MSDM: Moskva görüşündə hər üç tərəf bəyan etmədikləri hədəflərinə çatdı

MSDM Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edən problemlərin hələ də qaldığını bildiri

Source: Facebook


"Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edən problemlər hələ də qalır"

"11 yanvar Moskva görüşündə heç bir tərəf özünün bəyan etdiyi əsas məqsədinə çatmadı. Hər üç tərəfin maraqlarına cavab verə biləcək bircə məsələ vardı: kommunikasiyaların açılması".

Bu açıqlama Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) yanvarın 13-də yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir ki, 11 yanvarda Rusiya "sülhməramlılar"ın statusunda irəliləyiş əldə edə bilməyib: “Ermənistanın bu mövzuda Moskvaya tam loyal olduğunu nəzərə alsaq, bunun qarşısını alan tərəfin Azərbaycan olduğu aydınlaşır. Ermənistan əsirlərin dəyişməsi məsələsində təkidli olsa da, irəliləyiş əldə edə bilmədi. Rusiyanın bu məsələdə İrəvana tam dəstəyi sirr olmadığı üçün Azərbaycanın öz şərtlərini irəli sürdüyünü ehtimal etməyə əsas var. Azərbaycan Qarabağın dağlıq hissəsində suverenlik istiqamətində heç bir irəliləyiş əldə edə bilmədi. Bu məsələdə digər iki tərəfin hər ikisinin (Ermənistanın açıq, Rusiyanın susqun) Bakıya əks-mövqedə olduqlarını söyləyə bilərik. Hər üç tərəfin maraqlarına cavab verə biləcək bircə məsələ vardı: kommunikasiyaların açılması. Bu məsələdə şərti irəliləyiş oldu. İşçi qruplar, ekspert qrupları, komissiyalar və sairənin yaradılması haqda qərar onu göstərir ki, bu mövzunun yaxın müddətdə həll edilməsi asan olmayacaq. Kommunikasiyalar məsələsində hər tərəfin öz prioritetləri var, hər prioritetə qarşı digər ən azı bir tərəfin şərtləri var”.

Milli Strateji Düşüncə Mərkəzi hesab edir ki, 11 yanvarda hər üç tərəf bəyan etmədikləri hədəflərinə çatıb: “Vladimir Putin Qarabağ məsələsində əsas söz sahibi olmaq iddiasını tərəflərə və bütün dünyaya nümayiş etdirdi. Nikol Paşinyan "xain olmadığını" erməni cəmiyyətinə nümayiş etdirdi. İlham Əliyev suverenlik istiqamətində irəliləyiş olmadan "sülhməramlılar"la bağlı güzəştə getmək niyyətində olmadığını Azərbaycan ictimaiyyətinə nümayiş etdirdi”.

MSDM Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edən problemlərin hələ də qaldığını bildirib: “Rusiya hərbçiləri "sülhməramlı" adı altında beynəlxalq hüquqa, Konstitusiyaya və hətta 10 noyabr üçlü gecə razılaşmasının müvafiq müddəalarına zidd olaraq Azərbaycana müdaxilə edib. Qarabağın dağlıq hissəsində dövlət suverenliyinin faktiki olaraq Rusiyanın inhisarına keçib. Azərbaycan əhalisinin Xankəndiyə və işğalda qalan digər ərazilərimizə qayıtması ilə bağlı addım atılmır və hətta bu məsələ müzakirə olunmur".

"Bütövlükdə görünən budur ki, 1994-cü il Bişkek atəşkəs razılaşmasından sonra 26 il davam edən, konfliktin həll edilməsinə deyil, idarə edilməsinə yönəlmiş danışıqların imitasiyası mərhələsinin yenidən başlaması təhlükəsi var”, – MSDM qeyd edib.

MSDM bəyan edir ki, bu təhlükənin qarşısının alınmasının, on illərlə sürən imitasion deyil, gerçək və səmərəli danışıqların aparılmasının bir yolu var: “Danışıqlar vasitəçilər olmadan, Ermənistan və Azərbaycan arasında ikitərəfli və birbaşa aparılmalıdır”.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayılıb.

Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq. İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcəkdir.

Ana səhifəSiyasətMSDM: Moskva görüşündə hər üç tərəf bəyan etmədikləri hədəflərinə çatdı