Nadir Qafarzadə: Fəxri ad veriləndə nədənsə xatırlanmıram

“Dəfələrlə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm”

Source: Meydan.tv


“Dəfələrlə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm”

“Bütün tədbirlərə dəvət ediblər, təmənnasız getmişəm. Oxumaq lazım olanda, Nadir yada düşürdü. Amma fəxri ad veriləndə, nədənsə xatırlanmıram”.

Bu sözləri Meydan TV-yə müğənni Nadir Qafarzadə deyib.

İfaçı uzun illərdir sənətdə olsa da, fəxri adının olmamasından gileylənib.

Prezident İlham Əliyev oktyabrın 16-da bir sıra mədəniyyət işçisinin Əməkdar artist adı alması ilə bağlı sərəncam

imzalayıb.

Siyahıda müğənnilər Xəyyam Nisanov və Elton Hüseynəliyevin də adı var.

Nadir Qafarzadə söyləyir ki, fəxri ad alması ilə bağlı dəfələrlə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Mədəniyyət Nazirliyinə müraciət edib:

“Bu ilin əvvəlində Heydər Əliyev Fonduna etdiyim müraciətə cavab yanvarın 25-də gəlib. Bildirilirdi ki, müraciətim Mədəniyyət Nazirliyinə yönləndirilib, məsələyə baxılacaq. Nazirlik hələ də müraciətimlə maraqlanmayıb. Hətta Mehriban Əliyevanın məktubuna belə məhəl qoymadılar. Dəfələrlə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm. Məktublarım Mədəniyyət Nazirliyinə yönləndirilib. Sadəcə, baxan yoxdur. Fəxri ad alan həmkarlarımı təbrik edirəm. Dediklərim paxıllıq deyil. Bu, mənim haqqımdır. Haqqımı da tələb edirəm. Düşünürəm ki, səsimi aidiyyəti orqanlar eşidəcək. Cənab Prezidentə çatdıracaqlar. Hər halda uzun illərin sənətkarıyam, müğənnisiyəm. Demirəm ki, kimsə gətirib, cibimə yüz manat pul qoysun. Xeyr, əməyimi, zəhmətimi dəyərləndirməklərini istəyirəm. Həmyaşıd həmkarlarım arasında mənim qədər əziyyəti olan yoxdur. Bəzən evimdən günlərlə çıxmışam, rayon-rayon gəzib, çıxışlar etmişəm. Hamısı da təmənnasız. Rusiyaya qədər getdiyim olub. Bütün bunlar hamısı əziyyətdir. 1983-cü ildən Azərbaycan Dövlət Tele-Radio Şirkətinin nəzdində fəaliyyət göstərən “Qırmızı Qərənfil” məktəblilər ansamblının solisti olmuşam. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, “Dan ulduzu” instrumental ansamblı və Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxışlarım var. Böyük əsərlər oxumuşam, bütün retro musiqilərimizi yenidən canlandırmışam. Təəssüf ki, sənətimə dəyər verilmir”.

Məsələyə Mədəniyyət Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb.

Nadir Qafarzadə 1971-ci ildə Şabranda doğulub. Asəf Zeynallı adına Musiqi Kollecini opera müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirib.

Azərbaycan Dövlət Tele-Radio Şirkətinin “Qırmızı Qərənfil” məktəblilər ansamblında solist kimi fəaliyyət göstərib. “Qızıl Buta”, “Grand” (2 dəfə), “İllin mahnısı“, “İlin müğənnisi” və “İlin klipi” mükafatlarına layiq görülüb.

2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil edib.

Həmçinin “Moskva-Bakı” qatarı (2005), “Hərənin öz payı-tayı” 2006), “Qonşular” (2006) filmlərinə çəkilib.

Azərbaycanda fəxri adlar mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə, dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına, ictimai həyatda fəal iştiraka görə həm dövlət, həm ictimai təşkilat tərəfindən verilir.

Azərbaycanda fəxri adların verilməsi şərtləri “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə” ilə tənzimlənir və Prezidentin sərəncamı əsasında verilir.

Ana səhifəMədəniyyətNadir Qafarzadə: Fəxri ad veriləndə nədənsə xatırlanmıram