Nabatəli Qulamoğlu: Təhsil naziri gözə kül üfürür

“Ümumiyyətlə, o hansı müəllimdir ki, 800 manat orta aylıq əmək haqqı alır?”.

Source: google.az


“Cəmiyyət nə üçün cəzalandırılan rayonların və şəxslərin adlarını bilməməlidir?”

Təhsil naziri Ceyhun Bayramov 2019-cu ildə korrupsiya faktlarına görə 6 rayonda təhsil şöbəsinin rəhbərinin, 10 məktəbdə direktor və direktor müavinlərinin müqavilələrinə xitam verildiyini və işdən kənarlaşdırıldığını bildirib.

Nazir yanvarın 27-də keçirdiyi mətbuat konfransında deyib ki, ötən bir ildə 10 rayonda təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib.

Ceyhun Bayramov əlavə edib ki, müqavilələrinin müddəti sona çatan 80 nəfər məktəb rəhbəri ilə davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbin idarəetməsində bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması qərarı qəbul edilib.

Nazir təəssüflənib ki, hələ də pozuntu halları ilə rastlaşırlar:

“Belə olan təqdirdə bu il də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək”.

Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədr müavini Nabatəli Qulamoğlu Azərbaycan təhsilində korrupsiyanın ləğvini mümkünsüz sayır. O, bir sıra addımların atıldığını söyləsə də, bunun sabiq təhsil naziri Mikayıl Cabbarovun fəaliyyəti ilə əlaqələndirib:

“İndiki nazir nə üçün vaxtında həmin təhsil şöbələrinin korrupsiyaya bulaşdığını ictimailəşdirməyib? Bəlkə vəzifədən çıxartdığı şöbə müdirlərinə yüksək vəzifə veriblər? Niyə onların adları açıqlanmır? Cəmiyyət nə üçün cəzalandırılan rayonların və şəxslərin adlarını bilməməlidir? Ona görə nazir Ceyhun Bayramovun mətbuat konfransında söylədiklərini gözə kül üfürmək kimi qiymətləndirirəm”.

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

Ekspert xatırladıb ki, nazir ötən il müəllimlərin əmək haqqının yüksək olması barədə danışmışdı:

“Təxminən keçən ilin sentyabrında nazir təhsil işçilərinin konfransında beş mindən çox müəllimin son maaş artımları nəticəsində maaşının 1000 manatdan çox olduğunu demişdi. Amma nazir konkret danışmamışdı. İki stavka dərsi olan, 18 il stajı olan müəllim bəlkə də ala bilər. Amma o qədər dərs yükü də yoxdur axı. O zaman nazirin rəqəmləri ən azı 180 manat şişirtdiyini bildirdim. Üç ay keçmədən, nazir orta aylıq əmək haqqının 800 manat olduğunu söylədi. Ümumiyyətlə, o hansı müəllimdir ki, 800 manat orta aylıq əmək haqqı alır? Rayonlarda 12 saat dərsi olmayan müəllimlər var. Ona görə nazirin söylədiklərinə şübhə ilə yanaşıram”.

Ana səhifəİqtisadiyyatNabatəli Qulamoğlu: Təhsil naziri gözə kül üfürür