşdü.

Gənc qız vəkil olmaq istəyirdi, amma qadın hüquqları uğrunda hərəkatın ən populyar vaxtında Nensi tələbə vaxtı tanış olduğu biznesmen Pol Pelosiyə ərə gedir və onlar San Fransiskoya köçürlər. Bir il sonra cütlüyün ilk övaldı, sonrakı illərdə daha 4 uşağı dünyaya gəlir. Özünün dediyinə görə, “hətta uşaq arabalarını yırğalayanda da” Nensi siyasətlə məşğul olmaqda davam edir və zamanla övladlarını da Demokrat Partiyasının fəaliyyətində iştiraka yönləndirir.

BN-WS780_3kxr6_OR_20171222100519.jpg
Nensi Pelosi

Həyat yoldaşının biznesi xüsusilə geniş miqyas alanda onlar şəhərin ən gözəl küşələrindən birində ev alıb partiyanın ofisinə çevirirlər. 1976-cı ildə Nensi Kaliforniyadan Milli Demokratik Konqresə üzv seçilir (Bu üzvlük tam 20 il davam edəcəkdi). Bir il sonra onu partiyanın Şimali Kaliforniya bölməsinə, 4 il sonrasa Demokrat Partiyasının Kaliforniya filialına sədr seçirlər (Nensi bu vəzifəni 1984-cü ilə qədər icra edir). 1985-86-cı illərdə Demokratik senat kampaniyasının maliyyə komitəsinin sədri vəzifəsini icra edir.

Missis Pelosi Nümayəndələr Palatasına ilk dəfə 1987-ci ildə seçilir – demokratların vəfat edən nümayəndəsi Sala Bertonun boş qalmış yeri uğrunda yarışda o, əvvəlcə (daxili seçkidə) öz partiyasından olan namizədə, sonra Respublikaçılar Partiyasının namizədinə qalib gəlir. İlk növbədə insan haqları (xüsusilə Çinlə bağlı) və QİÇS xəstələrinin müdafiəsi mövzularını gündəmə gətirən Nensi bir il sonra böyük səs çoxluğuyla təkrar seçilir (1949-cu ildən etibarən Kaliforniya ştatında demokratlar qələbə qazanırdı və o da bu uğurunu daha 16 dəfə təkrarlaya biləcəkdi), assiqnasiya və kəşfiyyat komitələrəində fəaliyyət göstərərək Konqresdə demokratların ən nüfuzlu üzvlərindn birinə çevrilir.

1994-cü ildə – demokratlar Nümayəndələr Palatasındakı çoxluğu itirəndə missis Pelosi silahdaşları üçün Kaliforniyada demokratların necə qalib gəlməsiylə bağlı prezentasiya keçirir, amma tədbirə çox az adam gəlir. Onun yaxın dostu, keçmiş konqresmen Corc Millerin dediyinə görə, Nensi həmkarlarının saymazlığına belə reaksiya verir: “Bu oğlanlar qalib gəlməyin yolunu bilmirlər”.

Missis Pelosinin sonrakı illərdə qazandığı uğurlar seçki mübarizəsi məsələsində onun həqiqətən xüsusi qabiliyyətə malik olduğunu ortaya qoyur. 2001-ci ildə Nensi Palatada hələ də azlıqda olan demokratlar qrupunun müfəttişi seçilərək bu vəzifəni tutan ilk qadın olaraq tarixə düşür. Bir il sonra o, qrupun lideri seçilir və bunu bacarmış qadın olaraq Amerika tarixində daha bir ilkə imza atır. Həmin il Palatada İraqa hərbi müdaxilə məsələsi müzakirə edilir və bunun əleyhinə çıxan deputatlardan biri də Nensi olur.

Demokratların qalib gəldiyi 2006-cı il seçkiləri onun və elə ölkənin də taleyində əlamətdar hadisəyə çevrilir – missis Pelosi Amerika tarixində Palatanın ilk qadın spikeri seçilir. Andiçmə mərasimindən sonra Nensinin partiya yoldaşlarına payladığı nişanın üstündə bu sözlər yazılmış olur: “Biz bu günü 200 ildən çoxdur ki, gözləyirdik”. O, çıxışında da bu barədə danışır:

“Bu, tarixi məqamdır – həm Konqres üçün, həm də bu ölkənin qadınları üçün. Bu, bizim 200 ildən çoxdur ki, gözlədiyimiz məqamdır. Öz haqlarımız uğrunda mübarizə illərində biz ümidimizi itirmədən bu günü gözləmişik. Qadınlar sadəcə gözləməyiblər, onlar işləyiblər. Kişilərlə qadınların bərabərliyi haqqında Amerikanın vədini doğrultmaq üçün biz ümidimizi itirmədən işləmişik. Qızlarımız və nəvələrimiz üçün bu gün biz “şüşə tavanı” qırdıq. Artıq onlar üçün sərhəd səmadır – indi onların qarşısında maneə yoxdur”.

****

Az sonra bəzi nüfuzlu demokratlar İraqda kütləvi qırğın silahı olduğunu deməklə Konqresi aldatmış və həbs orderi olmadan telefon dinləmələrinə icazə verməklə amerikalıların vətəndaş azadlıqlarını pozmuş Corc Buşa qarşı impiçment proseduru başlatmağı tələb edirlər. Bu fikri Nensinin öz dairəsindəki seçicilər də dəstəkləyirlər, həm də çox qətiyyətlə. Ancaq o, eyni qətiyyətlə impiçmentə qarşı çıxır, “Vaşinqton post” qəzetinə müsahibəsində “Demokratlar prezidenti şübhə altında qoymaq istəmirlər, ancaq araşdırmanın nəylə nəticələnə biləcəyini heç vaxt təxmin etmək olmur” desə də, belə bir araşdırmanın başlamasına qarşı çıxır (2007). Buna baxmayaraq Palataya bir il sonra keçirilən seçkilərdə məhz impiçmentə mane olduğu üçün ona rəqib olan pasifist namizədə qalib gəlir.

Missis Pelosi həmin il Amerikada baş verən iqtisadi böhrandan da rəqib partiyanın namizədi olan Buşu “vurmaq” üçün yararlanmır. Maliyyə naziri Henri Polson “xilas paketi”nin Palatada təsdiqlənməsi üçün onun qarşısında diz çökəndə “Sizin katolik olduğunuzu bilmirdim” deyə ironiya etsə də, layihəyə lazımi sayda səs təmin etməklə hökumətə dəstək verir.

Beləliklə, məlum olur ki, bu illər ərzində partiyaya maliyyə dəstəyi toplamaq bacarığıyla seçilən (800 milyon dollara yaxın) Nensi Pelosi həm də Palatada istədiyi sayda səs əldə etmək qabiliyyətinə malikdir. Bunun üçün o, sonuna qədər öz avtoritetindən istifadə etməkdən; bu yetməyəndə, başqalarını prosesə cəlb etməkdən; bu da az olanda, həmkarlarını inandıra biləcək adamların yardımından faydalanmaqdan çəkinmir – məsələ kimlərçünsə narahatlıq yaratsa belə.

Ana səhifəXəbərlərNensi Pelosi – ABŞ-ın nümayəndələr palatasının ilk qadın spikeri