Mənbə: Meydan Tv

Misir və İsrail 1973-cü il müharibəsi ərəfəsində

Misirdən sovet hərbçilərinin qovulmasından sonra müharibənin başlamayacağı qənaəti daha da gücləndi

1967-ci ildə baş verən Altıgünlük müharibə çox şeyi, o cümlədən tərəflərin əhvalını dəyişdi. İndi ərəblər, xüsusən də Misir gələcək müharibəyə daha ciddi hazırlaşır, əvvəllər buraxdıqları nöqsanları aradan qaldırmağa çalışırdılar. İsraillilər isə əksinə, məsuliyyətsiz yanaşdıqların söyləmək olmasa da, qazandıqları asan qələbə onların davranışına təsir etmiş, ərəblərə saymazyana münasibətlərinə səbəb olmuşdu.

***

Ərəb koalisiyası Altıgünlük müharibədə dəhşətli texnika itkilərinə məruz qalmışdı. 900-dən çox tank, 452 hərbi təyyarə, yüzlərlə avtomobil, artilleriya və başqa silahlar itirilmişdi. Amma SSRİ dərhal bu itkilərin yerini doldurmağa başladı. Atəşkəsdən cəmi dörd gün sonra Misirə 10 ədəd Tu-16 bombardmançı təyyarələri göndərildi. Oktyabrda 210 ədəd müxtəlif modelli qırıcı və 20 ədəd İl-28 bombardmançı təyyarələr göndərildi. Bundan əlavə, ölkədə yüzlərlə sovet hərbi müşaviri fəaliyyət göstərirdi.

Amma Misir prezident Camal Əbdül Nasir SSRİ-dən təkcə texnika və müşavir deyil, həm də hərbi hissələrin göndərilməsini istəyirdi. Moskva bu istəyə müsbət yanaşdı və yeni hərbi hissələr – 18-ci xüsusi zenit-raket diviziyası, 135-ci qırıcı aviasiya alayı və 35-ci əlahiddə qırıcı aviasiya eskadrilyası – yaradılaraq məxfi “Qafqaz” əməliyyatı çərçivəsində 1970-ci ilin martında Misirə göndərildi.

Əməliyyatın gizliliyini qorumaq üçün müxtəlif tədbirlər görüldü. Sovet hərbçiləri Qara dəniz limanında gəmiyə minərkən mülki formada idilər. Misirə çatanda yerli ordunun formasını geyindilər. Hərbi texnikanın gəmilərə yüklənməsi və boşaldılması, dislokasiya yerinə hərəkəti yalnız gecələr həyata keçirilirdi. Buna baxmayaraq, bir neçə gün sonra İsrail radiosu “Misirdəki rus hərbçiləri üçün” rus dilində verilişə başladı. Məlum oldu ki, baş verənlər Mossadın gözündən yayınmayıb.

Qoşun və texnika göndərməkdən başqa SSRİ Misirə hərbi kadrların yetişdirilməsində də kömək edirdi. Misirli zabitlər sovet hərbi məktəblərində və akademiyalarında təhsil alırdılar.

Altıgünlük müharibədən sonra Nasir İsraillə “tükəndirmə müharibəsi” aparmağa üstünlük verirdi. Sinay yarımadasındakı İsrail mövqeləri daim artilleriya və aviasiya zərbələrinə, diversiya hücumlarına məruz qalırdı. Ümid edilirdi ki, insan və iqtisadi resurslarının çox olmadığı, üstəlik ictimai rəyin itkilərə həssas olduğu İsrail bu taktika sayəsində daha üzüyola olacaq. 1967-ci ilin iyulundan başlayan bu müharibəyə sovet müşavirləri, sonra da sovet zenitçiləri və pilotları cəlb olundular.

