Müğənni məhkəmədə deputat ailəsinin 4 milyonluq əmlakından danışdı

Bunlar oturub mənə gələn pulları sayıblar.

Source: google.az


''Hər şey 2013-cü ildə “Susma” mahnısından başladı…''

Bir il əvvəl Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilən keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və daha yeddi nəfərin məhkəməsi davam etdirilib. Budəfəki məhkəmə prosesində əvvəlcə Abdullayevin zavodunda pay sahibi olan səhmdarlar zərərçəkmiş qismində dindirilib. İttihamda yazılıb ki, H.Abdullayev səhmdarların qazancını onlara verməyərək, aldadıb.

Vəzir Rəcəbov bildirib ki, Abdullayevlərə məxsus zavodda səhmləri olsa da, uzun müddət ona düşən payı almadığı üçün zərərçəkmiş qismində tanınıb. Amma o deyir ki, pulunu özü almayıb, çünki unudub. Ona görə də şikayət və tələbi yoxdur: “Məni prokurorluğa çağırıb dedilər ki, divident olub, amma almamısınız. Mən bunu unutmuşdum”.

Bənövşə Şeydayeva ifadəsinə başlayanda belə bir cümlə işlədib: “Bilmirəm ki, zərərçəkənəm, yoxsa xeyir görən”.

Onun sözlərinə görə, prokurorluğa çağırıb səhmlər haqqında soruşublar: “Səhmlər yoldaşımın adına idi. Mən 1997-98-ci ildən sonra zavoddan ayrılmışam, başqa ünvana köçmüşəm”.

Zeynəb Abdullayeva məsələ ilə əlaqədar izahat verərək deyib ki, bəzi səhmdarlar zavoddan uzaqlaşsalar da, onlara dividentlərin verilməsi davam etdirilib: “Bəziləri ünvanı dəyişdi, bəziləri rəhmətə getdi. Amma yenə də dividentlər hesablanırdı. Bənövşə xanım ünvanını dəyişib, ancaq biz bunu bilməmişik. Bütün məktublar onun əvvəlki ünvanına göndərilib”.

Cinayət işinin materiallarına əsasən, Bənövşə Şeydayevaya ödəniləcək məbləğ 542 manatdır. Zeynəb Abdullayeva məhkəmə iclasından dərhal sonra zərərin ödəniləcəyini söyləyib.

B.Şeydayeva da şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmədə daha sonra şahidlər dindirilib. Onların arasında müğənni, Xalq artisti Gülyaz Məmmədova da vardı. O, Hökumət Evinin arxasında 800 kvadratmetrə yaxın obyektin alınması barədə ifadə verib. Müğənni qısa danışıb. Bildirib ki, qohumu olan deputat Cavanşir Feyziyevin istəyilə Üzeyir Hacıbəyov küçəsindəki qeyri-yaşayış sahəsi onun adına alınıb. Həmin obyekt Hüseyn Abdullayevin atası Abdulla Abdullayevin adına olub. İndi o əmlak Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətindədir. Amma Abdullayevlərin əmlakı birbaşa Feyziyevlərə keçməyib. Arada müğənni G.Məmmədova və daha iki nəfər – Sücəddin Kərimov və Yelizaveta Əlizadə olub. Öncə obyekt bu üç nəfərin adına alınıb, sonra Orxan Feyziyevin mülkiyyətinə keçirilib.

G.Məmmədova məhkəmədə onu da bildirib ki, qohumunun xahişilə onun adına alınan obyektin heç harada yerləşdiyini bilmir.

Zeynəb Abdullayeva arayış verib ki, sözügedən əmlak 4 milyona satılmışdı.

Məhkəmədə Z.Abdullayevanın qardaşının oğlu Elnur Bayraməliyev də şahid qismində ifadə verib. Bildirib ki, Z.Abdullayeva Naxçıvanda olan evini ona hədiyyə edib: “Mən də sonra şəxsi problemlərimə görə evi satdım. Məndən prokurorluqda ancaq həmin ev haqqında soruşublar”.

H.Abdullayevin vəkili ona xatırladıb ki, istintaqa ifadəsində Abdullayevlərə məxsus 60-a yaxın mülkün adını, dəqiq ünvanlarını göstərib. E.Bayraməliyev bildirib ki, belə bir ifadə verməyib: “Mən Bakıda bir il qalmamışam. Küçə adlarını bilmirəm, necə deyə bilərəm?”

