Neft Şirkəti təbii qazın maya dəyərini açıqlayıb

”Hökumət əlindəki imkanlarla qazın qiymətini endirə bilərdi, əksinə etdi”

Source:


”Hökumət əlindəki imkanlarla qazın qiymətini endirə bilərdi, əksinə etdi”

Dövlət Neft Şirkəti (SOCAR) təbii qazın maya dəyərini açıqlayıb. Şirkətin 2015-ci il üzrə illik hesabatına görə, ötən il 1000 m3 qazın faktiki istehsal maya dəyəri 39.74 manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 2.55 manat və ya 6.8 faiz artım deməkdir.

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibi belə görünür: material xərclərinin xüsusi çəkisi -3.5 faiz, əməkhaqqı xərcləri – 9.9 faiz, sosial sığorta ayırmaları – 2 faiz, amortizasiya ayırmaları – 31.1 faiz, təmir xərcləri – 9 faiz, əsas vəsaitlərə texniki xidmət – 1.8 faiz, nəqliyyat xərcləri – 17.2 faiz, mədən vergisi – 14.9 faizdir.

Hesabatda deyilir ki, SOCAR üzrə neftin və qazın maya dəyərləri artıb. Qazın maya dəyərinin artması bir il öncəyə nisbətən belə dəyişib: əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 3295 min manat (4.6 faiz), nəqliyyat xərcləri 1280 min manat (3.2 faiz), mühafizə xərcləri 748 min manat (22 faiz), digər vergilər üzrə 1642 min manat (20 faiz) və digər xərclər üzrə – 629 min manat (13.4 faiz) artıb.



Hökumət qiymət artımına getməliydimi?

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, maya dəyəri göstəriciləri hökumətin qiymət artımına getməsinə əsas yaratmır:

“Rəqəmlərdən görünür ki, maya dəyəri qiymət artımına gedəcək dərəcədə yüksək deyil. Bundan əlavə, 1994-cü ildən BP ilə Azərbaycan arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən neftlə birgə çıxan səmt qazı SOCAR-a pulsuz verilir. Bu da ildə təqribən 2.3-2.4 milyard kubmetr qaz deməkdir. Əhalinin ümumi istehlakı isə ildə 2.8 milyard kubmetrdir. Deməli, ölkə əhalisinin illik qaz ehtiyacının təxminən 90 faizi pulsuz əldə olunur. Belə bir durumda hökumət qiymət artımına getməməli, qazın qiymətini aşağı salmalıydı”.



“Yükün böyük bir hissəsi əhalinin çiyninə qoyulur”

Natiq Cəfərli foto Meydan TV

İqtisadçı deyir ki, əvvəllər qazın 1 kubmetri 27-28 manata başa gəlirdisə, bunu əhaliyə 100 manata satırdılar. Qiymət artımına qədər 3 dəfəyə yaxın qazanc əldə edirdilər. Bundan sonra daha çox qazanacaqlar:

“Hökumətin qazın qiymətlərini daha da aşağı salma imkanı var. Sadəcə, Azərbaycanın büdcəsində, eləcə də SOCAR-ın özünün qeyri-effektiv idarəetmədən yaranmış 8 milyard dollarlıq xarici borcunu nəzərə alaraq qiyməti artırmaq yolunu seçiblər. Bu yolla yükün böyük bir hissəsi əhalinin çiyninə qoyulur. Əslində isə çıxış yolu SOCAR-ın idarə edilməsində effektivliyin artırılmasıdır”.

Tarif Şurasının noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətləri qaldırılıb. Qazın qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü dəyişdirilmir, 1 kubmetrə görə mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Ancaq illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə 1 kubmetrə görə 20 qəpikdən hesablanacaq.

Ana səhifəXəbərlərNeft Şirkəti təbii qazın maya dəyərini açıqlayıb