Tükəndirmə müharibəsinin qurtarması da elə sovet hərbçiləri ilə bağlı oldu. 1970-ci il iyulun 30-da İsrail aviasiyası pusqu quraraq sovet təyyarələrini döyüşə cəlb etdi. 16 İsrail təyyarəsinə qarşı 24 sovet təyyarəsi havaya qalxsa da, döyüş birincilərin qələbəsi ilə yekunlaşdı. Beş sovet təyyarəsi vuruldu, üç pilot həlak oldu. İsrailin bir təyyarəsi vurulsa da, pilot onu aerodroma çatdıra bildi.

Həmin döyüşdən sonra sovet rəhbərliyi Misir hakimiyyətini xəbərdar etdi ki, bundan sonra hərbi əməliyyatlara fəal qoşulmaq niyyətində deyillər. Bu da Nasiri tükəndirmə müharibəsindən əl çəkməyə vadar etdi. Avqustun 7-də atəşkəs imzalandı. Sentyabrın 28-də isə Nasir ürək tutmasından vəfat etdi.

***

Misirin yeni prezidenti Ənvər Sadat 1970-ci ilin dekabrında “New York Times” qəzetinə verdiyi müsahibədə Təl-Əvivin Altıgünlük müharibədə işğal etdiyi Sinay yarımadasını Misirə qaytaracağı halda BMT-nin 1967-ci il noyabrın 22-də qəbul edilən 242 saylı qətnaməsini qəbul edəcəyini, başqa sözlə, İsrailin mövcudluğunu tanıyacağını bildirdi. Belə bir addım ərəb ölkələri arasında bir ilk olacaqdı.

BMT Baş katibinin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi nümayəndəsi, isveçli diplomat Qunnar Yarrinqin hazırladığı planı da Qahirə əsasən qəbul etdi. Amma Qolda Meirin rəhbərlik etdiyi İsrail hökuməti Altıgünlük müharibədən əvvəlki sərhədlərə qayıtmaqdan imtina etdi.

Təl-Əvivin bu addımı amerikalılar tərəfindən də narazılıqla qarşılandı. Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Cozef Sisko Vaşinqtondakı yəhudi səfir İshak Rabinə bildirdi ki, “İsrail yaranışından bəri ilk dəfə ərəb ölkəsi ilə sülh bağlamaq imkanını qaçırdığı üçün məsuliyyət daşıyacaq”.

Yarrinqin vasitəçiliyi, eləcə də ABŞ-ın o zamankı dövlət katibi Uilyam Rocerin bir neçə planı uğursuz olandan sonra Ənvər Sadat qərara gəldi ki, işğal altında olan torpaqların, yəni Sinay yarımadasının dinc yolla qaytarılması mümkün deyil və yeni müharibə qaçılmazdır. Bununla da Misir növbəti müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.

Maraqlıdır ki, Misirin bu istəkləri SSRİ tərəfindən isti qarşılanmadı. 1970-ci illərin əvvəllərində sovet-anerika münasibətlərində yumşalma vardı və bu, 1972-ci il mayın 26-da “Strateji silahların məhdudlaşdırılması haqqında” müqavilənin imzalanması ilə nəticələndi. Moskva yeni müharibədə ərəblərin onsuz da qalib gəlməyəcəklərini düşünür və bihudə yerə Vaşinqtonla münasibətləri korlamaq istəmirdi. Buna görə də Sadatın daha çox hərbi yardım barədə istəyini rədd etdi.

Ənvər Sadat öz sələfi Nasirin nə panarabizmini, nə sosializmini, nə də sovetpərəst siyasətini bölüşürdü. Hakimiyyətə gələndən bir il sonra hökuməti qatı nasirçilərdən də təmizləmişdi. Moskvanın belə davranışı isə ona xarici siyasətində dönüş üçün əsas verdi. O, 1972-ci ilin yayında sayı artıq 20 minə çatan sovet hərbçilərinin ölkədən çıxarılmasını istədi və SSRİ ilə az qala müttəfiqlik səviyyəsində olan münasibətləri pozdu. Əlavə edim ki, Altıgünlük müharibədən sonra Misir ABŞ-la da diplomatik münasibətləri kəsmişdi.

