Müharibədən sonra: Həyata yenidən başlayanlar

İkinci Qarabağdan sonra bölgədə yaşayanların vəziyyəti diqqət çəkir

Source: Specify Source


İkinci Qarabağdan sonra bölgədə yaşayanların vəziyyəti diqqət çəkir

2020-ci il sentyabr-noyabr aylarında Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibədən geriyə nələr qalıb? Evini, əzizini itirənlər, psixoloji travma alanlar baş verənləri necə xatırlayır?

Həm Ermənistan, həm də Azərbaycanda müharibənin qoyduğu izləri hökumətlər hansı formada silə bilib?

32.jpg
Ulduz Fərzəliyevanın dağılmış köməkçi tikilisi


“30 il əvvəl həyata sıfırdan başladıq…”

Oktyabrın 17-də, müharibənin qızğın vaxtında Ağdamdan köçkün düşmüş Fərzəliyevlər ailəsinin Tərtərin Yenikənd kəndindəki evlərinin həyətinə top mərmisi düşüb. Evin xanımı Ulduz Fərzəliyeva olanları belə xatırlayır:

“Bircə onu eşitdim, oğlum qışqırdı ki, ana, yerə yat, gəlir. Ayılanda darvazanın çölündəki səngərdə idim. Oğlum ağlayırdı ki, deyəsən atam öldü”.

Top mərmisi həyətə düşəndə səhər saatları olub. Ailə üzvləri həyətdəymiş. Ulduz Fərzəliyeva inək sağırmış, oğlu və yoldaşı isə onun işini bitirməsini gözləyirmişlər:

“Yoldaşım böyük heyvanları həyətyanı sahəmizə buraxacaqdı. Oğlum isə danalara yem verəcəkdi. Oğlum səsi eşitməsəydi, indi ölmüşdüm. Necə qaçdığımı bilmirəm. Sonrakı hadisələri də xatırlamıram. Amma top mərmisi düz dayandığım yerə enmişdi”.

Ulduz Fərzəliyeva ailə üzvlərinin sağ qalmasına şükr edir. Ancaq o gündən onda təzyiq və ürək problemi yarandığını söyləyir. Üstəlik, qulaqları tutulub, yaxşı eşitmir. Zamanla düzələcəyinə ümid edir.

Fərzəliyevlər ailəsinin maddi ziyanları da çox olub:

“Həmin sağdığım inək yerindəcə öldü. Birinin qarnındakı balası tələf oldu. Digəri yaralandı, həkimə aparanda yolda keçindi. Bundan əlavə, 17 hinduşkamız və itimiz də öldü. Evimizin tavanı çökmüşdü, bütün pəncərələrimiz qırıq-qırıq idi. Tövləmiz, həyətdəki köməkçi tikilimiz, içindəki əşyalarımız hamısı məhv olub. Evimiz arxa tərəfdən çatlayıb, əşyalarımıza da xeyli ziyan dəyib”, – qadın sözünə davam edir.

34.jpg
Tikilinin içində xeyli əşyaları tamamilə yarasız hala düşüb
44.jpg
Qəzənfər Fərzəliyev I Qarabağ Müharibəsi iştirakçısıdır


Evə düşən mərminin yaratdığı vahimə

Qəzənfər Fərzəliyev Qarabağda müharibə başlamazdan öncə Ağdam məktəbində hərbi müəllim işləyib. Deyir, evləri, işləri, şəraitləri, hamısı qaydasında olub. Ancaq müharibə bütün planlarını alt-üst edib və o, könüllü hərbiyə yazılmalı olub:

“Həyatımız dəyişdi, hər şeyimizi itirdik. Hərbidə yaralandım, travmalar aldım, sonra köçkünlük həyatı başladı, çətinliklərlə yenidən ayağa qalxdıq. Nəhayət, yaşayışımızın yaxşı vaxtı bir də müharibə başladı. Evimə mərmi düşdü. Vahimə içindəydik. Düzdür, hərbidə olmuşam, öyrəşmişəm, amma adamın evinə mərmi düşməsi tamamilə başqa bir şeydir. Düşündüm ki, oğlum, həyat yoldaşım öldü. Hələ də özümə gələ bilməmişəm”.

