Nazirlik: +41 dərəcə istidə iş dayandırılmalıdır

Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə müraciət edib

Source:


Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti havaların isti keçməsiylə bağlı işəgötürənlərə müraciət edib.

Müraciət kəskin isti havalarda işçilərin sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsiylə bağlıdır.

Müfəttişliyin yaydığı xəbərdə deyilir ki, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən yuxarı olduqda açıq havada, eləcə də sərinləşdirici sistemi olmayan qapalı məkanlarda işlər dayandırılmalıdır.

“Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir”.

Müfəttişlik qeyd edir ki, həmin fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilməlidir. Boşdayanma işçinin təqsiri üzündən baş vermədikdə tarif maaşının 2/3 hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Son günlər Azərbaycanda havalar qızmar keçir. Bəzi yerlərdə temperatur 40 dərəcəni ötür.

Ana səhifəXəbərlərNazirlik: +41 dərəcə istidə iş dayandırılmalıdır