Natiq Cəfərli: Bizi vurus yox, stress öldürəcək

Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.

Source: Meydan TV


"İnsanlar vaksinlə bağlı fərdi qərar verməlidirlər"

“COVID-19 pasportlarının məcburi geniş tədbiqi insan haqlarının pozulmasıdır. İnsanlar vaksin vurub-vurmamaqla bağlı fərdi qərar verməlidirlər”.

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli belə deyir.

O bildirir ki, vətəndaşların vaksinə görə azadlıqlarının, seçimlərinin məhdudlaşdırılması totalitarizmin yeni növüdür: “Konstitutsiyaya görə hər bir vətəndaş bərabər hüquqlara malikdir. Harada yazılıb ki, 2 iynəyə görə kiminsə hüququ, vaksin vurdurmayanlardan üstündür? Məsələn, mən daha çox səfərlərə görə vaksinin hər iki dozasını vurdurmuşam. Yəni özümə görə demirəm”.

İyulun 26-da Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Yeni dəyişikliyə görə, yaşı 18-dən yuxarı olan tələbələrdən COVID-19 pasportu tələb ediləcək.


2021-ci il sentyabrın 1-dən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb edilir

:


  1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

  2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

  3. …bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;


2.5-5.2. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.


Qərar dəyişikliyinə əsasən, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər

:


  1. ictimai iaşə müəssisələrində;

  2. mehmanxanalarda;

  3. iri ticarət mərkəzlərində.
Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, artıq virusla yaşamağı öyrənmək lazımdır, yoxsa insanları stress pis günə qoyacaq: “Bu qədər də olmaz axı – bizim vurusa münasibətimiz dəyişməlidir ki, bu mərəz həyatımızdan rədd olsun. Bunu anlamasaq, bizi vurus yox, stress öldürəcək”.

Deputat Vüqar Bayramov isə bildirib ki, yeni qaydaların tətbiqində məqsəd vaksinasiya prosesini sürətləndirməkdir. Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var: “Əvvəlla, daha məqsədəuyğun olardı ki, iri ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın. Bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda, növbələrin sayını və kənar müdaxilələri azaldar”.

Deputat deyir ki, digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var: “Pandemiya ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədəuyğun olardı. Bütün bunlar vaksinasıya prosesinin sürətləndirilməsinə dəstək ola bilər”.

Vüqar Bayramov
Vüqar Bayramov

Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda indiyədək 4 milyon 564 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 1 milyon 910 min nəfərdir.

“Bloomberg”in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 19.1 faizi hər iki doza peyvənd olunub.

Vüqar Bayramov deyir ki, tam vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də birinci olsa da, peyvənd olunan vətəndaşların sayı hələlik, ÜST-nin 65 fazilik tövsiyəsindən aşağıdır.

2020-ci ilin martından Azərbaycanda koronavirus pandemiyası ilə bağlı karantin rejimidir. Yoluxma sayından asılı olaraq bu rejim müəyyən vaxtlar sərtləşdirilib və ya yumşaldılıb.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya isə bu il yanvarın 18-dən başlanıb. Əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.

İndiyə kimi ölkədə birinci mərhələdə 4,5 milyon, hər iki mərhələdə isə 1,9 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Koronavirus 2019-cu ilin sonlarında Çində aşkarlanıb və dünyaya yayılmağa başlayıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialNatiq Cəfərli: Bizi vurus yox, stress öldürəcək