Qəzənfər Fərzəliyev ikinci müharibənin ona dejavu yaşatdığını deyir. Ağdamdan, evlərindən ayrılmalarını xatırlayıb:

“Hər şey gözlərimdə yenidən canlandı. Ən pisi də odur ki, bu qədər travma, dəyən zərərlə maraqlanan olmayıb. Aylar öncə bir neçə nəfər gəldi. Evə baxış keçirdilər. Çəkdilər, nələrsə yazdılar və getdilər. Hə, bir də ANAMA-dan (red: Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) gəlmişdilər. Top mərmisinin düşdüyü yerə baxdılar. Onlar da yazıb, pozub, şəklini çəkib getdilər. Ancaq hər hansı bir dəstək olmayıb, kompensasiya verməyiblər. Evimizin tavanını və pəncərələrini özümüz dəyişdik. Soyuqda, küləkdə qala bilməzdik. Həm də baxdıqca vahimələnirdik. Yaxşı ki, düzəltmişik, yoxsa bugünədək sökülən evdə yaşayacaqdıq”.

Qəzənfər Fərzəliyev deyir ki, heç dövlətdən I Qarabağ Müharibəsinin iştirakçısı kimi də müavinət almır. Hətta buna görə bir neçə dəfə müraciət də edib:

“Cavab gəldi ki, siz hərbiyə dövlətlə müqavilə bağlayıb getməmisiniz. Ona görə də sizə təqaüd düşmür. Erməni gəlib içimizə girib, bizimlə döyüşür. Həmin vaxtı mən kimlə müqavilə bağlamalıydım? Qərarımı verib, döyüşə getmişəm. Mənə geyim, silah verilib, yemək siyahısına salınmışam. Bu, müqavilə deyilmi? Başqa nə lazım idi? Üstəlik, hərbi biletim, yaralanmalarımla bağlı həkimdən kağız, hərbi biletimdə vəzifəm, hər şey yazılıb. Ancaq faydası olmadı”.


Yarılanmış ev, yoxa çıxmış mətbəx…

Ağdamın Zəngişalı kəndi də müharibədən zərər görüb. Kəndə düşən mərmilər yaşayış evlərini yararsız hala salıb. Belə evlərdən birinin sahibi Vidadi Quliyevdir. Deyir, müharibə başlayanda təhlükəsizlik üçün Quzanlıya gediblər. Onlar evdə olmayanda, oktyabrın 7-də evlərinə mərmi düşüb. Həm evləri, həm də evlərinə bitişik olan oğlunun stomatoloji kabineti dağılıb:

13.jpg
Vidadi Quliyev

“Evimizin yarısı yoxdur. Əsas da mətbəximiz, yerdibli yoxa çıxıb. Hamam, ayaqyolu tamamilə yararsız hala düşüb. Böyük bir otağın yarısı çöküb. Bir sözlə, ev tamamilə qəzalı vəziyyətdədir. Oğlumun stomatoloji kabinetinin bir salamat şüşəsi də qalmayıb. İçindəki bahalı avadanlıqlarına da ziyan dəyib”.

Vidadi Quliyev deyir ki, qəzalı evdə yaşamaq təhlükəlidir, hər an uça bilər. Buna görə dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq bir faydası olmayıb. Hətta evlərinə bir neçə dəfə komissiya da gəlib. Ölçüb-biçib gediblər. Sonuncu gələn isə evə və stomatoloji kabinetə dəyən zərəri 800 manat məbləğində dəyərləndirib. Evimi yenicə təmir etdirmişdim. Təkcə mətbəximin təmiri və avadanlıqlarına elə 10 min xərcləmişdim. 800 manat nədir?”


“Mən də prezidentin verdiyi kompensasiyamı tələb edirəm”

Vidadi Quliyev deyir ki, yaşadığı haqsızlıqla bağlı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına, yerli qurumlara müraciət edib. Ancaq bir nəticəsi olmayıb, yenə düzgün dəyərləndirmə aparılmayıb.

