Elman Quliyev: “Hazırda polis tərəfindən təqib olunuruq”
Müsavat Partiyasının gənclər təşkilatı Cəlilabadda tədbir keçirmək istəyərkən yerli polisin təzyiqi ilə üzləşib.
Bu barədə partiyanın gənclər təşkilatının sədri Elman Quliyev məlumat yayıb. Bildirib ki, onlar Cəlilabadda Şəhidlər Xiyabanını ziyarət edərkən təzyiqlə üzləşiblər:
“Biz, Müsavat Partiyası Gənclər Təşkilatının rəhbərliyi cəlilabadlı gənclərlə birlikdə rayondakı Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdik. Bu zaman mülki geyimli polislər bizə təzyiq göstərdilər. İşimizə müdaxilə etdilər. Hazırda polis tərəfindən təqib olunuruq”.
Bir neçə gün öncə, sentyabrın 22-də polis
Müsavat Partiyası
nın Lənkəran təşkilatının ümumi yığıncağını keçirməyə mane olmuşdu.
Bu barədə məlumatı partiyanın Divan üzvü Yadigar Sadıqlı yaymışdı. Bildirmişdi ki, polis onun yaşadığı mənzili mühasirəyə alıb. Mayor rütbəli birisi onlara yığıncaq keçirmək üçün icazə almaq lazım gəldiyini bildirib.
“Toplantının keçirilməsi üçün Bakıdan Lənkərana gedən başqan müavini Gülağa Aslanlı, MNTK üzvü Çingiz Əli, Məclis üzvü Qəzənfər Baxışov və jurnalist Şəmşad Ağa həyətə çıxıb xudahafizləşərkən polis rəisinin müavini Faiq İlyasovun və digər polislərin hücumuna məruz qaldılar, zor və kobudluqla üzləşdilər” – deyə, Yadigar Sadıqlı qeyd edib.
Məsələyə Cəlilabad Rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkü olmayıb.