Korrupsiya

Mənbə: arxiv

Başlıq: Korrupsiya

Natiq Cəfərli: Korrupsiya bir çox ölkələrdə var, Azərbaycanda miqyası genişdir

Məqalə yeniləndi:  11 Sentyabr 2020

Qubad İbadoğlu: "Görünür, Azərbaycanda müstəqil məhkəmələr, sadəcə, arzu olaraq qalacaq"

Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşmağa davam etsə də, ciddi problemlər qalmaqdadır. Son bir neçə il ərzində Azərbaycan hökuməti xarici investisiyalar cəlb etməyə, iqtisadiyyatının şaxələndirilməsi üçün islahatlar aparmağa və özəl sektora söykənən inkişafa təkan verməyə çalışıb.

Bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkədə investisiya mühiti haqqında hesabatında əksini tapıb.

Məlumatı "Turan" İnformasiya Agentliyi yayıb.

Hesabatın xülasəsində deyilir ki, Azərbaycan iqtisadiyyatı əvvəlki kimi neft və qaz hasilatından çox asılıdır, ixrac gəlirlərinin təqribən 90 faizi və dövlət büdcəsinin yarısından çoxu bu sahənin payına düşür:

“2019-cu ildə əsasən təbii qaz ixracının artması hesabına real ÜDM 2,2% artıb. Neft-qaz sektoru tarixən ən böyük həcmdə xarici investisiyalar cəlb etsə də, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək üçün dörd qeyri-neft sektoruna yönəlib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat”.

Hesabatda qeyd edilir ki, son illər işgüzar mühitin yaxşılaşdırılması, biznesin həyata keçirilməsi üçün lisenziya kateqoriyalarının aradan qaldırılması, ASAN xidmət mərkəzlərinə lisenziya vermək səlahiyyətinin verilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes yoxlamalarının dayandırılması yönündə, həmçinin vergi sistemində bir sıra müsbət addımlar atılıb.

Sənəddə xatırlanıb ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən dərc edilən “Doing Business 2020” reytinqində 190 ölkə arasında 25-ci yerdən 34-cü yerə geriləyib:

“Oktyabrın 24-də dərc edilmiş hesabata əsasən, 2018-ci ilin mayından 2019-cu ilin mayına qədər Azərbaycanda dörd uğurlu islahat həyata keçirilib və bununla da beş məqsəddən dördünə nail olunub. Bu islahatlar mülkiyyətin qeydiyyatı, kredit alınması, minoritar investorların müdafiəsi və müqavilələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı idi. Bu göstəricilər üzrə Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil edilib. Amma şaxələnmiş və rəqabətədavamlı özəl sektorun yaradılması üçün zəruri olan struktur islahatlarının keçirilməsində irəliləyiş yavaşdır, korrupsiya isə Azərbaycanda işləyən şirkətlər üçün ciddi problem olaraq qalır”.

ABŞ-ın Azərbaycandakı səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi

Mənbə: Meydan TV

Hesabatda dövlətlə əlaqəsi olan holdinq şirkətlərindən ibarət kiçik qrupun iqtisadiyyatda üstünlüyə malik olduğu və əqli mülkiyyət hüquqlarının kifayət qədər qorunmadığı, məhkəmə şəffaflığının olmadığı da qeyd edilib:

“Azərbaycan qanunvericiliyinə əsasən, xarici investisiyalar tam və qeyd-şərtsiz hüquqi müdafiə altındadır və xüsusi hallar istisna olmaqla, milliləşdirilə və ya mənimsənilə bilməz. Ayrı-ayrı şəxslər sərbəst şəkildə kommersiya müəssisələri yarada, onların paylarını əldə edə və bu payları idarə edə bilər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələr torpaq icarə götürə bilərlər, amma ona sahib ola bilməzlər”.

Azərbaycan hökumətinin qanunsuz ekspropriasiya vasitəsilə ABŞ-ın fiziki və hüquqi şəxslərinə qarşı ayrı-seçkilik nümayiş etdirmədiyi də sənəddə əskini tapıb: “ABŞ və Azərbaycan arasında İkitərəfli İnvestisiya Müqaviləsi (BIT) ABŞ investorlarına investisiya mübahisələrini Beynəlxalq İnvestisiya Mübahisələrinin Nizamlanması Mərkəzinin (ICSID) köməyi ilə nizamlamaq imkanı verir”.

"Azərbaycan məhkəmələri xarici sərmayənin toxunulmazlığına təminat verən müstəqil instituta çevrilə bilməyib"

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu səfirliyin hesabatını Dövlət Departamentinin hər il yaydığı investisiya bəyanatı üçün əhəmiyyətli mənbə adlandırıb:

“Təbii ki, ABŞ investorları ölkələrindən başqa ölkələrə sərmayə çıxaranda buna da diqqət yetirirlər. Bu baxımdan hesabatın əhəmiyyətini yüksək dəyərləndirirəm, ancaq sənəd beynəlxalq reytinq cədvəllərinin və ölkədə apardıqları müşahidələrin əsasında formalaşır”.