Vidadi Quliyev bildirir ki, əslində heç nəyi problem edən biri deyil. Əgər Prezident zərərçəkmişlərlə bağlı büdcədən vəsait ayırmasaydı, hərə öz evini özü tiksin desəydi, birtəhər, çətinliklə də olsa, evlərini təmir etdirərdilər:

“Düşünərdik ki, bəxtimizə yazılıb, nə edək. Amma Prezident deyib ki, insanların bir şüşəsi qırılıbsa belə, onlara kompensasiya ödənməlidir. Mən də prezidentin verdiyi kompensasiyamı tələb edirəm. Evimin yarısı yoxdur, nə edək? Hər evə 6 min, ailə üzvlərinə isə 1500 manat verilməlidir. Komissiya bizim evin zərərini 800 manat dəyərləndirib. Halbuki evin yarısı yoxdur”.

20.jpg
Vidadi Quliyevin evi
19.jpg
Evin vəziyyəti


Evi başına uçanlar ədalət axtarışında

Oktyabrın 17-də Gəncəyə atılan mərmi nəticəsində evi dağılanlardan biri də Təranə Həsənovadır. Həmin gündən ailəsi ilə birgə dövlətin verdiyi yataqxana otağında yaşayır. Deyir, evi də, yoldaşının işləyib pul qazandığı maşınları da partlayışda məhv olub. Bunun müqabilində onlara 1000 manat kompensasiya veriblər:

“Evə təmir yazıblar. Bunun üçün də 1000 manat kompensasiya veriblər. Mən deməyim, siz deyin, 1000 manata başa gələr bu ev?”

Təranə Həsənova hadisə gecəsini yaxşı xatırlayır. Deyir, ömrünün axırına qədər unutmayacağı bir travma yaşayıb:

“Yatmışdıq. Gecə 1-ə 5 dəqiqə qalardı. Partlayış oldu. Elə bildim uşaqlarım ölüb. Bizi dağıntıların altından qonşular çıxardı. Tüstü də bir tərəfdən dolmuşdu nəfəsimizə. Hiss etmirdim ölmüşəm, ya qalmışam. Çıxdıq ki, qonşularımız ölüb. Onların meyitlərini gözlərimizin önündə çıxardılar. Həmin gündən uşaqlarım da, mən də özümüzə gələ bilmirik”.

25.jpg
Təranə Həsənova

Təranə Həsənova məktəbdə xadimə işləyir. Deyir, 20 ildə kiçik bir evi güclə tikib başa gətirmişdilər. Kreditlə əşyalar almışdılar və bu gün heç nələri qalmayıb. Verilən 1000 manat isə ortalıqda xərclənib qurtarıb:

“Şikayətimizə baxan yoxdur. Bütün əşyalarımız pis günə qalıb. Bu hadisə bizim başımıza gəlib, 4 aydır yataqxanada qalırıq. Bir tərəfdən də ədalətsiz kompensasiya, ədalətsiz yanaşma bizi məhv edir. İcra hakimiyyətinə getməkdən yorulmuşam. Qəbula yazılmışam, deyirlər, “çağıracağıq”, amma çağırmırlar. Artıq xəstə düşmüşəm”.

28.jpg
Evin vəziyyəti
30.jpg
Evin vəziyyəti

Ana deyir ki, qızına psixoloji dəstək lazımdır. Amma bunun üçün imkanları yoxdur:

“Hər gün telefonda ölənlərin şəklinə baxıb ağlayır. Əlindən ala bilmirik. Sağ olsun, prezident müəyyən qərarlar verib, vəsait ayırıb bizim üçün. Ancaq onun ayırdığı vəsaiti bizə vermirlər. Hər gün gəlirəm evə, saatlarca dayanıram küçədə ki, bəlkə gələn, maraqlanan olar. Heç kim gəlmir. Axşam yenə kor-peşman çıxıb gedirəm yataqxanaya”.


“Azərbaycanlı əsgərlərin gəldiyini eşitdiyimiz an kəndi tərk etdik”

“Bir gün yenidən evimizə, kəndimizə qayıdacağımıza ümid edirik”.

Ağdərə (ermənilər Mardakert adlandırır) rayon sakini Artaşes Arakelyan belə deyir. Hazırda Artaşes həyat yoldaşı Narine və 5 azyaşlı qızları ilə Yerevana yaxın yerləşən Lenuği kəndində məskən salıb. Qaldıqları məkanı ev adlandırmaq çətindir. Onlar üçün həm dəhliz, həm mətbəx, həm də yataq otağı olan bu yer qohumları tərəfindən verilib.

