Necə kommunist idilərsə, o cür də müsəlmandırlar

Ən dahi adamlar, hətta peyğəmbərlər belə azərbaycanlıları dərk etməyə qadir deyillər

Foto: Meydan.tv


Ən dahi adamlar, hətta peyğəmbərlər belə azərbaycanlıları dərk etməyə qadir deyillər

Mən sizə sizdən maraqlı hekayə danışacağam. Çox maraqlı. Sizdən heç biriniz bu hekayəni ömründə eşitməmisiz.

Eşidəndə, əməlli əsəbiləşəcəksiniz. Əsəbiləşəcək və məne-biçarəni söyəcəksiniz.

Məne-biçarə də çarəsizlikdən özüm-özümə donquldanacağam ki, “…yoxsa bu ayinədə əyri görürsən özünü…”

Deməli, əhvalat vaqe olur XX əsrin əvvəlində. Uruslar, bu dəfə qırmızı ləbbadədə, qayıdıb-gəlib Azərbaycanı dübarə tutublar. Tutublar və yerli tuzemeslərin başına özlərinə bir köynək yaxın doktor Nəriman Nərimanovu qoyublar. Qoyublar ki, əmrlərinə sözsüz itaət etsin.

Di gəl ki, tərslikdən bu doktor Nərimanov həqiqətən əqidəli və savadlı kommunist çıxdı və başladı urusları kommunist kitablarında yazılmış qaydalara, o cümlədən “bütün xalqların hüquq bərabərliyinə” hörmət etməyə çağırmağa.

Bir dözdülər, iki dözdülər, ta dözəmməyib başladılar çarə axtarmağa.

Klassik çarə o zaman beləydi ki, “söz verilirdi yoldaş mauzerə”, yəni inanılmış bir yoldaşa partiya tapşırığı verilirdi, o da gəlib gülləni sıxırdı yoldaş Nərimanovun təpəsinə. Qatili heç həbs etməyib yerindəcə güllələyirdilər, şanlı və alovlu bolşevik Nərimanova isə dəbdəbəli və təntənəli dəfn mərasimi təşkil edib onun qisasının yerdə qalmayacağına hamılıqla and içirdilər.

Kimsə daha ağıllı birisi dedi ki, “gəlin yeni üsulla işləyək”.

Yeni üsulu hamı bəyəndi və qəbul etdi. Dilbilməz doktor Nərimanovu Moskvaya, məsul vəzifəyə aparıb-yüksəldib orada onu ana torpağından ayrılmış Axil kimi zəf dabanından-ürəyindən vurdular və külünü Kreml divarına hördülər.

Nəriman Nərimanovun yerinə təyin etməyə bircə dənə fərli yerli kommunist tapılmadığından Azərbaycan bolşeviklərinin partiyasının başına başladılar təyin etməyə ələ keçənləri. Bəli, gərdişi-dövran elə gətirdi ki, Azərbaycana rəhbərlik xoşbəxtliyi qismət oldu növbə ilə ələ keçmiş Mirzə Davud Hüseynova (üçcə ay!), Viktor İvanoviç Naneyşviliyə (cəmi ayyarım!), Yelena Dmitriyevna Stasovaya (cəmi bir həftə!), Vladimir Elizbaroviç Dumbadzeyə (cəmi 40 gün!), Qriqoriy Naumoviş Kaminskiyə (9 ay!), Sergey Mironoviç Kirova, Levon İsayeviç Mirzoyana, Nikolay Fyodoroviç Qikaloya, Vladimir İvanoviç Polonskiyə, Ruben Qukasoviç Rubenova… Və bu namizəddən sonra Moskva nəhayət ki, istədiyi adamı tapıb onu 20 illiyə Azərbaycan kommunistlərinə rəhbər təyin etdi. Və Mirqəzəb ləqəbi qazanmış bu görkəmli siyasi xadim Rusiyaya canla-başla qulluq edib öz sələflərnin əksəriyyəti kimi öz güllə payını 1950-ci illərin ortasında aldı.

Sözümün canı odur ki, bu ərazidə kommunist rejimi qurulduğuna baxmayaraq, burada yaşayan insan toplumunun içərisində əqidəli kommunist tapmaq çox çətin məsələ idi. Əhaliyə nəinki məfkurə yad idi, heç adın özünü düzgün tələffüz etmək insandan hünər istəyirdi.