Qubad İbadoğlu Dünya Bankının "Doing Business" indeksiində Azərbaycanın yerinin yaxşılaşdığını xatırladaraq əlavə edib ki, bu yaxınlarda bank rəsmi Bakı da daxil bir çox ölkələrin hesabatlarına şübhəylə yanaşdı. Çox güman ki, Azərbaycan da daxil həmin dövlətlərin hesabatları yenidən araşdırılacaq.

İqtisadçının sözlərinə görə, səfirliyin hesabatı 2019-cu ilin məlumatlarına əsasın hazırlanıb. Ötən il ölkədə xarici sərmayələr 4.3 milyard dollar olub, bu, 2018-ci illə müqayisədə 4.9 faiz çoxdur: "Təbii ki, sərmayənin artımı hesabatın tonuna təsir göstərib. İnvestisiya mühitinin yaxşılaşması isə çox güman ki, gömrükdə sadələşmə, qanunvericilikdəki dəyişikliklər, lisenziyaların sayının azaldılması, daxildəki təşəbbüslərlə əlaqələndirirlər. Ancaq son vaxtlar baş verənlər Azərbaycanda müstəqil məhkəmələrin, sadəcə, arzu olacağı fikrini gücləndirir. Görünür,sərmayəçilər də Azərbaycanda müstəqil məhkəməni görə bilməyəcəklər. Hesabatda korrupsiyanı problem kimi göstərmələri Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International) araşdırmalarına istinad olunub. Həm də Amerika şirkətlərinin səfirliyə məlumatları da hesabatın korrupsiya hissəsinə təsirini göstərib. Məsələ ondadır ki, Azərbaycan məhkəmələri xarici sərmayənin toxunulmazlığına təminat verən müstəqil instituta çevrilə bilməyib".

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Meydan TV

Qubad İbadoğlu sənəddə “Azərbaycan hökumətinin qanunsuz ekspropriasiya vasitəsilə ABŞ-ın fiziki və hüquqi şəxslərinə qarşı ayrı-seçkilik nümayiş etdirməməsi” fikrini belə şərh etdi:

“Bu, o deməkdir ki, qanunsuz investorun əmlakının müsadirəsi və onun üzərində sərəncam verilmədiyi hallarına rast gəlinməyib. Yəni bu istiqamətdə fiziki və hüquqi şəxslər arasında ayrı-seçkilik yoxdur. Mən bu məqamı geniş mənada götürüb deyərdim ki, ötən illərdə Azərbaycanda milliləşdirməylə xarici sərmayədarların hüquqlarına zərər vuracaq dəyişikliklər müşahidə olunmayıb. Görünür, bu qənaət də onunla bağlıdır. Amma ABŞ-ın Azərbaycanla əməkdaşlığında iqtisadi və səraməyə qoyuluşları daha ön plandadır, nəinki təhlükəsizlik və demokratiya. O baxımdan bu məsələdə hesabatın tonuna təsir göstərməyib”.

"Diplomatik korpuslara sual verilsə, deyəcəklər ki, korrupsiya hər yerdə var"

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli “hesabatda Azərbaycanda ümumi investisiya mühitinin yaxşılaşmaqda davam etdiyi, digər tərəfdən də korrupsiyanın qaldığı qeyd olunursa, bu, ikili yanaşma necə izah oluna bilər?” sualına cavab verərkən bildirib ki, səfirliklərin diplomatik dil üslubuna diqqət yetirilməlidir:

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Meydan TV

"Təbii ki, xarici ölkələr Azərbaycanda iqtisadi əlaqələrini daha da dərinləşdirmək istəyilərsə, incə diplomatik üslubdan istifadə etməyə məcburdurlar. Ona görə də hesabatları bu üslubda yazmağa üstünlük verirlər və nəticədə iki münasibətlilik yaranır. Əlbəttə, diplomatik korpuslara bu barədə sual verilsə, “korrupsiya hər yerdə var” deyə cavabını eşitməli olacaqsınız. Haqsız da deyillər, doğrudan da, korrupsiya bir çox ölkələrdə var. Sadəcə, Azərbaycanda korrupsiyanın həcmi və miqyası genişdir. Əsasən də tender müqavilələri, məmur biznesi və dövlətsatınalmalarında. Ölkədə əsas problem korrupsiyanın sistemin idarəetmə formalarından birinə çevrilməsidir".

Natiq Cəfərli “Azərbaycan hökuməti qanunsuz ekspropriasiya vasitəsilə ABŞ-ın fiziki və hüquqi şəxslərinə qarşı ayrı-seçkilik nümayiş etdirməyib” ifadəsini şərh edərkən deyib ki, Bakının Amerika şirkətləri ilə kifayət qədər yaxşı münasibətləri var:

"Əsasən enerji şirkətləriylə, o cümlədən, Azərbaycan ABŞ-dan təyyarə alır, kosmik sənayenin inkişafında yaxşı əlaqələr var. Təbii olaraq Vaşinqton əməkdaşlığın davam etməsində maraqlıdır".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/r750p2

Ən çox baxılan