Evlərindən köçkün düşmüş ailələrdən biri də Arakelyanlardır. Onlar yaşadıqları kənd davamlı bomba atəşinə tutulduğu zaman evlərini tərk etdiklərini söyləyirlər:

“Orada qalmağımız mümkün deyildi. Kənddəki maşınlar sahibsiz qalmışdı, kişilərin hamısı cəbhədə idi. Çətinliklə bir maşın tapıb, ailəmi də götürüb Stepanakertə (Xankəndi) yola düşdük”, – deyən Artaşes onu da bildirir ki, kəndi yalnız azərbaycanlı əsgərlərin daxil olduğunu eşitdiyi an tərk ediblər. Bəzi sakinlər isə kəndi tərk edə bilməyiblər. Onun sözlərinə görə, 12 nəfər kənd sakini əsir düşüb:

“Bildiyimə görə onlardan ikisi geri təhvil verilib, digərləri hələ də əsirlikdədir”.

Arakelyanlar ailəsinin yaşadığı kiçik otaq
Arakelyanlar ailəsinin yaşadığı kiçik otaq
7 yaşlı Alyona və 3 yaşlı Viktoriya
7 yaşlı Alyona və 3 yaşlı Viktoriya
Yaşadıqları evin istilik sistemi və normal yaşayış şəraiti yoxdur.
Yaşadıqları evin istilik sistemi və normal yaşayış şəraiti yoxdur.

Narine kəndi tərk edərkən özü ilə yalnız övladlarının sənədlərini və bəzi paltarlarını götürə bilib. Həmin vaxt evlərinə geri qayıda bilməyəcəkləri ağlına gəlməyib:

“Çətinliklə də olsa Stepanakertə çatdıq və bir neçə gün zirzəmidə qaldıq. Zirzəmidən iki dəfə çıxıb Ermənistana getmək üçün taksi tutmağa çalışdıq, ancaq dronlar bütün günü başımızın üstündə uçduğuna, bombaların ardı kəsilmədən atıldığına görə yenidən zirzəmiyə qayıtmalı olurduq”, – Narinə xatırlayır.


“Kəndimizə geri qayıtmaq istəyirik”

56 yaşlı Artaşes Arakelyan Ağdərə rayonunda doğulub, orada boya-başa çatıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub və bu zaman ayağını itirib:

“O vaxtdan protez taxıram. Ağdərədə isə 50 baş inəyim var idi və maldarlıqla məşğul olurdum. Ailəmi elə təsərrüfatla dolandırırdım”.

Hazırda isə hər şeyini itirən Artaşes, ailəsini necə dolandıracağını düşünür:

“Burada heç bir iş yoxdur. Kəndimizə geri qayıtmaq istəyirik. Kənd onillərdir erməni kəndi olub və Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsidir. Ulu babamın məzarı belə həmin kənddədir”.

Arakelyanların yeganə ümidi bir möcüzənin onları kəndlərinə qaytaracağınadır.

“Biz müharibə istəmirik”, – Narine uşaqlarına baxaraq davam edir:

“Onların da bizim kimi yeni bir müharibənin şahidi olmalarını istəmirəm. Ümid edirəm, danışıqlarla nəsə əldə etmək mümkün olacaq”.

Arakelyanlardan fərqli olaraq digər minlərlə ailəyə otellər, məktəb və bağçalar sığınacaq üçün öz qapılarını açıblar.

Gülnarə Stepanyan
Gülnarə Stepanyan


“İkinci dəfədir evimi itirirəm”

Gülnarə Stepanyan isə Hadrutdandır (Ağoğlan). O, ailəsi ilə birgə ötən ilin oktyabr ayından Ermənistanın Arşalus kəndində yerləşən bağçada məskunlaşıb. Onlar azərbaycanlı əsgərlər Hadruta daxil olarkən yaşadıqları Tumi kəndini tərk ediblər:

“Bununla ikinci dəfədir ki, mən evimi itirirəm. İlk dəfə 1992-ci ildə evimizi itirdik və Martakertdən (Ağdərə) çıxmalı olduq. Valideynlərim Hadrutdan olduğuna görə biz də orada məskunlaşdıq”.

Gülnarə hazırda uşaq bağçasında oğlu, gəlini və beş nəvəsi ilə birgə yaşayır.

