Mənbə: meydan.tv

Nardaran sakini: Polis qəbir daşlarının təmirinə icazə vermir

Məqalə yeniləndi:  15 Oktyabr 2021

“Daşları düzəldəndə polis bölməsindən tökülüb gəliblər, qollarını burub 42-ci bölməyə aparıblar”

Nardaranda dördü yerli sakin, ikisi polis olmaqla, altı nəfərin qətlə yetirildiyi əməliyyatdan altı il keçir. Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2015-ci il noyabrın 26-da həyata keçirdiyi həmin əməliyyatda öldürülən 4 nəfər Nardaran sakini – Sarvan Səfərov, Əkbər Babayev, Fərail və Rəfael Bünyadov qardaşlarının meyitləri ailələrinə təhvil verilmədən, qəsəbədə ayrıca dəfn olunmuşdu.

Qəsəbə sakinlərinin Meydan TV-yə bildirdiyinə görə, həmin məzarlar o vaxtdan polis nəzarəti altındadır, ailə üzvlərindən başqa heç kimin onları ziyarət etməsinə icazə verilmir.

Bugünlərdə mərhum Bünyadov qardaşlarının ailə üzvləri məzarların ətrafında təmir-bərpa işləri aparmaq istərkən insident baş verib. Bu barədə Meydan TV-yə mərhum qardaşların anası Püstəxanım Bünyadova məlumat verib:

“Məzarların sinə daşının ətrafına müəyyən qədər metlax daşlar düzülüb. Həm yağışda palçıq olmaması, həm də səliqəli olması üçün. Bir müddət əvvəl o daşlar sınıb, altındakı torpağı yağış, külək aparıb. Öz pensiyamdan 200 manat böyük oğluma verdim ki, sement, daş alınsın, sınmış hissələr düzəldilsin. Ora 24 saat polis nəzarətindədir. Ona görə polislərə yaxınlaşıb deyiblər ki, sökülmüş daşları bərpa eləmək istəyirik. Polislər cavab verib ki, icazə alarıq, sabah gələrsiz. Ertəsi gün razılıq verilib, böyük oğlum Sərdar Bünyadov, orada məzarı olan övladlarımdan Fərailin oğlu Rəsul, bir də təmir işini aparan iki fəhlə ora gedib. Daşları düzəldəndə polis bölməsindən tökülüb gəliblər, qollarını burub 42-ci bölməyə aparıblar”.

Püstəxanım Bünyadovanın sözlərinə görə, Sabunçu rayonu, 42-ci polis bölməsinin rəisi onları təhqir edib, fəhlələri döyüblər. Nardaran sakini deyir ki, oğlu, nəvəsi və fəhlələrin saxlandığını biləndən sonra bir neçə dəfə DİN-in “102” xidmətinə zəng edib: “Polis rəisi şərt qoyub ki, məzarların ətrafı əvvəlki vəziyyətinə qaytarılsın, yəni ora düzülən daşlar yenidən dağıdılsın, sonra buraxılsınlar. Təsəvvür edirsiniz bu nə deməkdir? Əlbəttə ki, oğlum, nəvəm buna razılıq verməyib. Fəhlələri göndəriblər, sökdürüblər, sonra buraxıblar”.

Püstəxanım Bünyadova əlavə edib ki, baş verənlərdən sonra onun sağlıq durumu kəskin pisləşib, Təcili Tibbi Yardım çağırılıb. Həkim müdaxiləsindən sonra vəziyyəti nisbətən düzəlib: “Mən onsuz da ağır şəkər və təzyiq xəstəliyindən əziyyət çəkirəm. İki oğulu birdən itirmək sözlə ifadəsi mümkün olmayan dərddir. Üstəlik, insana bu cür əzab vermək insanlığa sığmır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, bu məsələ icra hakimiyyətinin səlahiyyətindədir, onlarla danışıb həll etmək lazımdır:

“Kənddə 200 yaşı olan qəbiristanlıq var, hansı ki nardaranlılar dəfn olunmur. Amma məlum hadisədə həlak olanlar orda dəfn olunub və qəbirlərinin üstü də götürülüb. İndi bu adamlar orada hasar qaldırırlar, hansısa formada memorial tikmək istəyirlər. Bütün hallarda onlara layihə verilib ki, belə edə bilərsiniz. Amma bu məsələnin ümumiyyətlə, polisə aidiyyatı yoxdur, icra hakimiyyətilə danışıb həll etməlidirlər. Çünki bu məsələ icra hakimiyyətlikdir”.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı nəticəsində 6 nəfər qətlə yetirilməklə yanaşı, onlarla insan həbs olunub. Onların arasında Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və digərləri var. Həbs olunanlara 13-20 il arası həbs cəzası verilib. Onların bir qismi bu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılsa da, Taleh Bağırzadə, Abbas Hüseynov və digər şəxslər hələ də həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və s. maddələrlə məhkum edilsələr də, bu ittihamların heç birini qəbul etmirlər. Taleh Bağırzadə məhkəmədə bəyan edib ki, onlara qarşı irəli sürülən ittihamların hamısı saxtadır, əməliyyat zamanı atəş açanlar, qətlə yetirilən 6 nəfərin hamısını öldürənlər də polislərin özləri olub. İlahiyyatçının sözlərinə görə, namaz qıldıqları zaman polislərin silahlı hücumuna məruz qalıblar.

İlahiyyatçı həbslərinin səbəbini isə siyasi hakimiyyəti, ölkədəki korrupsiyanı, şəxsən prezidenti tənqid etmələrilə əlaqələndirir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ge48b1

Ən çox baxılan