”Mütəmadi olaraq 9 dildən istifadə edirəm”

Riçard Delonq foto müəllif
Riçard Delonq foto müəllif


Riçard Delonq: ”Mən milli kimliyi olmayan adamam”



İnsanın vətəndaşı olduğu ölkəni qoyub, başqa yerlərə iş, təhsil, ya da sadəcə yenilik ardınca getməsi normal haldır. Adətən bu dəyişikliyi iqtisadi cəhətdən zəif, təhsil çox da keyfiyyətli olmayan ölkələrin vətəndaşları edir və rifah ardınca daha inkişaf etmiş ölkələrə gedirlər. Amma maraqlıdır ki, bəzən əksinə olur. Avropadan, Amerikadan olan insanlar Cənubi Qafqazda, xüsusilə də Gürcüstanda məskunlaşır, illərlə qalır, hətta bu ölkənin vətəndaşı olmağa çalışırlar.



Belə insanlardan biri də amerikalı Rihard Delonqdur. Rihard Cənubi Qafqazda niyə məhz Gürcüstanın Qərb insanına maraqlı olduğunu, bu ölkədə rahat yaşamaq üçün hansı şərtlərin mövcud olduğunu izah edir.



Riçard, bir az özünüz haqda danışın.

– Mən Ukraynadan Gürcüstana köçmüş rusdilli amerikanam.  Peşəkar olaraq tərcümələrlə, yazıçılıqla və dağ turizmi ilə məşğulam.



Sizi Gürcüstana gətirən nə oldu?

– 2011-ci ildə şəxsi həyatımda dəyişikliklər oldu. Elə Ukraynanın miqrasiya siyasətindəki dəyişikliklər də qalmamı çətinləşdirirdi. 9 il Ukraynada yaşadıqdan sonra özümə ikinci məkan axtarmaq qərarına gəldim.



Gürcüstan diqqətinizi necə çəkdi? Neçə ildir buradasınız?

– Gürcüstanı dörd səbəbdən seçdim: liberal miqrasiya siyasətinə (daimi yaşayış icazəsi (DYİ) və biznes vizasının asan əldə edilməsi), dağlarına, rus dilindən rahat istifadəyə və Ukraynaya coğrafi yaxınlığına görə. Məncə, yeganə düzgün seçim bu idi. Yerli sakin üçün bunu anlamaq çətin ola bilər. Lakin hazırda ABŞ-ın bütün üstünlüklərə malik vətəndaşı belə kefi istədiyi yerdə yaşaya bilməz. Hər yerdə bürokratik əngəllərlə qarşılaşacaq. Gürcüstan postsovet ölkələri arasında yeganə ölkədir ki, mənim kimi “azad sənətkar” belə asanlıqla DYİ və ikili vətəndaşlıq ala bilir. Digər regionlar isə ümumiyyətlə, seçim sırasında deyil, çünki mənim bütün fəaliyyətim rus dili ilə bağlıdır. Mənim elə rəqabət üstünlüyüm də bundadır. Elə dövr oldu ki, mənim stabillik və evimdə uzun müddətlik qalmaq tələbatım yarandı. Bu, DYİ və vətəndaşlıq olmadan mümkün olmazdı.



Hər halda siz tamam başqa mühitdə və mədəniyyətdə doğulub böyümüsünüz. Qafqazda ilk yaşadığınız dövrdə sizə nə qəribə və təəccüblü görünürdü? Ya bəlkə elə şey var ki, siz hələ indiyədək öyrəşə bilməmisiniz?




Məni təəccübləndirmək çətindir. Başqa mədəniyyətlərə amerikan, yaxud qərbli kimi yox, daha çox antropoloq kimi baxıram. Ukraynadan sonra ən çox diqqətimi çəkən o oldu ki, gürcülər emosiyalarını saxlayan deyillər. Bu, adama xoş gəlir. Özünüifadə məsələsində özünü Kiyev, yaxud Sankt-Peterburqdakından daha azad hiss edirsən. Digər tərəfdən, cinslərarası münasibət də Qərbdən, Ukrayna və Rusiyanın iri şəhərlərindən seçilir. Burada adamın ailə və cinsi həyatına ətrafın marağı böyükdür. İkinci öyrəşə bilmədiyim məqam – milli kimliyə verilən önəmdir. Mən milli kimliyi olmayan adamam. “Haralısan”, yaxud “hansı millətdənsən” sualını verərək, mənimlə yoldaşlıq eləmək mümkün deyil. Üçüncü məsələ də ikincidən yaranır: burada etnik qruplar arasında dəqiq sərhəd var və yadlara “qonaqpərvərlik” göstərilsə də, özününkü hesab etmirlər. Başqa sözlə desək, gürcü cəmiyyətinə inteqrasiya o qədər də asan deyil. Səni hər yerdə “hörmətli qonaq” edib daha çox hansısa millətin nümayəndəsi kimi yanaşırlar, nəinki şəxsiyyət kimi. Ən çox istədiyim odur ki, mənə sadəcə neytral yanaşsınlar. Deməli, saqqal uzadıb qara geyimə keçməliyəm və gürcü ləhcəsinin üstündə işləməliyəm.



