Nefçalada bələdiyyə sədrinə etiraz edən daha 6 sakin cərimələnib

Ümumilikdə indiyə qədər aksiyaya görə, 10 nəfər 50 manat, 6 nəfər isə 200 manatadək cərimələnib.

Source: google.az


“Heç kim Əlibala Səlimova gözün üstdə qaşın var demir"

Noyabrın 3-də polis Nefçalanın Mürsəqulu kəndinin 6 sakinini cərimələyib.

Kənd sakinləri aprelin 15-də təşkil etdikləri aksiyaya görə məhkəməyə verilib.

Məhkəmə tərəfindən cərimələnən şəxslər Elşən Səmədov, Xanlar Həmzəyev, Məmməd Zeynalov, Salman Məmmədov, Natiq Əsgərov və Zahid Tağıyevdir.

Onlar 100-200 manat aralığında cərimələniblər.

Meydan TV-yə bu haqda kənd sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, onlar aprelin 15-də Əlibala Səlimovun əməllərindən boğaza yığılaraq etiraz ediblər. Səbəb də Əlibala Səlimov kəndin inkişaf fondunun 63 hektarlıq torpağını mənimsəyərək orada əkin-biçin işləri aparmasıdır:

“Torpaq islahatları dövründə kənd əhalisi öz pay torpaqlarından kəsib kəndin inkişaf fonduna bağışlayıb. Gələcəkdə yeni ailə quran insanlara verilməsi üçün. Əlibala Səlimov isə bu əraziləri oğluna verib. Oğlu da burada əkin-biçin işləri görüb, pul qazanır. Üstəlik, heç həmin gəlirdən vergi də vermir”.

Sakinlər bildirirlər ki, sırf buna görə bir neçə ay öncə – aprelin 15-də aksiya təşkil ediblər. Aksiya zamanı Əlibala Səlimovun bacısı oğlu toplaşıb etiraz edən kəndliləri təhqir edib: “Xanımlı, kişili hamı əkin sahəsinin yaxınlığında toplaşmışdı, polis də gəlmişdi. Nə isə bu oğlan bizə dedi ki, içinizdə kişi yoxdur deyəsən, qadınları qabağa vermisiniz. Onun bu sözündən qəzəblənən insanlar həmin əkin sahəsinin qapısını vurub açdı. Köhnədən, Sovet dövründən qalma qapı idi, pis gündə. Həmin qapı qırıldı. İndi Əlibala Səlimov bizi polisə, məhkəməyə verib ki, guya biz bunun qapısını qırmışıq, xuliqanlıq etmişik. Üstəlik, bununla da kifayətlənmir. Deyir, budur neçə ildir biz onun oğlunu həmin 9 hektar ərazidə əkin-biçin etməyə imkan verməmişik və onlara ziyan vurmuşuq. Buna görə də bizdən 50 min manat tələb edir”.

Sakinlər deyirlər ki, hadisədən sonra 3 nəfər kənd sakini məhkəməyə verilib.

Onlar xuliqanlıqda iddiham ediliblər. Ümumilikdə indiyə qədər aksiyaya görə, 10 nəfər 50 manat, 6 nəfər isə 200 manatadək cərimələnib.

Kənd sakinləri bu cərimələri əsassız, qanunsuz hesab edirlər.

Kəndin sahə müvəkkili Sadiq Əmrahov cərimənin onluq bir şey olmadığını deyir.

O bildirir ki, o, sadəcə yuxarıdan gələn əmri icra edir: “Heç kim Əlibala Səlimova gözün üstdə qaşın var demir. Adam istədiyini edir, kəndlilərin haqqı olan torpağı əkib-becərir, istədiyi yeri istədiyi adama satır. Ancaq haqlı olan kənd sakinləri iddiham edilir, cərimələnir”.

Problemlə bağlı Əlibala Səlimov Meydan TV-yə bildirib ki, həmin torpağı qanunsuz əldə etməyib.

Oğlu həmin torpaqları hərrac yolu ilə icarəyə götürüb: “9 hektar ərazidir. Əkib-becərmək üçün götürüb. Ancaq kənd camaatı o torpaqlarda əkinçiliklə məşğul olmamıza imkan vermir. Bizi nə qədər ziyana salır. Azmış kimi vurub qapısını da sındırıblar. Mən də haqlı olaraq şikayət etmişəm. Burada qanunsuz heç nə yoxdur”.

Əlibala Səlimov Nefçalanın Xolqaraqaşlı kəndinin bələdiyyə sədridir.

Xolqaraqaşlı və Nefçalanın Mürsəqulu kəndləri eyni bələdiyyəyə tabedir.

Ana səhifəBölgəNefçalada bələdiyyə sədrinə etiraz edən daha 6 sakin cərimələnib