Müharibə veteranı: Vətənə canımız qurban, amma bundan sonra da yaşamalıyıq axı

Şikayətçi deyir ki, iş də tapa bilmir ki, barı problemlərini, müalicəsini özü etdirsin

Source: Meydan.TV


İki müharibə iştirakçısı işsizlikdən, əlillik dərəcəsi ala bilməməsindən şikayətçidir

55 yaşlı Əhmədalı Abdulayev həm Birinci, həm də İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Əslən Füzulinin Xələfşə kəndindən olan müharibə veteranı Meydan TV ilə müharibə xatirələrini bölüşüb, iki müharibənin fərqlərindən, oxşar cəhətlərindən danışıb.

Birinci Qarabağ Müharibəsində illərlə, ikinci müharibədə isə 42 gün döyüşən Əhmədalı Abdullayev hazırda İmişlinin Bəhrəmtəpə qəsəbəsindəki köçkünlər üçün salınmış şəhərcikdə yaşayır.

Deyir, yaşına aldanmasın heç kim, ikinci müharibədə də ən azı birincidə olduğu qədər can qoyub:

“Sadəcə bir fərq var. Birincidə məğlubiyyətin verdiyi travmaları, ağrıları budəfəki müharibədə unutdum. Uzun illər müalicə olunmuşdum, gördüklərimi unutmaq asan olmamışdı. Bu dəfə həmin günləri təkrar yaşadım, xatırladım, amma sonu əvvəlki kimi bitmədi. Biz Şuşanı, Füzulini, Cəbrayılı və digər rayonlarımızı azad etdik”.

Əhmədalı Abdullayev deyir ki, sentyabrın 27-də müharibənin başlandığını eşidən kimi bir qrup keçmiş döyüşçü dostları ilə birgə Prezident İham Əliyevə müharibəyə könüllü qatılmaq üçün müraciət ediblər. Çox keçməyib ki, “hə” cavabı alıb, sentyabrın 29-da Füzulinin haramı düzü istiqamətindən döyüşə qatılıblar.

Müharibə veteranı bildirir ki, indiki müharibənin əvvəlkindən bir fərqi də geyim, yemək dərdlərinin olmaması imiş:

“Həm də çox yaxşı texnikalarımız var idi. Əvvəlki müharibədə krossovka, cins şalvarda döyüşür, günlərlə isti yemək üzünə həsrət qalırdıq. Sağ olsun Azərbaycan xalqı ki, bu dəfəki müharibədə əsgərlərin korluq çəkməsinə imkan vermədi. İnanın, səngərdə, güllələrin göydə uçuşduğu hissələrdə dolma, aş, bozbaş, balıq – hər cür nemətdən yeyir, içirdik. Siqaret, su, şokolad, nə bilim, paxlava, şəkərbura, hər şey var idi. Hələ uşaqların yazdıqları məktublara baxanda əsgərlərdə ruh yüksəkliyi yaranırdı. Elə biz də əsgərlərə mənəvi dəstək olurduq. Çoxu ilk dəfə idi güllə səsi eşidirdi. 18-19 yaşında uşaqlardır. Bizim kimi təcrübələri yox idi. Onlar bizim arxayınlığımızdan, rahat hərəkətlərimizdən sakitlik tapırdılar”.

“Birinci müharibədə torpaqlarımız işğal olmuşdu. Bu, bizim içimizdə qübar idi. İkincidə həmin əraziləri işğaldan azad etmək psixologiyamı xeyli düzəltdi”, – veteran danışır.

image00282.jpeg
Arayış

Əhmədalı Abdullayev deyir ki, təəssüf müharibə bitəndən sonra eyni ruh yüksəkliyində qalmayıb. Həm birinci müharibədə, həm də bu dəfə yaralanıb, kəllə-beyin travması alıb:

