İsmət Səttarov

Mənbə: google.az

Başlıq: İsmət Səttarov

MTRŞ sədri: Teleradio sahəsi üzrə yeni qanun hazırlanır

“Payızda bir sıra telekanalların gəlirləri azalacaq”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov APA agentliyinə müsahibəsində iqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacağını ehtimal edib.

Onun sözlərinə görə, elə telekanallar var ki, onlara ya dövlət, ya da digər kommersiya qurumlarından dotasiya ayrılır və bu kanalların durumu o qədər də çətin deyil.

“Onların stabil, əvvəlcədən proqnozlaşdırılmış gəliri var. O kanallarla bağlı hər hansı narahatlıq yoxdur. Azərbaycanda bir neçə kanal da var ki, onların gəliri ancaq kommersiya gəlirlərindən asılıdır. Onların əlavə dotasiyası, başqa biznesi, ehtiyatları yoxdur, iqtisadi durumları sırf reklamdan asılıdır. Bu il reklam gəlirlərinin 15-30 faiz aralığında azalması gözlənilir”.

“Sentyabr, oktyabr, noyabr ayları ağır olacaq”

İsmət Səttarov bildirib ki, hələ kommersiya kanalları bunu hiss etməyib.

“Televiziya biznesində işləyənlər bilir ki, adətən reklamdan gəlir 3-4 aydan sonra olur. İndi kommersiya kanallarının reklamla bağlı aldığı vəsaitlər faktiki fevral, mart, hətta yanvar ayında verilmiş reklam hesabına gəlir. Karantin rejimi mart ayından başlayıb və indi kanallar azalmanı kəskin surətdə hiss etməyə başlayırlar. Getdikcə onların gəliri azalacaq. Ən ağır sentyabr, oktyabr, noyabr ayları olacaq. Biz bilmirik ki, karantin müddəti nə qədər çəkəcək. Bütün kanallarda isə adətən sentyabr-oktyabr aylarında yeni televiziya mövsümü başlayır. Vəziyyət lap kritik də deyil, ancaq müəyyən risklər var. Kanalların bağlanmasını deyil, ancaq onların təqdim etdiyi kontentin səviyyəsinin düşəcəyini gözləmək olar”.

MTRŞ

MTRŞ

Mənbə: google.az

Bundan başqa MTRŞ sədri bildirib ki, “Audiovizual yayım haqqında” qanun layihəsi üzərində işləyirlər və Milli Məclis, digər sektorlarda bununla bağlı müzakirələr olacaq.

Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən internet televiziyalar var və onlar hər hansı kabel və ya İPTV şəbəkəsində yayımlanmaq istəsə, mövcud qanunvericilik buna imkan vermir.

“Yeni qanuna əsasən isə həmin kanal kabel şəbəkəsinə qoşulmaq istəyirsə, MTRŞ-ya müraciət edəcək, lisenziya (və ya icazə) alacaq və istənilən operatorla müqavilə bağlayacaq. Ümumrespublika kanalı kimi fəaliyyət göstərmək istədikdə isə, müsabiqədə iştirak edə bilər”.

“Şərait dövlətin telekanallara yardım etməsini gündəmə gətirir”

Telejurnalist Qulu Məhərrəmli Meydan TV-ə verdiyi şərhdə indiki karantin şəraitində İctimai və dövlət televziyasından fərqli olaraq özəl kanalların ağır şəraitdə olacağını təsdiqləyib:

“Məsələ ondadır ki, Az.tv və İctimai Televiziya dövlət tərəfindən maliyyələşdiyindən onların elə bir ciddi problemi yoxdur. Məlumatıma görə digər telekanallar da müəyyən qurumlardan pul alırlar. Bir qismi isə reklamdan gəlirlər əldə edirlər. Reklamdan gəlir əldə edən telekanalların müəyyən iqtisadi problemi olması mümkündür. Amma hələlik reklam bazarında ciddi enmə yoxdur, əvvəlki səviyyədə reklamlar yayımlanır, cüzi azalma var”.

Qulu Məhərrəmli

Qulu Məhərrəmli

Mənbə: Meydan TV

Ancaq Qulu Məhərrəmli də güman edir ki, payız aylarında həmin telekanallar problem yaşayacaq.

“Çünki birinci rübdə ayrılan reklamlar telekanallarda yayımlanır, yarım illik reklam büdcəsi xərclənib. Amma ilin sonuna yaxın reklam büdcəsində kəsirlər və dayanmalar olduğuna görə özəl kanallarda müəyyən problemlər ortaya çıxacaq. Şəraitin ekstrimal olması dövləin həmin kanallara yardım etməsini gündəmə gətirir. Yəni bu, karantinin şərtidir”.

Qulu Məhərrəmli MTRŞ sədrinin lisenziyalaşmada liberal addımların atılması barədə dediklərinə münasibət bildirərək, qeyd edib ki, lisenziya şərtlərinin yumşaldılması ola bilər.

“Tutaq ki, investisiya qoyuluşu, müəyyən rəqəmlərdə güzəştlər olsun. Ümumiyyətlə, lisenziyanın verilməsi birbaşa dövlət siyasətidir və bu siyasətdə ciddi dəyişikliyin əlamətlərini görmürəm” .

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9lfxqs

Ən çox baxılan