Ermənistan hökuməti və bəzi fondlar köçkün düşmüş ailələri yemək və bəzi zəruri əşyalarla təmin edib. Ancaq verilən yardımlar, yerləşdikləri sığınacaqlar onlara evlərinin yerini vermir:

“Nə qədər biz belə yaşayacağıq?” – deyə, Anuş Stepanyan (Gülnarənin gəlini) sual edir. Onun iki qızı müharibə başlamazdan öncə, avqustda doğulub. Anuş öz uşaqlığı və övladlarının yaşadıqları ilə bağlı paralellər taparaq xatirələrini bölüşür:

“90-larda anam məni götürüb Mardakerti (Ağdərə) tərk edərkən bir aylıq olmuşam. Tarix yenə təkrarlanır – mən də qızlarımı götürüb Hadrutdan çıxarkən onlar da bir aylıq idilər”.

Gülnarə Stepanyan ərzaq paketini gözləyir
Gülnarə Stepanyan ərzaq paketini gözləyir
Bəzi fondlar qaçqın ailələrini ərzaq və digər zəruri olan məhsullarla təmin edirlər
Bəzi fondlar qaçqın ailələrini ərzaq və digər zəruri olan məhsullarla təmin edirlər
Bəzi fondlar qaçqın ailələrini ərzaq və digər zəruri olan məhsullarla təmin edirlər
Bəzi fondlar qaçqın ailələrini ərzaq və digər zəruri olan məhsullarla təmin edirlər

Ailənin gəlir mənbəyi Hadrutdakı torpaq sahəsi və inəkləri olub. Həyatlarının bundan sonra necə olacağı onlara məlum deyil:

“Bizə etdiklərindən sonra azərbaycanlılarla birgə yaşaya da bilmərik. Mümkün deyil”, – Gülnarə, iki millət arasında münasibətlər gərginləşənədək azərbaycanlılarla birgə yaşamasına baxmayaraq, belə düşünür. O, həm də bir zamanlar hər iki xalqın yanbayan adi həyatlarını birgə yaşadığını da xatırlayır:

“Bu qədər ölüm-itimdən sonra hər şey fərqlidir”, – Gülnarə qeyd edir.

Gümri şəhərində yerləşən 2 saylı Gümrü orta məktəbi də Qarabağdan gələn köçkünlər üçün sığınacağa çevrilib. Oktyabrın 2-dən bu məktəb 300 nəfərə qapılarını açıb. Hazırda isə burada yalnız 12 ailə, 48 nəfər qalıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Gümri orta məktəbinin dəhlizi
Gümri orta məktəbinin dəhlizi
2 saylı Gümri orta məktəbi
2 saylı Gümri orta məktəbi


44 günlük hərbi əməliyyat daha nələrə səbəb oldu?

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi. Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.


Müharibənin nəticələri – 6 mindən artıq itki

Yanvarın 11-dək Azərbaycan tərəf müharibədə həlak olan 2841 hərbi qulluqçusunun dəfn edildiyini açıqlayıb. Eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib. Ancaq bu günədək müharibədə nə qədər hərbçinin əlillik qazanması ilə bağlı rəsmi açıqlama olmayıb.

Azərbaycan tərəf 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakininin öldüyünü, 400-dək insanın yaralandığını, 40 mindən çox insanın köçkün düşdüyünü bildirib.

Baş Prokurorluğun isə mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında deyilir ki, müharibə zamanı Azərbaycan tərəfində 4186 ev yararsız hala düşüb. Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.

Dağlıq Qarabağdakı eskalasiyada Ermənistanın 3360 hərbi qulluqçusu həlak olub.

Ermənistan Səhiyyə Nazirliyi bildirir ki, hələ də kimliyi müəyyən edilməyən yüzlərlə hərbçi var. Müharibədə 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var.

Ancaq müharibədə hər iki tərəfdən təxminən 5600-dən çox adamın öldüyü təxmin

edilir

.

“Human Rights Watch” təşkilatının Dağlıq Qarabağ müharibəsi ilə bağlı yaydığı

hesabatda

deyilir ki, Xankəndində hədəfsiz atılan raket və quru zərbələri mülki strukturlara ziyan vurub. Hazırda əməliyyatlar dayanıb, amma mülki əhali hələ də infrastruktura dəymiş ziyanın əziyyətini çəkir.

