Təhsil Nazirliyi deyir ki, çoxsaylı itkinin olması ilə bağlı xəbərlər yanlışdır
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.
Hadisənin məktəbdə inşaat işləri aparılan zaman baş verdiyi bildirilir.
Qəza nəticəsində ölənlərin və yaralananların olduğu deyilir.
Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.
Yaralı şəxs reanimasiyaya yerləşdirilib.
Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.
Təhsil Nazirliyi Naxçıvanda orta məktəb binasının çökməsi və nəticədə müəllim və şagirdlər arasında ölənlərin olması ilə bağlı məlumatlara münasibət bildirib.
Bu barədə Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” hesabında yazıb.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı ölümlərin, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur: “Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər”, – deyə açıqlamada bildirilir.
Nazirlik rəsmisi bildirib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.