Bu dəqiqələrdə Binəqədi məhkəməsində hakim Taleh Kərimovun sədrliyi ilə Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlıya qarşı İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə açılmış işə baxılır. Meydan TV-yə müsahibəsində Gülağa Aslanlı bildirdi ki, bu iş ona qarşı MSK-nın sifarişi əsasında başladılıb. Belə ki, o Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olaraq, əsasən MSK ilə bağlı məsələlər üzrə görəvlidir. O bir gün əvvəl MSK-ya seçkilər zamanı qeydə alınmış çox saylı pozuntuları özündə əks elətdirən akt və protokolların surətini MSK-ya təqdim edərək bununla bağlı şikayət edib. MSK-dan ona həmin sənədlərin əslini təqdim etmək istənilib. Bu şikayətlərlə bağlı MSK-da 13 oktyabr saat 11.00-da iclas keçirilib.
Lakin iclasdan 1 saat əvvəl Gülağa Aslanlı mülki geyimli şəxslər tərəfindən saxlanaraq polis bölməsinə aparılıb. Burada ona bildirilib ki, ona qarşı qonşulardan şikayət daxil olub. Guya o zibil atarkən zibili kiminsə üstünə atıb və həmin adamı təhqir edib. Beləliklə G. Aslanlı MSK-nın şikayətlərlə bağlı iclasında iştirak edə bilməyib. MSK-nın sədri Məzahir Pənahlı isə bildirib ki, Gülağa Aslanlı öz şikayəti əsasında MSK-da keçirilən iclasda iştirak etməkdən imtina edib.
Gülağa Aslanlının Meydan TV-yə bildirdiyinə görə bu məhkəmə işi MSK-nın məsələdən yayınma cəhdidir, lakin bu prosses davam edəcək, MSK-nın qərarından appelyasiya şikayəti veriləcək.