Hesabatda deyilir ki, oktyabrın əvvəlinədək Xankəndidə yaşayan 50 mindən çox sakin Gorus və Yerevan şəhərlərinə köç edib.

Tanınmamış Dağlıq Qarabağ Respublikası səlahiyyətlilərinin verdiyi

məlumata

görə, müharibə zamanı və sonrasında Qarabağda yaşayan təxminən 90 min insan evlərini tərk etməli olub. Onların əksəriyyəti məhz müvafiq yaşayış məntəqələri Azərbaycanın nəzarətinə verildikdən sonra evlərini itirənlərdir.

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən açıqlanan məlumata görə, noyabrın 24-dən etibarən 52 278 nəfər erməni Dağlıq Qarabağa geri dönüb.

Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xocavənddən çıxan köçkünlər isə ya tanınmamış "DQR" ərazisindəki və Ermənistandakı qohumları, tanışlarının evlərinə sığınıb, ya da otellərdə, məktəb və bağça binalarında yaşayırlar. Məsələn, Qarabağa ən yaxın olan Ermənistanın Goris şəhərindəki bütün otellər indi qaçqınlarla doludur.


Müharibənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan hökuməti nə edib?

Azərbaycan müharibədə həlak olan hər bir hərbçinin ailəsinə 11 min manat (6475 dollar) məbləğində sığorta ödəyir. Bundan əlavə, Prezident İlham Əliyev müharibə vaxtı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat (3532 dollar), şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat (883 dollar) ödənməlidir. Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat (589 dollar) məbləğində maddi yardım ödəniləcək. Ancaq görünən odur ki, bu yardımlar ünvanına çatmayıb.

Bundan əlavə, Azərbaycan 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin bərpasına 2.2 milyard manat (1,3 milyard

dollar)

ayırıb

.

2020-ci ilin sonunda isə Füzulidən Şuşaya yol çəkilməsinin (Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu) layihələndirilməsi və tikintisinə 50 milyon manat (29,5 milyon dollar) ayrılmışdı.


Ermənistanda müharibənin fəsadlarının aradan qaldırılması

Ermənistan hökuməti Azərbaycanın nəzarətinə keçən bölgələri tərk edən qaçqınlarla bağlı vəziyyəti humanitar fəlakət adlandırıb. Hər köçkünə birdəfəlik 300 min dram (600 dollar) ödəyib. Qarabağda yaşayan ermənilərə isə yanvarın 1-dən kommunal xidmətlərin ödənişsiz olduğu açıqlanıb.

Ermənistan hökuməti Qarabağdan gələn köçkünlərə ev tapmaqda da kömək

edir

. Hər köçkünə aylıq 68 min dram (təxminən 140 dollar) ödənəcək. Ermənistanda öz daşınmaz əmlakı olmayanlar əlavə 15 min AMD əlavə [təxminən 30 dollar] alırlar.

Eyni zamanda, Ermənistan hökuməti köçkünlər üçün ikinci dövlət dəstəyi proqramı da hazırlayıb. Proqram çərçivəsində atəş nəticəsində evlərini itirmiş və ya evləri Azərbaycana təhvil verilmiş ərazilərin sakinlərinə 250 min dram (500 dollar) və 300 min dram (600 dollar) ödənəcək.

Ermənistan hökuməti döyüşlərdə həyatını itirmiş hərbçilərin ailələrinə isə 10 min dollar sığorta ödənməsi nəzərdə tutulub. Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan döyüşlərdə xəsarət alan hərbçilərə də dəstək göstərmək üçün dövlət proqramlarının nəzərdə tutulduğunu açıqlayıb. Həmin proqram vasitəsilə ehtiyacı olanların müalicəsi, protezlərin alınması və s. nəzərdə tutulub.

Hökumətlər müharibənin izlərini silmək, zərər görümş əhalinin durumunu düzəltmək üçün müəyyən yardım kampaniyaları həyata keçirdikləri ilə bağlı açıqlamalar veriblər. Görünən odur ki, bu tədbirlər müharibədən sonra həyatı tamamilə dəyişən insanlara tam kömək ola bilməyib.

Qeyd: Bu məqalə Meydan TV-nin "Bölgədə müharibədən sonrakı toparlanma" layihəsi əsasında hazırlanıb.

Ana səhifəXəbərlərMüharibədən sonra: Həyata yenidən başlayanlar