Müdafiə Nazirliyi ABŞ səfirliyinin səfir Morninqstar və nazir Səfər Əbiyevlə görüşü ilə bağlı nazirliyi ittiham edən açıqlamaya cavab verib.
Nazirliyin mətbuat xidmətindən bildirilir ki, oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlama verilib: “Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir”.