”MTK evimi sökəndə Səttar Bəhlulzadənin çəkdiyi rəsm əsəri də oğurlanıb”


Evi sökülən sakinlər “Fortis-Bayıl” MTK-dan şikayətçidir

Bakı Baş Polis İdarəsi (BBPİ) Səbail rayonu, Qurban Abbasov küçəsi 27 ünvanda yaşayan sakinlərin “Fortis-Bayıl” MTK-dan şikayətinə baxıb. Sakinlər mənzillərinin sözügedən şirkət tərəfindən dağıdılmasından şikayətçidir.

BBPİ-nin şikayətçilərə cavab məktubunda deyilir ki, Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarına əsasən icra hakimiyyəti bu ilin martın 28-də “Fortis-Bayıl” MTK-yə binanın əhatəsində abadlıq və quruculuq işlərinin həyata keçirilməsini həvalə edib:

“Aparılan araşdırma zamanı “Fortis-Bayıl” MTK-nın rəhbərliyi tərəfindən mənzillərin sökülməsi nəticəsində sizə dəymiş ziyanın ödənilməsi barədə müraciətdə göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edilib. Mülki mübahisəli məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnuzun olması nəzərinizə çatdırılır”.

Arxiv foto
Arxiv foto

Sakinlərin müdafiəçisi vəkil Fuad Ağayev cinayət işinin başlanılması və ya ondan imtina haqqında qərarın olmamasına diqqət çəkir: “Cinayət-Prosessual Məcəllənin bu idarəyə aidiyyəti yoxdur?”

Sakinlər Violetta Mir-Bağırova, Ülviyyə Şərifzadə və Yelena Məmmədova Meydan TV-yə deyiblər ki, “Fortis-Bayıl” MTK Səbail Rayon Məhkəməsinin 5 aprel 2017-ci il qərarını da yerinə yetirməyib:

“Məhkəmə Cinayət Prosesual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini əsas tutaraq rayon polis idarəsinin müstəntiqi, kapitan Anar Miralıyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 dekabr 2016-cı il qərarını ləğv edib. Eyni zamanda, zəruri tədbirlərin görülməsi üçün materialların rayon prokurorluğuna göndərilməsinin vacibliyini qeyd edib. Qərarda Konstitusiyanın 71-ci maddəsinin I hissəsi əsas götürülərək bildirilib ki, insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz”.

Arxiv foto
Arxiv foto

Sakinlər iyulun 1-də Baş prokuror Zakir Qaralova da müraciət ediblər.

Müraciətdə bildirilib ki, rayon məhkəməsinin 2(009)-4341/2016 saylı, 12.082016-cı il tarixli qərardadı ilə Q.Abbasov küçəsi ev 27 ünvanda yerləşən mənzillərin sökülməsi “Fortis-Bayıl” MTK-yə qadağan edilsə də, şirkət məhkəmə qərardadını saymayıb və 13.08.2016-cı il tarixində gecə saatlarında binanı söküb. Eyni zamanda, binanın qəzalı olması haqda heç bir rəy olmadan bu qanunsuzluq gerçəkləşib:

“Söküntü zamanı dəyəri 141300 manat olan mənzil sökülüb, ev əşyalarımız bayıra atılıb, bir qismi isə məhv edilib. O cümlədən, xalq rəssamı Səttar Bəhlulzadə tərəfindən çəkilmiş rəsm əsəri oğurlanıb. Hazırda yaşadığımız mənzildən məhrum olmuşuq, stress və gərginlik içində kirayə mənzildə yaşayırıq”.

Sakinlər müraciətlərində “Fortis-Bayıl” MTK-nin Konstitusiyanın 13, 29 və 43, Mülki Məcəllənin 152 və 203.4-ci maddələrində, habelə “İnsan hüquqlarının və və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun birinci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun pozulduğunu bəyan ediblər.

Arxiv foto
Arxiv foto

Eyni zamanda, qeyd olunur ki, “Fortis-Bayıl” MTK təsis edildiyi tarixdən 3 gün sonra, 21.03. 2016-cı ildə tenderdə iştirak etmək üçün rayon icra hakimiyyətinə müraciət edib:

“Halbuki, AR NK-nin 24.12.2015-ci il tarixli 402 saylı qərarına əsasən, 21.03.2016-cı il tarixi qeyri-iş günüdür. Şirkət icra hakimiyyətinə müraciət edəndən 7 gün sonra tenderin qalibi olub və icra hakimiyyəti kooperativə yaşayış tikintisinə dair sərəncam verib. Ancaq “Fortis-Bayıl” MTK-nın tikinti sektorunda heç bir təcrübəsi olmayıb. Tenderin nəticələrini icra hakimiyyətindən dəfələrlə istəsək də, müxtəlif bəhanələrlə müraciətimizi cavabsız qoyublar. Ən əsası, İqtisadiyyat Nazirliyinin 25.07.2016-cı il tarixli İN-X/0-8884/2016 saylı arayışına əsasən, “Fortis-Bayıl” MTK-nin tikinti üçün lisenziyası olmayıb”.

Müraciətdə “Fortis-Bayıl” MTK-nin təsisçiləri kimi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İlqar Mahmudovun, Bakı Şəhər İcra HaKimiyyətinin birinci müavini Eldar Əzizovun və Hüseyn Hacıyevin adı çəkilir:

“Bu işlərə Eldar Əzizov vəzifə sahibi kimi himayədarlıq edir, İlqar Mahmudov milyonları ilə layihə maliyyələşdirir, Hüseyn Hacıyev isə tikinti aparılan ərazidə sakinləri aldatmaq funksiyasını yerinə yetirir”.

Adıçəkilən şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb. İnternet axtarış sistemində isə Fortis-Bayıl” MTK-nın təsisçilərinin kimliyi barədə məlumat yoxdur. Şirkətdən isə bu barədə danışmaq istəməyiblər.

Vəkil Fuad Ağayev “Fortis-Bayıl” MTK-nin qanunsuzluqları haqda Avropa İnsan Haqları Məhkəməsinə bir şikayət göndərildiyini, ikincisinin isə hazırlandığını bildirib.

Ana səhifəVideo”MTK evimi sökəndə Səttar Bəhlulzadənin çəkdiyi rəsm əsəri də oğurlanıb”