Dövlət Statistika Komitəsi

Mənbə: Meydan TV

Başlıq: Dövlət Statistika Komitəsi

Natiq Cəfərli: Qapanmalar olmasa, ölkə iqtisadiyyatı təqribən 3 faiz artacaq

Vüqar Bayramov: "İqtisadiyyatdakı artım qadağaların qismən aradan götürülməsi ilə bağlıdır"

Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehal olunub.

Bu da əvvəlki ilin eyni dövrüilə müqayisədə 2,1 faiz artım deməkdir.

Komitə bildirir ki, baş verən iqtisadi artım qeyri-neft sektoru hesabına olub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, 2,1 faizlik artım ÜDM-in keçənilki kəskin azalmasının geri dönüşü deyil.

Onun sözlərinə görə, ötən il müxtəlif səbəblərdən, o cümlədən pandemiya və yarısında neft qiymətinin kəskin ucuzlaşmasına görə ÜDM 4,2-4,3 faiz azalmışdı: “Bu ilin ilk 6 ayında müəyyən artım, pozitiv dinamika var. Səbəbi isə pandemiya qadağalarının xeylisinin aradan qalması və neft qiymətlərinin sürətlə qalxmasıdır”.

İqtisadçı bildirir ki, son 4 ayda neftin satış qiyməti hər barelə 60, son 3 ayda isə 70 dollardan yuxarı təklif edilib. Bu da Azərbaycan üçün konfortu vəziyyət yaradıb.

Statistik məlumatlarda qeyri-neft sektorunun daha yüksək templə artmasına gəlincə, Natiq Cəfərli deyir ki, səbəb sadədir: “Ölkədə neft və qaza aid olmayan hər şey qeyri-neft sektoru sayılır. Burada çox maraqlı məsələ var. Məsələn, qeyri-neft sektorunun inkişafında olan lider şirkətlərdən biri Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ). Yəni qeyri neft sektorundakı artma da elə dolayı yolla neft sektoruna bağlıdır”.

İqtisadçı bildirir ki, ARDNŞ-ın törəmə şirkətləri neft məhsulları, gübrə, kauçuk, boru istehsalında və ixracında lider şirkətdir: "Bu o deməkdir ki, qeyri-neft sektorunun inkişafının, artımının səbəbi əsasən, ARDNŞ-ın bir çox törəmə şirkətlərinin neft emalı və neft məhsullarının istehsalının artması ilə bağlıdır. Bunu qeyri-neft sektoruna aid edirlər. Əslində isə bir-birinə bağlı və asılı iki sahədir”.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Natiq Cəfərlinin şəxsi arxivindən

Neft sektorunda azalmanın səbəbinə gəlincə, iqtisadçı hesab edir ki, Azərbaycanın ötən ilin mart ayında OPEK+ ölkələri qarşısında götürdüyü öhdəliklə bağlıdır. Buna görə Azərbaycanda neft istehsalı keçən il 164 min barel azalmışdı: “İndi də neft istehsalı 2019-cu ilə nisbətən təqribən 130 min barel daha azdır. Hasilatın azalması neft sektorunda ÜDM-in formalaşmasına ciddi təsir göstərir, amma qiymətlərin artımı manat və dollar ifadəsində ÜDM-in artımında neft və qaz qiymətlərinə müsbət təsir edir. Ona görə də bu ilin ilk 6 ayında 2,1 faizlik artım müşahidə olunur”.

Bunun yetərli olub-olmamasına qalanda isə Natiq Cəfərli deyir ki, bu, bəs deyil, çünki keçən il ÜDM-in azalması 4,2-4,3 faiz olub: “Yəni keçənilki azalmanı bu il ərzində bərpa etməyimiz, aradan götürməyimiz müşkül görünür. İlin sonunadək bu tendensiya davam etsə, qapanmalar olmasa, ölkə iqtisadiyyatı təqribən 3 faiz artacaq. Bu isə yenə də ötənilki azalmanı geri döndərəcək səviyyədə deyil”.

Vüqar Bayramov

Vüqar Bayramov

Mənbə: Meydan TV

Deputat, iqtisadçı Vüqar Bayramov da iqtisadiyyatdakı artımı pandemiya ilə bağlı qadağaların qismən aradan götürülməsi ilə əlaqələndirir: “Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvarından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır”.

Deputat bildirib ki, məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir: “Bu kontekstdən vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz və bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bh8sii

Ən çox baxılan