Sahil Babayev

Mənbə: Azərtac

Başlıq: Sahil Babayev

Nazir: 600-dən çox müharibə veteranına əlillik dərəcəsi verilib

"Əlillərə sosial ödənişlər təyin olunub"

“Yuxarı ətrafları amputasiya olunmuş müharibə veteranlarının son nəsil protezlərlə təminatı üçün işlər aparılır”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında belə deyib.

Nazir bildirib ki, hazırda 25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib: “Daha 50 nəfərin isə protezlərlə təminatı prosesi yekunlaşır”.

İclasda bildirilib ki, İslandiyanın "ÖSSUR" şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə bu kateqoriyadan olan daha 32 nəfər keçmiş döyüşçüdən müvafiq ölçülər götürülüb.

Nazir həmçinin qeyd edib ki, şəhadətləndirilmiş 600-dən çox müharibə veteranına əlillik dərəcəsi verilib, sosial ödənişlər təyin olunub: “Reabilitasiya mərkəzlərində onların sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır. Bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verilib. Ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxını reabilitasiya vasitəsi ilə təmin edilib”.

Tez-tez müharibədə əlillik qazanmış qazilər etiraz edirlər.

Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Asan Xidmət və digər dövlət qurumları qarşısında etdikləri aksiyalarda onlara təyin edilən əlillik dərəcəsindən narazılıq edir, eyni zamanda, aldıqları xəsarətlərin müalicəsini öz hesablarına etdirməkdən, imkansızlıqdan, işsizlikdən şikayətlənirlər.

Əlini-ayağını itirmiş şəxslər isə vaxtında protezlə təmin olunmadıqlarından gileylənirlər.

Ən son açıqlanan rəsmi statistikaya görə, iyunun 2-dək Azərbaycan tərəf İkinci Qarabağ müharibəsində həlak olmuş 2900 nəfər hərbçisini dəfn edib. 14 nəfər isə itkin düşmüş hesab olunur.

Ancaq bugünədək müharibədə nə qədər hərbçinin əlillik qazanması ilə bağlı rəsmi açıqlama olmayıb.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w3mgp9

Ən çox baxılan