Rəhmətlik atam gülə-gülə danışardı ki, görkəmli ədibimiz Məmməd Səid Ordubadi ilə zarafatlaşmaq istəyən gənc ədiblər çox ciddi görkəmlə onu əhatəyə alıb deyərdilər ki, “kommunizmin zəfər çağında belə görkəmli sovet ədibinin “kommunist” sözünü tələffüz edə bilməməsi böyük siyasi səhvdir”. Zəmanənin xatalarını çox yaxşı duyan böyük romanist təşvişə düşüb iddia edirdi ki, “elə şey yoxdur, mən bu sözü düzgün tələffüz edirəm”. Cüvəllağı gənc ədiblər möhtərəm romanisti küncə sıxıb tələb edirdilər ki, iddiasının düzgünlüyünü əyani sübut etmək üçün bircə dəfə “kommunist” sözünü desin. Biçarə Məmməd Səid Ordubadi bütün diqqətini və fəhmini cəmləyib deyirdi: “qəminist”.

Təbii ki, gənc ədiblər bu şit zarafatlarının tutmasından çox xoşhal olurdular və qəhqəhə çəkib uğunurdular.

Lakin vaxt keçdikcə azərbaycanlılar özlərinin şəraitə və zamana uyğunlaşmaq qabiliyyətinin sayəsində nəinki “kommunist” sözünü düzgün tələffüz etməyi öyrəndilər, həm də anladılar ki, hakim partiyanın üzvü olmaq çörək ağacını silkələmək üçün sehirli çubuqdur.

Və başladı azərbaycanlıların Kommunist Partiyasına kütləvi soxulması.

Təbii ki, onların heç bircə faizi marksizm klassiklərini oxumamışdı, yüz mindən biri əmək insanlarının qardaşlığına və həmrəyliyinə inanırdı, lakin soxulmanın həcmi elə yüksək həddə çatdı ki, 1991-ci ilin sentyabrında AKP dahi siyasətçi Ayaz Mütəllibovun iradəsi və göstərişi ilə ləğv olunanda onun sıralarında 400 mindən çox özünü azərbaycanlı adlandıran məxluq toplaşmışdı.

Azərbaycanlıların kommunistliyini öz gözüm ilə görmüşəm. Görmüşəm ki, görkəmli antikommunist Heydər Əliyevə sürəkli alqışlar bəxş ediblər. Görmüşəm ki, marksizmin təməlində duran azad və ləyaqətli insan məfhumuna uyğun olmaq istəyən şəxsin üstünə quzğun kimi tökülüşüb onu didiblər. Görmüşəm ki, nəzəriyyəyə görə əqidə və vicdana sadiq olmaq əvəzinə bizim bu azərbaycanlı kommunistlər gerçəklikdə qarınlarına və müdirlərinə sadiq olublar.

1968-ci ildə AKP-nin 26 Bakı komissarı adına raykomunda partiya üzvlüyünə namizəd kimi büronun qəbul otağında növbəmi gözləyərkən ayaqqabı fabrikindən partiya üzvlüyünə namizədlərin öz aralarında etdikləri şit zarafatı qulaqlarımla eşitmişəm: “ Soruşsalar ki, partiyaya niyə girirsən, nə deyəcəksən?” “Özüm ölüm, həqiqəti deyəcəyəm. Deyəcəyəm ki, partiyaya ona görə girirəm ki, sexdəki oğurluğumun üstü açılsa, birinci dəfə işimi prokurorluğa göndərməsinlər, sadəcə şəxsi işimə yazılmaqla töhmət versinlər…” Və bu sifətlərindən zəka əvəzinə qarınqululuq yağan ikiayaqlı məxluqat gülüşüb həmin gün bu partiyada məni gözləyən əzablı gələcəyimdən müjdə verdilər.

Sonda onu deyim ki, Azərbaycan Kommunist Partiyasına yenidənqurmada dəstək vermək sevdası ilə yaratmağa başladığım Azərbaycan Xalq Cəbhəsinin ilk İdarə Heyətinin 15 üzvündən yarısı həmin bu çörək ağacını silkələmək məqsədilə Kommunist Partiyasına soxulmuşlar idi ki, həlledici məqamda hamısı fəxrlə elan etdilər ki, kommunizmin düşmənləridirlər!

1990-cı ilin yanvar ayının 22-də Sergey Mironoviç Kirov adına Dağüstü istirahət parkında AXC və AKP marallarının hakimiyyət çarpışmasında güdaza verdikləri günahsız qurbanların dəfn mərasimi zamanı ətrafımda durmuş bir-iki kommunist hisslərini cilovlaya bilməyib ciblərindən partiya biletlərini çıxardılar və alışqanla onları odladılar. Bu zaman onların gözlərində göz yaşı gilələnirdi.

