Nə heyvan haqları, qoyun inqilabımızı edək!

Hansı ölkə üçün hamı mübarizə aparsın?

Source: Meydan TV


Hansı ölkə üçün hamı mübarizə aparsın?

Mən ət yeyirəm. Balıq, toyuq, qoyun, mal, hətta maral əti. Yaşadığım Norveçdə dükanlarda balina əti belə satılır. Qatıq və yumurta da yeyirəm. Amma nə vegetarianları, nə də veganları axmaq hesab etmirəm. Onların həyat fəlsəfəsi mənə çox doğma deyil, amma ögey də deyil.

Bir sənət adamı olaraq, öz filmində inəyi yandıran Tarkovski mənə heyvan haqlarını qoruyan aktivistdən daha yaxındır. Mən onun sənət yanğısı qarşısında heyvanı qurban vermə hissini gözəl anlayıram. Amma heyvan öldürülməsin deyə ət yeməyən vegetarian da mənə ögey deyil.

Ölkədə rejimi, sistemi kökündən dəyişmək istəyən müxalifətçi də mənə daha yaxındır. Amma siyasi mübarizənin birinci, animal aktivizmin sonuncu məsələ olduğunu düşünmürəm.

Etiraf edim ki, illər əvvəl bu cəhalət bataqlığında mən də olmuşam. Yəni heyvan haqlarının üçüncü, dördüncü, beşinci və ya ən axırıncı problem olduğunu, ölkədə insan haqları ilə bağlı bu qədər problem varkən, ekologiya, heyvan haqları kimi problemlərin həlli ilə məşğul olmağı “məqsədyönlü apolitiklik”, “ikiüzlülük” hesab etmişəm. Amma buna səbəb mənim şəxsi nadanlığım deyil, dünyagörüşümün darlığı olub deyə, zamanla fikirlərim mütaliəmə, dünyadakı proseslərlə tanışlığıma uyğun olaraq, dəyişib deyə, belə şeyləri etiraf etməkdən o qədər də çəkinmirəm.

Odur ki, bu gün siyasi aktivizmlə, müxalifətçiliklə, insan haqları problemləri ilə məşğul olan, ölkəni, iqtidarı, hökuməti, sistemi dəyişmək istəyən, bütün problemlərin kökünün sistemdə olduğunu düşünən və animal aktivizm, ekoaktivizm kimi şeylərə barmaqarası baxan adamları yaxşı başa düşürəm, amma könül istərdi ki, onlar bizim etdiyimiz səhvləri etməsinlər. Bizə deyən olmurdu, bilmirdik, ənənə yox idi, nəsillərarası dialoq yox idi, amma indi bu dialoqu quraq, öz səhvlərimizi etiraf edək ki, bizdən sonra gələnlərin işi daha asan olsun.

Ondan başlayaq ki, heyvan haqları qorunmalıdırmı, qorunmalıdırsa hansı heyvanların haqları qorunmalıdır, it və pişiklərin döyülməsinə, küçədə güllələnməsinə etiraz edirlərsə, bəs qoyunların, inəklərin, toyuqların kəsilib yeyilməsinə niyə etiraz etmirlər kimi sualların indi, hazırda konkret cavabları yoxdur. İnsan heyvan ətindən imtina etməlidirmi? Etməlidirsə, nə yeməlidir? Yeməməlidirsə, bu, öz təbiətinə qarşı çıxmaq, müəyyən xəstəliklər qazanmaq demək deyilmi? Bunlar çətin suallardır, bu suallara cavab vermək bir, ya bir qrup aktivistin, ya da müxalifətçilərin gücündə deyil. Bu suallara iqtisadiyyat, tibb, psixologiya, etika kimi sahələr birlikdə və illərlə cavab axtarmalı və tədricən, mərhələli şəkildə problemlə həll edilməlidir.

Buna görə də, indi heyvan əti yeyən adam vəhşidir kimi hökm çıxarmaq olmaz. Amma heyvan haqlarını qoruyan adam da ikiüzlüdür, çünki ancaq it və pişikləri düşünür, qoyunları müdafiə etmir deyə hökm vermək də haqsızlıqdır axı. Siyasi mübarizə var, korrupsiya həll edilməyib, monopoliya həll edilməyib deyə, ekoaktivistlər də ekoloji problemlərlə məşğul olmasın, zibil ölkəni bassın, amma onlar da hələ ki, bizə qoşulsunlar, rejimi devirək, sonra zibil problemini həll edərik deyə ritorika da gülməli görünür axı. Sənin ölkəndə hava durmadan çirklənsin, fauna məvv edilsin, hamı rejimi yıxmaqla məşğul olsun? Nə bilirik, o rejim yıxılana kimi nəfəs alınacaq qədər yaxşı havası olan bir ölkə qalacaqmı? Hansı ölkə üçün hamı mübarizə aparsın? Azad, amma havası zəhərlənmiş bir ölkə üçün?

Olmazmı, yaşamalı bir ölkə üçün hərə öz istədiyi cür çalışsın? Biri heyvan haqlarını qorusun, biri havanı, biri qadını, biri uşağı, biri LGBTİQ-nü, biri əlilləri, başqa biri də universal insan haqlarını, siyasi mübarizəsini aparsın? Niyə hamı özünə yaxın olan ideologiyanı atıb, məhz sizin “mənfur rejim”, “tayfa-klan” ritorikanıza qoşulmalıdır? Qoşulmayana niyə “apolitik ünsür”, “ikiüzlü”, “riyakar” damğası, etiketi vurulmalıdır?

Şəxsən mənim üçün bu dəqiqə ən böyük işlərdən birini ekodizayner Renara Şəmsiyeva görür. Bacardığı qədər istehsalın qarşısını almağa çalışır, parça kəsiklərindən, tullantı, geyilmiş şeylərdən yeni paltarlar tikir, gənc dizaynerlərə ekodizaynın nə olduğunu öyrədir, belə geyim tərzini trendə çevirir. İndi neynəsin, Renara işini, məktəbini atıb, gəlsin seksist, özü bir büt olan Əli Kərimlinin mitinqində “rədd olsun Əliyevlər” deyə bağırsın və tutub onun sexini bağlasınlar? Niyə? Qoy öz işi ilə məşğul olsun də.

Mən bu gün azad, demokratik ölkə uğrunda mübarizə aparan, mitinqə gedən, heykəl yazan, döyülən, həbs yatan heç kimin mübarizəsini aşağılamaq fikrində deyiləm. Tam əksinə, özümün bir yerimin çatmadığı şeyləri onlar edir deyə, onlara daha çox hörmət edirəm. Amma azad, demokratik ölkə həm də insanların özlərinin seçdikləri ideologiya uğrunda mübarizəsidir, daha kollektiv ideya uğrunda mübarizəyə məcbur edildikləri ölkə deyil.

Ana səhifəXəbərlərNə heyvan haqları, qoyun inqilabımızı edək!