Bibisi oğlu H.Abdullayev də onun belə bir ifadə verməsinin mümkünsüz olduğunu söyləyib.

“Bunlar oturub mənə gələn pulları sayıblar. Mən 7 yetim saxlamışam, toy eləmişəm, ev almışam. Mənə gələn pullar həmişə xeyriyyə işinə xərclənib. Allah da, ətrafda olan qohumlar da bunu bilir. Bir bunu da araşdıraydılar”, – bunu isə Z.Abdullayeva deyib.

Öncə Hüseyn Abdullayev, daha sonra Zeynəb Abdullayeva ilə işləmiş Azadə Cəfərova da məhkəmədə ifadə verib. Mühasib olduğunu deyən A.Cəfərova uzun illər Hüseyn Abdullayevlə birlikdə çalışdığını deyib: “Mən ali təhsilli mühasibəm. 70 yaşım var. Ancaq bu gün də dolana bilmirəm. 50-60 yaşım olanda da ailəmi dolandırmaq üçün on işin arxasınca qaçırdım. Həyat özü məni mühasib elədi. Sonra Hüseyn müəllim məni yanına çağırdı, iş verdi. Normal maaş almağa başladım. Mühasib kimi, bütün işləri görürdüm. Hüseyn müəllim deputat seçiləndən sonra onu çox az görməyə başladıq. İşləri Hüseyn müəllimin anası Zeynəb xanım idarə etməyə başladı. Bundan sonra bircə iş görüldü – Nəriman Nərimanovun heykəlinin yanında bina inşa edildi”.

H.Abdullayev və anasına həmin binaya görə 1 milyon 800 min manat vergidən yayınma ittihamı verilib. Lakin A.Cəfərova həmin məbləğin artıq ödənildiyini bildirir: “2008-ci ildə bina tam təhvil veriləndən sonra satışa başladıq. O zaman indiki kimi deyildi ki, gəlirə görə vergi ödəyəsən. Həmin ərəfədə mənzilin hər kvadratmetrinə görə vergi alınırdı. Bütün bu ittihamlar 2013-cü ildən sonra ortaya çıxdı. Hər şey “Susma” mahnısından sonra başladı. Zeynəb xanım 1 milyon 800 mini ödədi”.

Şahidin ifadəsində yazılıb ki, həmin binanın tikilməsi, mənzillərin satılması işlərinə H.Abdullayev nəzarət edirdi. Amma məhkəmədə ona həmin ifadəni xatırladanda bildirib ki, elə söz deməyib: “Mən Zeynəb xanımla işləyirdim və pullara o nəzarət edirdi”.

Məhkəmə prosesi davam edir.

H.Abdullayev və anası ilə birlikdə məhkəmə qarşısında dayanan şəxslər arasında Zeynəb Abdullayevanı rüşvət müqabilində bacısının pasportu ilə ölkədən çıxmasına icazə verməkdə təqsirləndirilən sərhədçilər Pərviz Kazımov, Həbib İbrahimov və Zaur Quliyev, Abdullayevlərin qohumu İntiqam Süleymanov, sabiq deputatın anası ölkədən gedərkən onu taksi ilə Balakənə sərhəd-buraxılış məntəqəsinə aparmış taksi sürücüsü Nazim Əliyev və başqaları var.

H.Abdullayev Cinayət Məcəlləsinin 178 (dələduzluq), 182 (hədə-qorxu ilə tələb etmə), 192 ( qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) maddələrilə, anası 312 (rüşvət vermə), 326 (rəsmi sənədləri məhv etmə) və 318-ci (qanunsuz sərhədi keçmə) maddələrilə, sərhədçilər isə 342 (qulluğa səhlənkar yanaşma), 341 (hakimiyyətdən sui-istifadə etmə) və 339-cu (sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

Onların heç biri özünü təqsirli bilmir.

H.Abdullayev də siyasi motivlərlə həbs olunduğunu bildirir.

Ana səhifəXəbərlərMüğənni məhkəmədə deputat ailəsinin 4 milyonluq əmlakından danışdı