Qafqazda, ümumiyyətlə, postsovet məkanında belə bir təsəvvür var ki, burda yaşam şəndir, insanlar canayaxın və qonaqpərvərdir, Qərbdə isə əksinə insanlar arasında münasibət daha rəsmidir, soyuqdur, təbəssümlər saxta, yeməklər də sünidir. Həm Qərbdə, həm də keçmiş SSRİ ərazisində yaşayan şəxs kimi bu barədə nə düşünürsünüz?




Qısa psixoloji məsafədə insanlar hər yerdə eynidirlər: canayaxın, xoş, xeyirxah. Uzunmüddətli münasibətlərdə isə bir yerdə qəbul olunub ki, doğmalaşmalısan, digər yerdə isə daha çox digərinin şəxsi ərazisinə hörmət etmək lazımdır. Hər birinin öz mənfi və müsbət tərəfləri var. Gürcüstanda nə qədər saxta canıyananla qarşılaşırıqsa, Qərbdə də o qədər saxta işgüzar var. Yaxın münasibətlərdə isə elə bir fərq görmürəm. Sadəcə ruhi yaxınlıq tapma yolları hər mədəniyyətdə fərqlidir.



Qafqaz ölkələri arasından niyə məhz Gürcüstanı seçdiniz? Niyə Azərbaycan, yaxud Ermənistan yox?

– Məsələ yalnız miqrasiya siyasətində idi. Mən Ermənistanda olmuşdum. Xoşuma da gəlmişdi. Azərbaycanda isə hələ də olmamışam, viza bahadır.



İki il öncə biz qarşılaşanda siz yeni kitabınızın üzərində çalışırdınız. Səhv etmirəmsə, o, artıq hazırdır. Bu barədə bir az məlumat verə bilərsiniz? Kitab nə haqdadır?

– Uzun illərdir məndən dil öyrənmə metodum haqda soruşurlar. Tbilisidə dil mübadiləsi klubu yaratdım və mütəmadi olaraq 9 dildən istifadə edirəm. İki il əvvəl qərar verdim ki, yanaşmamı rəsmiləşdirməyin və sirri paylaşmağın zamanıdı. Bir aylıq layihə iki il çəkdi… Nəhayət, bugünlərdə nəşriyyatdan zəhmətimin bəhrəsini götürdüm: ingiliscə öyrənmə qaydalarının nəşr olunmuş ilk yüz nüsxəsi əlimdədir. Tezliklə o, rus və gürcü dillərində də çap olunacaq. Metodika istənilən səviyyədə müstəqil dil öyrənmə üçün nəzərdə tutulub. Maksimum asan və ağrısız üsullarla istənilən xarici dildə ünsiyyəti öyrənməyə  imkan verir.  Ənənəvi öyrənmə üsullarından fərqli olaraq insana birbaşa ünsiyyətdən lazım olanı götürməyi öyrədir. Dəfələrlə eşitdiyimiz sözləri, qrammatik forma və konstruksiyaları dərslikdəki yeni materialdan daha yaxşı yadda saxlayırıq. Lakin möcüzələr mövcud deyil – intizam, dərketmə və zaman lazım olacaq.



Qafqazda hələ nə qədər qalmaq fikrindəsiniz? Özünüzü burada təbii mühitinizdə hiss edirsiniz, yoxsa Gürcüstan sizinçün hələ də yad mədəniyyət məskənidir?

– Mən bu regionda qalmaq fikrindəyəm və ümid edirəm tezliklə vətəndaşlıq da alaram. Nədir Gürcüstan? O, həm Marneuli azərbaycanlılarıdı, həm Cavaxeti erməniləridi, həm Pankis dərəsinin çeçenləridi, həm Abxaziya qaçqınlarıdı, həm də onlarla digər qruplar… Bəs onlar özlərini Vətəndə hiss edirlər? Mən də elə. Gürcüstanda, doğrudan da, qəribə bir “çoxluq mədəniyyəti” var və onun nümayəndələri özlərini daha inamlı, yaxud deyək ki, dominant aparırlar. Ancaq Gürcüstanda xoşuma gələn də elə odur ki, burada müxtəlif qruplar var. Əminəm ki, mənim də yerim hansısa mədəni ucqarlardan birindədir – dünyanın başqa ölkələrində olduğu kimi.

Ana səhifəVideo”Mütəmadi olaraq 9 dildən istifadə edirəm”