Hamı elə bildi ki, onlar şəhidlərə ağlayırlar, bircə mən bildim ki, onlar bu partiya biletlərini əldə etmək üçün partokratlara verdikləri böyük miqdarda rüşvətin hədər getməsinə ağlayırlar. Zira onlar dərk etmişdilər ki, partiya bileti bundan sonra onlara çörək ağacını silkələməyə kömək edə bilməyəcək.

Bəs nə, hansı alternativ sehrli çubuq azərbaycanlılara imkan verəcək ki, zəhmətsiz böyük pullara çatsınlar? Belə sehrli çubuq varmı? Xalqı və Vətəni minib sürmək üçün tarmar olmuş kommunizm ideologiyasının yerini nə tuta bilər? Azərbaycanlılar hansı ideologiya ilə bu əyri cəmiyyətdə özlərinə layiqli yeri tutub rüşvət və oğurluq bulağından doyunca içə bilərlər?

Belə ideologiya varmı? Fani dünyadakı cənnətə hansı yol aparır?

Bu yolu xalqa Ulu öndər göstərdi. Məhz bu alovlu leninçi Məkkəyə gedib Qiblənin ətrafında dolandı və Ərəfat dağına gedib şeytana daş tulladı.

Arifə işarə də bəsdir. Məmurların həcc yürüşü başladı. Müxalifət də geri qalmayıb başda İsa Qəmbər olmaqla həccə gedib hacı oldu. Elə məmur tapıldı ki, həccə iyirmi dəfə getdi.

Prokurorluq işçilərinin mütləq əksəriyyəti dindar müsəlmandır. İş vaxtının 99%-ni həsr edirlər günahsız adamlara iş tikməyə, bəxti gətirməmiş və böyüklərin qəzəbinə tuş gəlmiş orta oğruların mülkiyyətinin qəsb edilməsinə, 1%-ni həsr edirlər namaza və Allaha duaya. Əksəriyyəti, təbii ki, Məkkəyə gedib hacı olub.

Mənzillərin kvadratmetrini 200 dollara tikib məzlum müsəlmanlara 600 dollara satan dələduz tikinti ərbablarının mütləq əksəriyyəti üsuli-d-dinə və furui-d-dinə riayət edən müsəlmanlardır.

A kişilər! Polis! Polis zabitlərinin əksəriyyəti kimdir? Müsəlman…

İcra başçıları, nazirlər və müavinləri, deputatların əksəriyyəti kimdir? Müsəlman…

Kommunist ideologiyası bizim milli kommunistlərin səyi ilə cəhənnəmə vasil olandan sonra bizim milli müsəlmanlar girişiblər islama. Mən dünənə qədər elə bilirdim ki, islama zaval yoxdur. Fəqət azərbaycanlıların namaz qılmasını, oruc tutmasını, Məkkəyə ziyarətə getməsini görəndən sonra əminəm ki, islamın süqutu yaxınlaşır.

Mən görməyəcəyəm, lakin bu, qaçılmazdır.

Sonra isə növbə liberalizmindir. İslamın süqutundan sonra azərbaycanlılar Hikmət Hacızadənin ülvi arzularını gerçəkləşdirərək kütləvi şəkildə liberal olacaqlar. Liberal dəyərlərin bayrağı altında elə işlər görəcəklər ki, liberalizm tədqiqatçıları Buşa və Trampa ehsan verəcəklər.

Belə minvalla liberalizmin də axırına çıxacaqlar.

Sonra nə?

Nə çoxdur dünyada izmlər, bizimkilər zirək millətdir, nəyi isə tapıb onun məhvinə girişəcəklər.

Keçənə güzəşt deyərlər. Karl Marks bilsəydi ki, onun təlimini azərbaycanlılar hansı kökə salacaq, bəlkə də özünə zəhmət verib o boyda “Kapital”ı yazmazdı.

Məhəmməd aleyhi-s-salam bilsəydi ki, 1400 il sonra onun təlimini hansı zatlar hansı məqsədlər üçün istifadə edəcək, bəlkə də elə Məkkədə qalıb Mədinəyə hicrət etməzdi.

Amma ən dahi adamlar, hətta peyğəmbərlər belə azərbaycanlıları dərk etməyə qadir deyillər. Məhz buna görə dahi Sabir etiraf etmişdi ki, “Harda müsəlman görürəm, qorxuram…”

Düz eləyirdi. Sabir kimi dahi olmasam da, elə mən də, indi harda müsəlman görürəm, qorxuram…

Ana səhifəMənim FikrimcəNecə kommunist idilərsə, o cür də müsəlmandırlar