1970-ci ildə İsraillə permanent müharibə vəziyyətində olan daha bir ölkədə - Suriyada da hakimiyyət dəyişikliyi baş verdi. Müdafiə naziri Hafiz Əsəd hərbi çevriliş edərək əvvəlcə baş nazir, bir il sonra isə prezident oldu. Əsəd İsrailə münasibətdə əvvəlki iqtidardan daha radikal mövqe tuturdu və Qolan təpələrini qaytarmaq üçün yeni müharibənin qatı tərəfdarı idi.

***

Bu dövrdə İsraildə isə Altıgünlük müharibədən sonra yaranan eyforiya davam etməkdə idi. Onlar Misir və Suriyanın yenidən müharibəyə başlayacağına inanmır, başlayacaqları halda belə, yenə asanlıqla məğlub olacaqlarına əmin idilər. Bir çox tarixçilərin fikrincə, Qolda Meir hökuməti daha rasional siyasət yürütsəydi, növbəti müharibədən qaçmaq olardı.

2003-cü ildə məxfiliyi götürülən sənədlərdən aydın olur ki, İsraildə fikirləşirdilər ki, Sadat İsrail üzərində qəti qələbə çala bilməyəcəyini anlayır və buna görə də Misir müharibəyə başlamayacaqdı. Sadat doğrudan da İsrailə tam qalib gələ bilməyəcəyini anlayırdı. Amma düşünürdü ki, Təl-Əvivi torpaqları qaytarmağa sövq etmək üçün məhdud qələbə də yetərlidir. Bu qələbə ərazi ilə yanaşı Altıgünlük müharibədə itirilən qüruru da qaytarmalı idi. Beləcə, İsrail analitiklərinin dəyərləndirməsi doğru, gəldikləri qənaətləri isə yanlış idi.

Bu qənaətə inam o qədər güclü idi ki, müharibənin başlayacağı haqqında kəşfiyyatın müxtəlif mənbələrədən alınan məlumatlar, o cümlədən Nasirin qızının əri, İsrailin xeyrinə casusluq edən Əşrəf Mərvanın xəbərdarlığı da inadla gözardı edilirdi. Misirdən sovet hərbçilərinin qovulmasından sonra müharibənin başlamayacağı qənaəti daha da gücləndi.

İsrail Süveş kanalının şərq sahilində yaratdığı və 300 milyon dollar xərclədiyi “Bar-Lev xətti” adlı müdafiə istehkamlarına həddən artıq güvənirdi. Kanalın lap sahilində 20-25 metr hündürlükdə, 45-65 dərəcə maililikdə qum divar yaradılmışdı. Kanalı keçib hücum etməzdən əvvəl bu divarı dağıtmaq lazım idi və Tsahalın Baş qərargahında hesab edirdilər ki, bunun üçün misirlilərə 48 saata qədər vaxt lazım olacaq. Həmin müddətdə isə İsrail səfərbərlik edərək qüvvələrini divarın arxasında uzanan mürəkkəb müdafiə qurğularına yetişdirəcəkdi.

Bir sıra hərbçilər, o cümlədən Ariel Şaron müasir müharibədə belə istehkamların etibarsız olduğunu iddia edir, İkinci dünya müharibəsi zamanı Majino istehkamlarının, Eben-Enael fortunun bəslənən ümidləri doğrultmamasını göstərirdilər. Amma Baş qərargah rəisi Haim Bar-Lev bu mübahisədə qalib gəldi. Müdafiə xətti də onun adını daşıyırdı. Növbətin müharibə Şaronun haqlı olduğunu sübut etdi.

İsrailin daha bir yanlışı isə Altıgünlük müharibədə tankların önəmli rol oynamasından sonra piyada qoşunlarının hazırlığına diqqəti azaltması idi. 1973-cü il müharibəsində misirlilərin tanklara qarşı xüsusi taktika hazırlaması üzündən Tsahal xeyli problem yaşadı. Məlum oldu ki, təkcə tanklarla qalib gəlmək qeyri-mümkündür. Müharibədən sonra qoşun növlərinə daha tarazlı münasibət bəslənildi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9rc17y

Ən çox baxılan