Müsavatçı fəal inzibati həbs cəzası alıb

Rövşən Hüseynovun küçədə saxlanılaraq həbs edildiyi bildirilir

Source: Meydan.tv


Rövşən Hüseynovun küçədə saxlanılaraq həbs edildiyi bildirilir

Müsavat Partiyasının üzvü Rövşən Hüseynov 25 sutka azadlıqdan məhrum edilib. Partiyadan “Turan”a daxil olan məlumata görə, o, oktyabrın 13-də küçədə saxlanılıb və Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinə aparılıb. Həmin gün Suraxanı Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 2535.1-ci maddəsi (polisə tabe olmama) ilə təqsirli bilərək həbs edib.

Partiyada fəalın konkret nədə təqsirli sayıldığını bilmirlər. Ona yaxınları ilə əlaqə saxlamağa icazə verməyiblər, vəkil olmadan mühakimə ediblər.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli deyib ki, fəalın müdafiə işinə etibarlı vəkil cəlb ediləcək və həbsdən apelyasiya şikayəti veriləcək. Partiyada həbsi siyasi motivli hesab edirlər.

Müsavat Partiyasında Hüseynovun həbsini partiyanın yaradılmasının 110 illiyi münasibətilə oktyabrın 11-də Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsinə yürüş ilə əlaqələndirirlər. Bİldirirlər ki, yürüş zamanı polis Müsavat Partiyası üzvlərinə maneələr yaradıb, Rövşən Hüseynov isə hüquq-mühafizə orqanlarının hərəkətlərinə kəskin etiraz edib.

Ana səhifəXəbərlərMüsavatçı fəal inzibati həbs cəzası alıb