“Birincidə bərpa olunmaq asan idi, cavandım. Bu dəfə eyni olmadı. Oktyabrın 12-də ağır yaralandım. Məni xəstəxanaya çatdırdılar. Sənədimdə də yazılıb ki, döyüş tapşırığını yerinə yetirərkən kəllə-beyin travması almışam. Eyni zamanda, böyrəklərimdə ciddi problem var. Həm də ürəyim pis durumdadır. Hərbi Hospitalın həkimi “əməliyyat olunmalısan, ürəyə gedən damarlar tıxanıb”, – dedi. Ancaq mənim bunu etməyə gücüm yoxdur. Aldığım ayda 80 manat veteranlıqdır, vəssəlam. Hələ yaxşı ki, ailə qurmamışam, yoxsa, mənə lap çətin olardı. Bir sözlə, budəfəki müharibə səhhətimi alt-üst etdi. Bütün həkimlər deyir ki, mənə bu vəziyyətdə əlillik dərəcəsi düşür. Ancaq normal yoxlayıb, bunu təyin edən yoxdur”.

Şikayətçi deyir ki, iş də tapa bilmir ki, barı problemlərini, müalicəsini özü etdirsin:

“Hara gedirəm deyirlər, “35-dən yuxarı yaşı olanlara işimiz yoxdur”. Mən də bu qədər problemlə nə edim? İş yox, pensiya yaşına hələ çox var, belə davam etsəm, o yaşı qəbirdə keçirəcəyəm. Əlillik dərəcəsi də təyin etmirlər, indi mən nə edim?”

Əhmədalı Abdullayev oktyabrın 12-də yaralanandan sonra bir müddət hospitalda yatıb. Ancaq özünə gələn kimi yenidən döyüşə qayıdıb və müharibə bitənəcən qulluq edib. Deyir, ciddi problemlərindən biri də yuxu ilə bağlıdır. Yata bilmir:

“Yuxularım qaçıb, əsəblərim gəgindir. Yenə olsa, müharibəyə yenə gedərəm, bunu heç kimin başına qaxmıram, vətənimdir, sevirəm. Amma nolar, bir hörmət qoysunlar. Mən bu travmaları evdə almamışam. Sənəddən də göründüyü kimi döyüş tapşırığını yerinə yetirdiyim zaman olub. Vətənə canımız qurban, amma bundan sonra da yaşamalıyıq axı. Onu necə edək? Çox yox, azcana hörmət qoysunlar, nə olar. Vallah, ölümə getmişdim, vecimə deyildi. Amma sağ gəlmişik. Belə olanda da haqq-ədalətsiz davrananda, adamı saymayanda necə olarsan? Çox istəyərəm ki, bizi saysınlar, hörmət etsinlər. Yoxlasınlar, baxsınlar ki, hansı qrup əlillik düşür”.

Əhmədalı Abdullayev sonuncu müharibədə Füzuli, Cəbrayıl, Xocəvənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Deyir, heç bir medalla təltif edilməyib:

“Əslində medal ikinci dərəcəli bir şeydir. Hörmət qoysunlar, bəsimdir. Müdafiə Nazirliyinə müraciət edirsən, deyir: “Bizlik deyil, hazırda mülki şəxssən, Səhiyyə Nazirliyinə müraciət et”. Həkimlərin yazdığı imtiyazlı resseptdəki dərmanları belə mənə heç kim pulsuz vermir. Belə olan vəziyyətdə hansı medal, hansı təşəkkürdən danışasan?”

Meydan TV-yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsindən bildirilib ki, Əhmədalı Abdullayevin şikayətini araşdıracaq, problemi ilə bağlı onu müvafiq qurumlara yönləndirəcəklər.

image00284.jpeg
Mərkəzi Hərbi Poliklinika rəisinin tibb hissəsi üzrə müavinin cavab məktubu
Ana səhifəBölgəMüharibə veteranı: Vətənə canımız qurban, amma bundan sonra da yaşamalıyıq axı